YAP rəsmisi NİDA-çı gəncin əfvini istədi

6-06-2014, 17:21   
YAP rəsmisi NİDA-çı gəncin əfvini istədi
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP-ın Səbayel rayon təşkilatının sədri, Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü Zahid Qaralov NİDA Vətəndaş Hərəkatının fəal üzvlərindən biri olan Bəxtiyar Quliyevin prezident İlham Əliyevə açıq məktubla müraciət etməsini təqdir edib.

Z.Qaralov publika.az-a açıqlamasında deyib: “Mən Bəxtiyar Quliyevin ərizəsini görməmişəm. Prezidentdən çox adam çox şeyi diləyə bilər. Hər diləmək yerinə yetmir. Ancaq mən də arzu edirəm ki, həmin gəncin müraciəti nəzərə alınsın. Cavan adamdır. Amma o oğlan da gərək səhvini vaxtında etiraf edəydi. Axı o vaxtı onu dəfələrlə doğru yola dəvət etdilər. Bu gün günahlarını etiraf edirsə, bunun özü də müsbət haldır. Arzu edirəm ki, təki o da əfv olunsun. Belə əfvə mən hər zaman tərəfdar olmuşam”.

Z.Qaralov yaxın vaxtlarda növbəti əfv fərmanı gözləmədiyini söyləyib: “Ötən həftənin bütün günü işlədik, 550 müraciətə baxdıq. Baxılan işlərdən də 176-ı məsləhət görüldü. Ancaq Azərbaycan prezidentinin humanist siyasəti nəticəsində əfv olunan şəxslərin sayı daha çox oldu. 15 iyun Qurtuluş Günü ərəfəsində yeni əfv fərmanının olacağına inanmıram. Çünki əfv fərmanı yeni oldu. Əgər yeni əfv gözlənilsəydi, o zaman Komissiya iclas keçirərdi. Hələlik belə bir iclasla tanış deyiləm. Ancaq Konstitusiyanın 109-cu maddəsinə görə, heç bir iclas olmadan, ölkə prezidenti də istədiyi vaxt istədiyi adamı əfv edə bilər. Yəni, Azərbaycan prezidenti komissiyasız da qərar verə bilər. Ancaq mənim yeni əfv barədə heç bir məlumatım yoxdur”.

Xatırladaq ki, 15 iyun – Qurtuluş Günü ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv fərmanının imzalanacağı barədə məlumat yayılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.