Ötən gün Abşeron rayonu Hökməli qəsəbəsinin ərazisində qızıl saat oğurlayan şəxs tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəxsiyyəti məlum olmayan 2 nəfər Saatlı rayon sakini Babək Rəhimovu bıçaqla hədələyərək “Daewoo” markalı avtomobilini, habelə 170 manatını və qızıl saatını alıblar.
Babək Rəhimovun şikayəti əsasında polis əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində avtomobil həmin gün hadisə yerinin yaxınlığında tapılıb.
Abşeron rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Hökməli qəsəbə sakini Elşad Mehrəliyev tutulub. Digər şəxsin axtarışları davam edir.
Faktla bağlı araşdırma aparılır.