Böyük güclərin yerdəki savaşı göylərdə də amansızlıqla davam edir; Azərbaycanda hava gəmilərinin qaçırılmasına qarşı Əməliyyat Qərargahının yaradılmasının görünməyən tərəfləri...
Prezident İlham Əliyev dekabrın 22-də növbəti fərman imzalayıb. Fərmana əsasən, hava gəmilərinin zəbt edilməsi, qaçırılması cəhdlərinə qarşı respublikada vahid Əməliyyat Qərargahı yaradılacaq. Qərargaha Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisi sədrlik edəcək. Daxili işlər, müdafiə, nəqliyyat nazirləri, digər rəsmilər də əməliyyat qərargahında təmsil olunacaqlar.
Fərman elə belə, xalaxətrinqalmasın deyə verilməyib ki... Görünür, müvafiq qurumların əlində xəbər olub ki, bəs kimsə Bakıda təyyarə qaçırtmaq xəyalına düşüb. Bəs təcili olaraq bunun qarşısına almaq lazımdı.
Mövzu maraqlı göründü mənə. Yaddaşımın pasını sildim. Mövzuyla əlaqəli xatirələrimi gözlərimdə canlandırdım.
***
Rəhmətlik Şərqi Almaniyanın gözəl, səliqəli Leypsiq şəhərində vaxtilə oyuncaq təyyarə modelləri hazırlayan xüsusi fabrik vardı. Burda, “Boinq”, “Konkord” təyyarəsindən tutmuş “İL-68" aerobusuna qədər bütün ”səma quşlarının" oyuncaq modelləri istehsal olunub, satışa çıxarılırdı. Fabrikin çoxbilmiş mühəndisləri eşidəndə ki, bəs hardasda təzə təyyarə modeli ixtira olunub, vəssalam, cumurmuşlar ora. Təyyarənin dəqiq ölçülərini, sxemini öyrənib, yallah, modelini tezbazar satışa çıxarırmışlar. Amma bir gün bütün bunlara qəfil son qoyulur nədənsə.
Mütərəqqi Qərb mətbuatı birağızdan qışqır-bağıra başlayır ki, bəs yatmışıq fil qulağında, dünya-aləmdən xəbərimiz yoxdu. Guya Leypsiq oyuncaq fabriki təkcə elə uşaqlar üçün işləmir. Təyyarə qaçıran terrorçular üçün işləyir həm də. Hava quldurları, Fələstin terrorçuları guya məhz bu modellər üzərində öz məşqlərini keçib, təcrübələrini artırır, sonra oxşar təyyarələri hava limanlarından qaçırırlar.
***
Əslinə qalsa, bu məlumatlarda yalan-filan yoxdu. Şərqi Almaniya kəşfiyyatı “Ştazi”nin sifarişi ilə, bəli, o vaxtlar Leypsiqdə ən son Qərb təyyarələrinin oyuncaq modelləri istehsala buraxılır. Leypsiq sakinləri, oyuncaq modelləri qırmızı qalstuklu pionerlərin qoltuğunda görərkən gülümsəyirlər. Ancaq həmin oyuncaqlar, qəfil Leypsiqdəki İran, Fələstin siyasi mühacirlərinin qoltuğunda peyda olanda, həəəə... şəhər sakinləri bərk diksinib çaşırlar.
Təyyarə modelləri ilə maraqlanan həmin fələstinli siyasi mühacirlərdən biri - gənc, 23 yaşlı Leyla Xalid, az sonra - 23 iyul 1968-ci ildə Romadan Təl-Əvivə uçan təyyarəni ələ keçirib, məcbur edir ki, Əlcəzairdə yerə ensin. Danışıqlar zamanı Leyla Xalid təyyarədəki bütün sərnişinləri girov adlandırıb, elan edir - İsrail qazamatlarından bütün Fələstin fəalları azad edilməsə, hamı özündən küssün. Təyyarə içindəki bütün sərnişinləri ilə birlikdə partladılacaq.
Dünya tarixinə ilk hava terroru nümunəsi kimi düşmüş bu hadisə, çox keçmədən yenidən təkrar olunub, bitmək nədir, bilmir. Əli silahlı Leyla Xalidin fotoları bütün dünyaya yayılıb axır bu qızı çətin seçim qarşında qoyur - ya plastik əməliyyat, yaxud növbəti əməliyyat zamanı labüd ölüm.
