Gunxeber.com saytının baş redaktoru Zabil Müqabiloğlu xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (böhtan atma) məhkəməyə verilib.
Bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun adından Gunxeber.com-un email ünvanına məktub daxil olub. Ancaq məktubda məhkəməyə kimin müraciət etdiyi göstərilməyib. Məhkəməyə müraciətimizdən sonra məlum olub ki, iddianın müəllifi İmişli rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirovdur.
İdarə müdiri baş redaktoru məhkəməyə 2014-cü il 30 may tarixində gunxeber.com-da gedən “Vilyam Hacıyevin attestasiya rüşvəti” başlıqlı yazıya görə verib. Həmin yazıda İmişlidən daxil olan məlumat əsasında bildirilir ki, rayon mədəniyyət və turizm idarəsində attestasiya keçirilir, amma Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi attestasiya prosesində iştirak etmir. Məqalədə bildirilirdi ki, verilən məlumata əsasən attestasiyadan keçirilmək üçün işçilərdən rüşvət tələb olunur və idarə müdiri bunu icra başçısı Vilyam Hacıyevin tapşırığı ilə edir.
Sayt yazıda qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirib. Qarşı tərəfdən isə heç bir etiraz bildirilməyib və təkzib verilməyib, xüsusi ittiham qaydasında birbaşa aidiyyəti olmayan məhkəməyə müraciət olunub.
Gunxeber.com-un əldə etdiyi məlumata görə, S.Bəşirov bu iddianı V.Hacıyevin tapşırığı ilə qaldırıb.
Zabil Müqabiloğlu bu gün məsələ ilə bağlı bəyanat yayıb.
Baş redaktor bəyanatında bildirib ki, İmişli rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirovun xüsusi ittiham qaydasında onunla bağlı qaldırdığı iddianın Nərimanov Rayon Məhkəməsinə heç bir aidiyyəti yoxdur: “Çünki mən 2013-cü il, mayın 15-də yenidən “Yeni Müsavat” qəzetinin redaktoru vəzifəsinə qayıtdıqdan sonra Gunxeber.com saytı Nərimanov rayonu ərazisində fəaliyyət göstərmir. Süleyman Bəşirovun qeyd etdiyi yazının isə Nərimanov rayonu ilə heç bir əlaqəsi yoxdur. Mənim daimi və müvəqqəti qeydiyyatım Nərimanov rayonuna deyil, bu rayonda yaşamıram və işləmirəm. İddiaçının da bu rayona aidiyyəti yoxdur. Bu baxımdan sözügedən iddianın Nərimanov Rayon Məhkəməsi tərəfindən icraata götürülməsinin heç bir hüquqi əsası yoxdur. Belə olan halda bu iddianın cəmi iki gün ərzində icraata götürülərək məhkəmə baxışına yönəldilməsi bizdə suallar doğurur və bunu bu işdə ilk qanunsuzluq sayırıq. Bu faktları bu gün yazılı şəkildə hakim Məzahir Sadıqovun da diqqətinə çatdırmışam.
Onu da qeyd edim ki, təxminən bir ay əvvəl Gunxeber.com-da İmişlidən olan müəllimlərin şikayəti əsasında yazı getmişdi. Bundan bir neçə gün sonra mənim mobil telefonuma bir nəfər zəng edərək özünü Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin müstəntiqi kimi təqdim edərək saytda İmişli ilə bağlı gedən yazıdan ona şikayət daxil olduğunu və buna görə mənim bölməyə yaxınlaşaraq izahat yazmalı olduğumu dedi. Mən onun bu hərəkətinin qanunazidd olduğunu nəzərinə çatdırdım və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcəyimi dedim. Həmin şəxs İmişlinin yerləşdiyi regionun ləhcəsi ilə danışırdı və hiss olunurdu ki, kiminsə sifarişi ilə bizi susdurmağa çalışır. Mənim ona bu barədə Daxili İşlər Nazirliyinə müraciət edəcəyimlə bağlı təkrar xəbərdarlığımdan sonra bir daha zəng etmədi. O zaman bu məsələni o qədər də ciddiyə almadım. Amma bu qanunsuzluqdan sonra ikinci bir qanunsuzluq baş verir və açıq şəkildə qanunsuzluq yolu ilə tənqidçi medianın susdurulması xətti tutulub. Biz buna qəti etirazımızı bildirir, həmkarlarımızı, hüquq müdafiəçilərini, aidiyyəti qurumaları məsələni diqqətdə saxlamağa çağırırıq”.