Gizli NATO, terror qrupları və üç xüsusi xidmət zabiti

20-12-2016, 09:10   
Gizli NATO, terror qrupları və üç xüsusi xidmət zabiti
Solçu terrordan dinçi terrora qədər uzanan qanlı yol; Klarric-Hiram Abas-Maykl Ledin üçlüyünün dəsti-xətti, təxribat aktları əvvəlcə solçular üzərində sınaqdan çıxarılıb, sonra...

Qədimlərdə terror ünvanlıydı. Dəqiq təyinatlıydı. Yəni terrorçular o vaxtlar dinc sakinlərə qarşı yaylım atəşləri açmır, qumbaralarını, bombalarını küçələrdə, meydanlarda partlatmırdılar. Qısası, 60-90-cı illərin terroru hakim elita nümayəndələrinə qarşıydısa, indiki benladenlər bu vacib vəzifələrindən hər cür yayınır, daha dinc insanlara qarşı terror aktları törədirlər. O zamanın terroru sol məzmunluydu, indiki terror isə guya islam mənşəlidir.

Misal üçün, 1904-cü ildə Rusiya İmperator ailəsi üzvü, böyük knyaz Sergey Aleksandroviç Romanovu qətlə yetirmiş eser terrorçusu İvan Kalayev, namuslu terrorçu imiş. Görəndə ki, knyaz karetada tək deyil, yanındakılar ailə üzvləri, arvadıdır, partlayışı saxlayıbmış sonraya. İvan Kalayev, sonradan bu əsilzadə knyazı atdığı bircə mərmi ilə qətlə yetirir. Ancaq partlayış dalğasını knyaz üzərinə elə ustalıqla göndərir ki, küçədəki təsadüfü insanlar bundan zərər çəkməsin.

Sol terrorçular, bəli, öz amansız qətlləri zamanı humanistliklərini bir saniyə olsun belə unutmayıblar. İndiki terrorçular kimi küçələrdə ağına-bozuna baxmadan kütləvi terror aktları törətməyiblər heç vaxt. Yaxşı, nəyə görə müasir terror, öz ənənəvi yüksək amallarını itirib, çevrildi adi qaniçənliyə, vəhşiliyə? Kim etdi, hansı qüvvə törətdi bu transformasiyanı?
Səsləndirdiyim suallar heç də cavabsız deyil siz düşündüyünüz kimi. Yox, bu sualların cavabı var. Özü də həmin cavabın müəllifləri, adətən axır-axırda bir məxfi adamın, bir xortdanın adını çəkərlər. Dillərinin ucunda “Maykl Ledin” deyə kəkələyib sonra bu adı Ben Laden şəklində aydın tələffüz edərlər.

Elə isə biz də qoy düşək bu müəmmanın izinə. Görək kimdi, hansı yuvanın, üzr istəyirəm hansı kəşfiyyat qurumunun üzvü, məxfi əməkdaşıdır zəmanəmizin bu müasir agent 007-si.

***

On-on beş il əvvəl İsveçrədə Daniel Hanser adlı bir konspiroloq “NATO-nun məxfi ordusu” kitabını çap edərək aləmi vurur bir-birinə. Əlindəki “Tam məxfi!” qrifli sənədlərə söykənərək sübut edir ki, dünyada bir deyil, iki NATO var. Biri tam açıq fəaliyyət göstərir, digəri tam məxfi şəraitdə. Kitabı vərəqlədikcə görürsən ki, bax bu gizli NATO İtaliyada, Türkiyədə əsil “hakimi-mütləq” olub həmişə. Üstəlik, bütün məlum terror aktlarını məhz özü hazırlayıb, ancaq məsuliyyətini həmişə atıb solçuların boynuna. Dünya kommunist hərəkatına qarşı fəaliyyətində heç nədən, ən alçaq təxribatlardan belə çəkinməyib. İtaliyada “Qladio”, Türkiyədə “Kontrogerilia” yaxud “Erqenekon” kimi tanınan bu məxfi qurumların yaranma tarixini izləsən, gedib çıxacaqsan ötən əsrə. 50-ci illərin əvvəlinə.



Casus şəbəkələri adətən bircəsi ilə kifayətlənmir. Türkiyədəki, İtaliyadakı bu cür qoşa, dublikat xarakterli şəbəkələr adətən bir-birilərindən tam xəbərsiz, müstəqil fəaliyyət göstərib bəzən yüz minlərlə agenti öz əhatə dairəsində saxlayırmış. Bu cür qoşa şəbəkələrin Türkiyədəki müəllifi, Daniel Henserə inansaq, İstanbuldakı Amerika agentura rəhbəri Dueyn Klarric idi.