Plastik əməliyyatdan təzəcə çıxmış Leyla Xalid, sir-sifətinin adam gününə düşməyini belə gözləmədən, 1970-ci il 6 sentyabr tarixində növbəti dəfə təyyarə qaçırmaq istəyəndə, daş qayaya rast gəlir sanki. Pilot, bu dəfə özünü itirmir. Sükanı özünə tərəf çəkir tam. Təyyarəni şaquli vəziyyətə gətirib içəridəki bütün terroristləri, o cümlədən Leyla Xalidi sərir yerə.
Leylanın ardıcılları, Londonda baş vermiş bu həbsə cavab olaraq dünyanın bir çox hava limanlarından təyyarələri qaçırdıb gəlib yığışırlar İordaniyaya. İxtiyarlarındakı beş-altı təyyarəni burdakı köhnə aeroportların birinə toplayıb, başlayırlar əvəzində Leylanın həbsdən buraxılmasını tələb etməyə. Aeroportun adını dəyişmək də yaddan çıxmır bu zaman.
Fələstinlilər ona “İnqilab” adını verib bütün dünyanın diqqətini Leyla mövzusuna cəlb etməyi bacarırlar. Lakin bu lap ağ olur daha. Fələstinlilərin qırmızı xətti keçdiyini görən İordaniya kralı Hüseyn, hava quldurlarına qarşı bütün cəbhə boyu hücuma keçərək, tezliklə terrorçuları pərəm-pərən salıb ölkəsindən qovur. Bir neçə gün İordaniyada qardaş qanı su yerinə axır. Siyasi danışıqlar nəticəsində Britaniya qazamatlarından çıxıb Dəməşqə qayıdan Leyla dönür Fələstin Azadlıq Hərəkətinin canlı ikonasına. Ərə gedib, dünyaya iki övlad gətirən bu xanım, deyilənə görə, indi də təhlükəlidir. Lazım gəlsə, indi də təyyarə qaçıra bilər.
***
Təyyarə qaçırmaqda ad çıxarmış digər qanunpozucusu - amerikalı D.B.Kuper də deyilənə görə, əvvəlcə Boeing 727-nin qurama oyuncaq modelini alıb, başlayır gərgin məşqlərə. Təyyarəyə bələd olunca, start düyməsinə barmağını basıb 24 noyabr 1971-ci il tarixində “Portlent-Sietl” hava marşrutu ilə uçan mülkü təyyarəyə əyləşir. Salonda yerini rahatlayaraq stüardessa Florens Şafferə göz vurur. Xələtinin cibinə yazılı kağız parçası atır. Cazibədar stüardessa, Kuperi əvvəlcə öz növbəti pərəstişkarı bilib əlini cibinə atmağa tələsmir. Terrorçu bunu görəndə məcbur qalır ona öz gözlərini bərəltsin. Qorxudan özünə gələn stüardessa, cibindəki kağıza baxanda ağlı başından çıxır az qala- “200 min dolları, 20 dollarlıq əsginaslarla, gətirib qoyursunuz qarşıma. Üstəlik, iki paraşüt dəsti ötürürsüz mənə, təyyarəni yanacaqla doldurub uçursuz düz mən dediyim ünvana”.
Tələblərinə anında nail olan bu insan şahidlərin gözündə dünyanın ən sakit terrorçusu kimi qalıb. Təyyarədəki 36 sərnişini azad edən Kuper, pilotları girov götürüb, sakitcə havaya qalxmaq əmrini verir. Özü isə gedib oturur təyyarənin quyruğundakı qatlama oturacaqda. “Boeing 727" havaya qalxdığı vaxt, elə bil möcüzə baş verir təyyarədə. Salondakı havanın təzyiqi, istiliyi başlayır sürətlə dəyişməyə. Stüardessa Florens Şaffer, bir dəfə səsləyir öz pərəstişkarını, ikinci dəfə... Görür, xeyri yoxdur. Başlayır qorxa-qorxa, addımlarını saya-saya təyyarənin quyruğuna tərəf getməyə. Qəfil görür ki, ay dadi-bidad, təyyarənin quyruğundakı qapı açıqdı, həəə... amma Kuper, bayaqkı yerində yoxdu. Stüardessa öz qışqırığından qorxub sol əliylə ağzını kip qapayanda, digər girovlar tez yüyürüb hadisə yerinə gəlirlər. Görürlər, necə deyərlər, Kuper köçüb izi qalıb. Açıq qapıdan içəri güclü hava axını vurur, adamı yerə yıxıb imkan vermir hadisə yerinə yaxınlaşmağa.
