İŞİD-ə qoşulanların həyat yolu: onlar niyə və necə terrorçu olurlar?

19-01-2017, 10:33   

Terror təşkilatına qoşulanlarla bağlı Qərb alimlərinin psixoloji rəyləri...

İŞİD-ə qoşulanlar, onların keçdiyi yol hər zaman müzakirə mövzusu olub. Elə gün olmur ki, dünya mediası terror təşkilatına qoşulanların ilginc hekayəsi barədə yazmasın. Onların arasında Azərbaycandan gedənlər də az deyil. Terror təşkilatında bir müddət olub, sonra öz ölkəsinə geri qayıdanlar da statistikanın əhəmiyyətli qismini təşkil edir. Amma hətta bir gün belə bu təşkilatda olmaq insanların həyat tərzinə, psixologiya və gələcəyinə ciddi zərbələr vurur.


Azərbaycandan İŞİD-ə qoşulanların özü ölüb, xanımı sağ qalıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) səviyyəsində İŞİD-ə qoşulanların və Suriyada qalan vətəndaşlarımızın geri qaytarılması məsələsi dəfələrlə gündəmə gətirilib. Komitə sədri Mübariz Qurbanlı mediaya açıqlamasında deyib ki, Suriyada İŞİD-ə qoşulanlar və onların ailələrinin - Azərbaycan vətəndaşlarının - ölkəyə gətirilməsi üçün xüsusi xidmət orqanları bir sıra tədbirlər həyata keçirəcək: “Azərbaycandan İŞİD-ə qoşulanların əksəriyyətinin ölməsinə baxmayaraq, onların həyat yoldaşları orada qalıb. Azərbaycanın xüsusi xidmət orqanları onların xanımlarını Suriyadan çıxarmağa çalışır. Təbii ki, həmin ölkəyə gedənləri sonradan tapmaq çox çətindir. Çünki orda nəinki qadınları, kişiləri də satırlar. İŞİD-ə qoşulan, Suriyaya döyüşmək üçün gedən insanların müxtəlif məqsədləri olub. Onlardan bəziləri pula, bəziləri üç qadın verildiyinə və bəziləri cihad məqsədilə Suriyaya getdiyini deyir. Ümumiyyətlə, İŞİD-in 60 min silahlısının 40 faizi Avropadan gəlib. Müsəlman ölkələri arasında ən az Azərbaycandan qoşulanlar olub”.

Təşkilata necə adamı seçirlər?



Bu təşkilata qoşulanların çoxunun əsas funksiyası həm də canlı bomba olmaqdan ibarətdir. Təl-Əviv Universitetinin professoru Ariel Merari 50-dən artıq “canlı bomba” barədə sosial araşdırma aparıb. Araşdırmada nə ortaq bir xarakter, nə də patoloji bir şəxsiyyət özəlliyi üzə çıxarılıb. Amma bütün qatillərdə ən önəmli oxşarlıq onların heç diqqət cəlb etməmələri olub. Ağıla gələn sual isə “onlar da sizin, bizim kimi insanlardırmı”dır. Xarici görünüş etibarilə elədir. Amma onların ortaq psixoloji durumu var: “Narsist” bir ruh halı, “uc nöqtələrdə yaşamağı sevməsi”, intihar öncəsi sindroma düşmələri... Terror təşkilatları qurbanları seçən zaman sentimental, spontan qərarlar verməyi sevən, təsir altına düşən tiplərə üstünlük verirlər. Bundan başqa, onların cəmiyyətdə özlərinə yer tapa bilməyən tiplər olması arzuediləndir. Aksiyaçıların içində özünü fəda etmə, bir qəhrəman olma duyğusu ön plana çıxa bilir. Bundan başqa, ciddi şəkildə sosial təzyiqi də yaddan çıxarmaq olmaz. Təzyiqin ana xətti aşağıdakı kimidir: “Bunu həyata keçirmədiyin zaman qrupun içində hörmət görən bir insan kimi yaşama şansın yoxdur”.


Onları inandırırlar - “o biri dünyada” ən böyük mükafat sənindir...

Maraqlıdır, milyonlarla gənc insan eyni depressiv atmosferdə yaşadığı halda, niyə onlardan bəziləri intihar komandosu olmağa qərar verir? “Canlı bomba” halına gələnə qədər nələrdən təsirlənir və hansı psixoloji təzyiqi hiss edirlər?

İntihar terrorizminin altında “şəhid olma” inancı dayanır. Adət-ənənələrlə yetişən dindar insanlar “o biri dünya” ilə bağlı vədlərə daha asan inanırlar. İnancları bu: “Ən böyük mükafat onların olacaq, həm cənnətdə, həm də öldükdən sonra Yer üzündə, qəhrəman mərtəbəsinə yüksələcək, ölümsüz olacaqlar”...


“Sən terrorçu olmasan, burda insan kimi hörmət görməyəcəksən” - onları belə hazırlayırlar

Terror aksiyasından öncə “canlı bomba”ların motivasiya olmaları üçün narsist yaralarını deşirlər, varlıqlarının təhlükə altında olduğu təkrar-təkrar vurğulanır. Bununla da daxillərində şiddətli bir hücumçu potensialı yaradılır. Sözügedən şəxslərin şüuraltına isə bu fikir yeridilir: “Sən bu aksiyanı həyata keçirməsən, burada da insan kimi hörmət görməyəcəksən. Amma bunu həyata keçirsən, özünü qəhrəman kimi tarixə salacaqsan”.