O da tək deyildi. Məşhur MİT-çi Hiram Abbasla qol-qola fəaliyyət göstərən bu cütlüyü, türk solçularının cəlladı, qənimi kimi indi də yaxşı xatırlayırlar Bosfor sahillərində. Cütlüyün öz dəst-xətti varmış - casuslar, əvvəlcə Livandakı Fələstin qaçqın düşərgələrində partlayışlar, qətllər törədərək öz peşələrinə yiyələnər, sonra bu təcrübələrini Türkiyədə solçulara qarşı təkrarlayarmış. Klarric sonralar hara ezam olunubsa, ora heç vaxt Hiram Abassız getməyib. Latın Amerikasında, Nikaraquada, İtaliyada bu cütlüyün adı çəkiləndə çoxları elə indi də qorxudan tük tökür.





Lakin bir adam da olub bu “uzun plaş və xəncər cəngavərləri” sırasında o vaxt. Maykl Ledin kimi tanınan həmin şəxsin qurduğu əməliyyat planları, məxfi taktika və strategiya indi də bəzi gizli qurumlar tərəfindən uğurla həyata keçirilir. “Klarric-Hiram Abas-Maykl Ledin” üçlüyünün dəsti-xətti, təxribat aktları əvvəlcə solçular üzərində sınaqdan çıxarılıb vaxtilə. Öz səmərəliyini göstərdikdən sonra indi yeni düşmənə - islamçılara qarşı növbəti dəfə gündəmə gətirilib. Yaxşı, neyləyib o vaxtlar bu üçlük? Neynəyib ki, adları tarixə düşüb, təcrübələri indi də məxfi qurumların cəbbəxanasında, arsenalında qorunub saxlanılır? Məxfi qurumların akademiyalarında tədris proqramlarına daxil edilib?

***

Üçlüyün əsas hiyləsi bu idi:

1. Əvvəlcə, tam müstəqil idealist bir məxfi qurum, sol təşkilat aşkarlanıb nəzarətə götürülür.

2. Az sonra, təşkilatın idealist rəhbərləri ya öldürülür, yaxud həbsə atılır.

3. Yerlərinə məxfi NATO casusları təyin olunur.

4. Təşkilatın içalatı tam əvəzlənsə də, zahiri atributları - adı, simvolları olduğu kimi qalır. Məzmunu isə, əslində marksizm əleyhinə yönləndirilir.

5. Axırda bu qurum öz həqiqi hədəflərindən uzaqlaşaraq, dönüb olur NATO nəzarətindəki əsl killer klubu.

6. Üzvləri, lazımi tapşırıqları yerinə yetirdikdən sonra axır nəfərinədək öldürülüb qətlə yetirilir.
Həmin taktika və strategiya əvvəlcə İtaliyada özünün tam həllini tapır. Gizli NATO, burda özünə layiq gizli marksist təşkilatı axtara-axtara gəlib çıxır “Qırmızı briqadalar” adlanan məxfi ünvana. Qırmızı briqadaçılar o vaxtlar tam idealist bir təşkilat kimi öz rəhbərlərinin - Renato Kurço, Alberto Françeskini, Mara Kaqolun nəzarəti altında fəaliyyət göstərib, vaxtaşırı xırda-mırda terror aktları törədirdilər bütün Appenin yarımadası ərazisində. ABŞ casusları əvvəlcə təşkilatın birinci nəslini qətlə yetirib, həbsə atırlar. Sonra Korrado Simioni, Silvano Jirotto, nəhayət, Mario Moretti kimi öz casuslarını təşkilatın rəhbərliyinə gətirib ondan öz maraq dairələri çərçivəsində istifadə etməyə hazırlaşırlar. Təşkilatın bir başqa məşhur üzvü - nəşriyyatçı Janjakomo Feltrinelli, xainlərin izinə düşdükdə, NATO casusları özlərini itirmir, bu tanınmış ictimai xadimi öldürmək naminə alçaqlıqdan belə çəkinmirlər. Yazıq Janjakomoya, partlayıcı qurğu ötürüb, deyirlər apar yapışdır bunu Milan ətrafındakı yüksək gərginlik xətlərin üzərinə...

Təşkilatın bir başqa məşhur üzvü - əfsanəvi Mara Kaqol, biləndə ki, əri Renato Kurço qazamatdadı, gecəsini, gündüzünü itirir. Axır, silahdaşlarıyla birgə yadplanetli geyimində qazamata hücum çəkib mühafizəçiləri diksindirib çaşdırır. Ərini azad etdikdən az sonra qətlə yetirilən bu qadın indi İtaliya solçularının ölməz ikonasına çevrilib.



