Biləcəri-Xocəsən istiqamətində avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidən qurulması işləri sürətlə davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, mövcud eni 10 metr olan 2 hərəkət zolaqlı yol 8 hərəkət zolağına uyğun yenidən qurulur.
Hər tərəfdə eni 1 m olan çiyinlər və ayırıcı zolaq nəzərdə tutulan yolun eni 34 m təşkil edəcək. Yol boyu 2 avtobus dayanacağı, 2 dairəvi qovşaq salınacaq. Yolun 1,5 km hissəsində torpaq yatağının və yol geyiminin əsasının tikintisi başa çatıb. Hazırda əsasın üst layının bitumla emal edilmiş qara qırmadaşla tikintisi davam etdirilir.
Dairəvi qovşaqlar da daxil olmaqla, yol boyu bordürlərin qoyulması, avtobus dayanacaqları olan sahələrdə səkilərin və müasir işıqlandırma sisteminin quraşdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, yol istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Quba yolunun 10-cu km-dən Xocəsən, Sulutəpə istiqamətinə və əks istiqamətdə maneəsiz və fasiləsiz hərəkət edə bilərlər.