Beyinyuma texnikasına “düşünməni dayandırma ritualı” da daxildir. Onlar qrup halında bir araya gəlib, toplu andlar içir, yaxşı və ya pis olmasından asılı olmayaraq bəzi sözləri xor halında saatlarla odlu-alovlu şəkildə təkrarlayırlar. Bu tədbirləri tez-tez təkrarlamaqla düşünmə qabiliyyətini də aşağı salırlar. Fərddə ən kiçik bir tərəddüd gördükləri zaman qrup mənəvi təzyiq tətbiq edir, “hamımız birimiz, birimiz hamımız üçün” janrında nitqlər söyləyirlər. Bununla da həmin şəxsin utanması və özünü günahkar hiss etməsi təmin olunur. Sonda da şəxs “qorxaq” damğasını yeməkdənsə ölümü tərcih edir.

Avropalı qadınları internet vasitəsilə yoldan çıxarırlar



Bu mövzunun ən maraqlı detalı isə heç şübhəsiz ki, avropalı qadınların sözügedən təşkilata qoşulmasıdır. Məsələn, təkcə İngiltərədən son bir neçə ayda 60 nəfərə yaxın gənc xanımın Türkiyədən Suriyaya keçərək İŞİD-ə qatıldığı təxmin edilir. Bu qadınlar Suriyaya çatan kimi ABŞ, Avstriya, Fransa, Hollandiya, Kanada, Norveç və İsveç kimi Avropa ölkələrindən gələn qadınlarla görüşürlər. Bu işdə sosial şəbəkələrin təsirinin böyük olduğu kifayət qədər məlumdur. İslami həyat tərzini və cihada qatılmağı idealizə edən və İŞİD təbliğatı aparan internet saytları gənc xanımlara Suriyaya getmək mövzusunda yardım edir. Əvvəllər Suriyaya müsəlman qadınlar əsasən İŞİD tərəfindən döyüşən həyat yoldaşlarının yanına gedirdilər. Yüzlərlə gənc qız Qərb ölkələrini tərk edərək, Yaxın Şərqə islamçılara qoşulmağa yollanır. Ölkələrini tərk edən qızlar 14-15 yaş arasındadırlar və onlar əsasən Suriyaya islamçılarla evlənib onlara uşaq doğmağa yollanır. Məlumatda qeyd olunur ki, islamçılara (əsasən İŞİD-ə) qoşulan qızların 90 faizini Fransa vətəndaşları təşkil edir. Əldə olunan məlumatlara görə, 63 Fransa vətəndaşı olan qız Yaxın Şərqə yollanıb. Britaniya ekspertləri bildiriblər ki, Birləşmiş Krallıq vətəndaşı olan təxminən 50-yə yaxın qız İŞİD-ə qoşulub.

Daha çox miqrantlar terrorçu olmaq istəyir

Statistika isə göstərir ki, təkcə Almaniyadan İŞİD-ə qoşulmaq üçün gedən 378 “şəhid xanım”ın böyük əksəriyyətini miqrant ailələrin qızları təşkil edir. Cəmi 54 qız İslamı qəbul etmiş alman olub. Təxminən üçdə biri isə 21-25 yaşlarındadır. İŞİD-ə qoşulan qızların cəmi 12 faizi “radikallaşmadan” öncə iş yerlərinə sahib olublar. Amma bu işli-güclü xanımların da əksəriyyəti qeyri-leqal bizneslə məşğul imişlər. Böyük əksəriyyəti təhsilini ya orta, ya ali məktəb mərhələsində yarımçıq saxlayıb.

Qızların 60 faizi ən azı bir dəfə məhkum olunub. Onlar əsasən zorakılıq, oğurluq və ya narkotik alverinə görə həbs ediliblər. İŞİD-ə qoşulan qadınları əsasən gənc, savadsız və perspektivsiz adlandırmaq olar. “Bir çox gənc alman Almaniya vətəndaşı olmasına baxmayaraq, bu ölkədə özünü marginal, cəmiyyətdən təcrid olunmuş hiss edir. Onlar öz ölkələrində özlərinə heç bir perspektiv görmür, əksinə, özlərini uğursuz hesab edirlər. Dünya mətbuatı, qəzet və televiziyalar demək olar ki, hər gün İŞİD -in ”uğurları" barədə yazır. Ona görə də İŞİD-ə qoşulan qadınlar “cihada qoşulsam, uğur qazanaram, bütün dünya mənim haqqımda danışar” deyə düşünürlər". Bunu da almaniyalı psixoloqlar bildiriblər.

Ekspertlər isə hesab edirlər ki, cihada yardım etmək adı ilə İŞİD-ə qoşulanlar bir qayda olaraq sonradan qıfıl altında qalır və ancaq ordakı hərbçi kişilərə qulluq edirlər. İŞİD-çilər qadınları, gənc qızları ora cəlb etmək üçün internet, xüsusən də sosial şəbəkələrin gücündən istifadə edirlər. Cəlbedici reklam rolikləri, yüksək keyfiyyətli videolar, kompüter oyunları bu məqsədlə hazırlanır, sosial şəbəkələrə buraxılır. Necə deyərlər, onlar internet çatından, forumdan çıxmadan insanların arzu-istəkləri ilə oynayır, onları öz tərəflərinə çəkirlər.

Sevinc TELMANQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.