Mara Kaqolun qətlindən sonra “Qırmızı briqada” təşkilatı rəhbərliyi, sözün əsl mənasında casus yığnağına dönür. Sıravi üzvlər dənlənir bir-bir, idarə heyəti kef çəkir. 1978-ci ildə İtaliya baş naziri Aldo Moro, ölkədəki dərin siyasi böhranı cilovlamaq xətrinə, kommunistlərlə birgə koalisiya qurmaq istəyərkən, Maykl Ledin texnologiyalarına dərin ehtiyac yaranır. Gizli NATO, yəni “Qladio” məxfi əməliyyat qurub icrasını tapşırır “Qırmızı Briqada”çılara. Briqadaçılar, Aldo Moronu qaçırdıb az sonra onu qətlə yetirirlər. Cəsədini atırlar Kommunist Partiyasının qərargahı ilə İtaliya parlamenti arasındakı orta nöqtəyə.

İndi-indi bu cinayətin məzarı üzərində haqq-həqiqət çiçəyi cücərməyə başlayıb. Həqiqət bəlli olub. Bəlli olub ki, Aldo Moro solçuların deyil, gizli NATO kimi tanınan yüz minlərlə “Qladio” qurbanlarından ancaq biridir.

***

Bəli, qondarma islam terroruna qədər dünyada ünvansız, belə deyək, qarasına törədilən terror aktları təsadüf edilməyib. Edilibsə, həmin bu qanlı olaylar solçuların deyil, gizli NATO-nun, “Qladio”nun mənfur əməlidir. 1969-cu ildə İtalyanın Bolonyo şəhər vağzalında törədilmiş vəhşi partlayışı da indi ancaq bu cür izah etmək mümkündü.



Maykl Ledin, Hiram Abas, Klarrric kimi mühafizəkar xüsusi-xidmətçilər, peşəkar siyasi texnoloqlar elə-belə, boş yerdən pırt edib qarşımıza çıxmayıblar. Maykl Ledin, deyilənə görə, Amerika konservatorlarının mənəvi atası sayılan məşhur filosof Leo Ştrausun tələbəsi kimi də tanınır. Bu azğın filosof, həmişə xalq kütlələrinin əleyhinə çıxaraq siyasi elitaya üstünlük verib. Hesab edib ki, kütlələrə informasiya deyil, dezinformasiya ötürmək lazımdı. Əsl informasiya isə, çox dəyərli olduğu səbəbdən, ancaq elitaya məxsusdu.

Soyuq müharibə dövründə Klarric-Hiram Abas-Maykl Ledin təcrübəsi, siyasi texnologiyaları NATO-ya imkan verib ki, Türkiyədə, İtaliyada sol hərəkatı qan içində boğub marksizm üzərində müvəqqəti qələbə çalsınlar.

Lakin çox-çox sonralar, elə yaşadığımız bu günlərdə həmin texnologiyalar yenidən arxivdən çıxarılaraq bu dəfə islamçıların əleyhinə uğurla istifadə edilir. Misal üçün, kommunizm üzərində qələbəsindən sonra Maykl Ledin hələ də sakitləşmək bilmir. Bu dəfə onun hədəfi Yaxın Şərq, xüsusən Suriyadır. Məqalələrindən birində o, Suriya ilə İranın məxfi əməkdaşlığına işarə vurub. Hər iki ölkəni xəyallarında birləşdirərək onları gizli geopolitik xəritələrdə “Siran” adlandırmağı təklif edib. Şəxsən mənə elə gəlir ki, Suriyada islamçıların əli ilə həyata keçirilən məxfi əməliyyatın kod adı elə belədi - “Siran”.



Götürün “Qırmızı briqada” terrorunun uzun siyahısını. Onu, indiki İSİD terrorçularının əməlləri ilə tutuşdurun. Görəcəksiz ki, bu terror aktları daban-dabana bir-birini izləyib təkrarlayır. Misal üçün, NATO bilirsinizmi qırmızı briqadaçıları necə maliyyələşdirirdi ki, ortada iz qalmasın? Heç, yerli İtaliya banklarından birisinin qapısını açıq qoyurdu gecələr. Sonra, ünvanı briqadaçılara göstərib, deyirdi gedin ordan öz haqqınızı aparın. Oxşar əməliyyat bu yaxınlarda İŞİD tərəfindən Mosulda həyata keçirilib. Mətbuatda deyilir: “Mosul meri, İŞİD terror təşkilatı tərəfindən İraq milli bankının Mosul şöbəsinin qarət etdiyini açıqlayıb. Təşkilat buradan 420 milyon dollar pul götürüb. Bu, İŞİD-in bütün beynəlxalq terror təşkilatlarından daha zəngin olması deməkdir”.

Həəəə. Dəsti-xətt eynidir... Əməliyyatın müəllifi də.

Sabah mənə kimsə desə “əslində dünyada Ben Laden adlı bir adam heç vaxt olmayıb, əvəzində bilirsizmi kim olub? Maykl Ledin!” İnanın, mən buna əsla təəccüblənmərəm.
Nə fərqi var Keçəl Həsən, ya Həsən Keçəl? Nə fərqi var Maykl Ledin yaxud Ben Laden?

Həmid HERİSÇİ
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.