9 il sonra təsadüfü səyyahlar aşağıda axan çayın sahillərində çürümüş bir bəstə 20 dollarlıq tapıb tez polisə zəng vururlar. Dollarların sıra nömrəsi, Kuperə ötürülmüş məbləğin sıra nömrələriylə uyğun gəldiyi vaxt, polislər öz nəfəslərini rahat havaya ötürüb axır tam sakitləşirlər.
Cinayət işi qapadılıb arxivə göndərilsə də, Kuperin bu uğurlu, yaxud uğursuz cəhdi hələ də Hollivud kinomotoqrafının maraqları mərkəzindədir. Hadisənin süjeti bir neçə filmə qanad verib. Qısası bu Kuper, həyatının adi dövrünü bitirərək əvəzində indi öz Hollivud dövrünü yaşayır.
Kuperin maddi qazancına gəldikdə, aldığı məbləğ indi 1 milyon 170 min dollara ekvialentdir.
Üç həftə sonra “Los-Angeles Times” qəzetinə məktub yazan Kuper, qeyd edir ki, heç vaxt qanunpozucusu olmayıb. Avtomaşınını, bircə dəfə olsun belə, yasaq yerdə saxlamayıb. Sadəcə bərk xəstədir. Ömrünün sonunda qeyrətə gələrək həyatını dəyişmək qərarına gəlib.
***
Hava quldurlarının qanlı təcrübəsi arxasında, yuxarıdakı istisnaları çıxmaq şərti ilə, həmişə gizli qurumların məxfi fəaliyyəti dayanır. Təyyarələr havada, adətən dövlət sifarişləri əsasında partladılır. Yaxud qaçırdılır.
Təəssüf ki, bu gün biz növbəti dəfə belə cinayətin canlı şahidinə çevrildik. Məqaləmizi hələ yazıb bitirməmiş qulağımıza mövzu ilə əlaqədar növbəti acı xəbər gəldi- “Bu gün yerli vaxtla saat 05.40 radələrində Soçinin Adler aerodromundan Suriyanın Xmeymim aerodromuna uçan, hava qalxdıqdan sonra radardan itən Tu-154 təyyarəsinin göyərtəsinə 83 sərnişin və 8 heyət üzvü olub”.
İnformasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
TASS təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri və jurnalistlərin olduğunu bildirib. Musiqiçilər Xmeymim aerodromunda Yeni il konsert proqramı ilə çıxış etməyi planlaşdırıbmış. Məlumata görə, təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib.
Sonra məlumatlar dəqiqləşdirilib. Bəlli olub ki, Moskva ətrafındakı Çkalovsk hərbi aeroportundan qalxan təyyarə, Soçiyə yanacaq doldurmaq üçün enibmiş. Cari məsələlər həll edildikdən sonra təyyarə yenidən havaya pərvazlanıb. Amma 7 dəqiqə sonra radarların ekranından itib. Salondakılardan doqquzu jurnalist həmkarlarımız olub. Dövlət rəsmiləri verdikləri müsahibələrdə təxribat, terror versiyasını istisna etmirlər.
Məqaləmizin əvvəlində verdiyimiz informasiya indi bir başqa cür səslənir deyə, onu kiçik ixtisarlarla yenidən diqqətimizə çatdırmaq niyyətindəyik- “Prezident İlham Əliyev dekabrın 22-də növbəti fərman imzalayıb.
Fərmana əsasən, hava gəmilərinin zəbt edilməsi, qaçırılması cəhdlərinə qarşı respublikada vahid Əməliyyat Qərargahı yaradılacaq..."
Fərman elə belə, xala-xətrin qalmasın deyə verilməyib ki... Görünür, müvafiq qurumların əlində xəbər olub ki, bəs kimsə Bakıda təyyarə qaçırtmaq xəyalına düşüb. Bəs təcili olaraq bunun qarşısına almaq lazımdı.
Belə yerdə adətən deyirlər “NO KOMMENT”.
Allah, ölənlərə rəhmət etsin.
Həmid HERİSÇİ