Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti "Azadlıq" radiosuna İçərişəhərdən aparılan daşın həqiqi sahiblərinə qaytarıldığını bildirir.
1975-ci ildə turist kimi Bakıda olarkən Qız qalasının yaxınlığındakı naxışlı bir daş parçası Macarıstan memarı Laslo Varadinin diqqətini çəkib.
O zaman heç bir nəzarət olmadığından memar həmin daş parçasını asanlıqla Macarıstana aparıb.
Son 40 ilə yaxın müddətdə Bakıdan gətirilmiş daş Budapeştdəki bir sıra maraqlı layihələrin müəllifi olan macar memarın ofisini bəzəyib.
Bu yaxınlarda artıq İçərişəhərin qoruq elan edildiyini və onun simasının tamamilə dəyişdiyini öyrənən Laslo Varadi Azərbaycanın Budapeştdəki səfirliyinə gedərək qədim memarlıq abidəsinin bir parçası olan həmin daşı həqiqi sahiblərinə qaytarmağı qərara alıb.
Səfir Vilayət Quliyevlə görüş zamanı macar memar Bakının öz zəngin arxitekturası ilə dünyanın təkrarsız şəhərlərindən biri olduğunu söyləyib.
Uzun illər şəxsi kolleksiyasında saxladığı qədim daş parçasına gəlincə isə Laslo Varadinin fikrincə, bu daş vaxtilə çox güman ki, bir qapının portal hissəsini bəzəyib.
Səfirlik qəribə təsadüf nəticəsində Azərbaycandan Macarıstana səyahət edən yazılı daş parçasını İçərişəhər qoruğuna göndərməyə qərar verib.