MTN zabitindən şok: “Klinton Bakıya açıq kanalla zəng etmişdi”

7-06-2014, 10:47   
MTN zabitindən şok: “Klinton Bakıya açıq kanalla zəng etmişdi”
“Gəncə qiyamı zamanı Azərbaycandan bir neçə qırıcı və bombardmançı təyyarə qaçırılmalı idi”.

Bu sözlər 1992-93-cü illərdə Milli Təhlükəsizlik nazirliyində çalışan Ərəstun Oruclunun Gəncə qiyamı ilə bağlı yazdığı analitik məqalənin 3-cü hissəsində yer alıb.

O, Sürət Hüseynovun Gəncə qiyamında Prezident Qvardiyasının, başda komandir Tahir Məmmədov olmaqla, xeyli hərbçisinin qətlə yetirildiyini bildirib:

“Nəhayət, bu, baş verdi və qiyamın ilk saatlarında, belə hadisələrdə hər zaman olduğu kimi, ən müxtəlif şayiələr dolaşırdı. Amma axşama yaxın mənzərə xeyli aydınlaşmışdı və artıq bəlli olan detallar ortada idi. Bu detallar isə heç də ürəkaçan deyildi. Hakimiyyətin bir qrup yüksək rəsmisi Gəncədə Surət Hüseynovun qiyamçılarına girov düşmüşdü, Prezident Qvardiyasının başda komandir Tahir Məmmədov olmaqla xeyli hərbçisi qətlə yetirilmişdi. MTN-nin Gəncə şöbəsinin binası zəbt olunmuş və həmin anda orada olan nazirin 1-cü müavini Sülhəddin Əkbərov, Baş prokuror İxtiyar Şirinov və MTN-nin xüsusi təyinatlı dəstəsinin üzvləri girov götürülmüşdü. Hakimiyyət susurdu, dağıdıcı şayiələr isə yayılmaqda davam edirdi. Qiyamın arxasınca parlamentin bir qrup deputatı Məclisin təcili sessiyasını çağırmağı tələb edirdi. Gəncədə Surət Hüseynova qarşı əməliyyatın uğursuz keçirilməsi və bu əməliyyata Baş nazir Pənah Hüseynovun Daxili İşlər naziri Abdulla Allahverdiyevin kabinetindən birbaşa rəhbərlik etdiyi danışılırdı. Bir qədər sonra hədəfdə olan və baş verənlərdə adı ən çox hallanan Pənah Hüseynovun istefası xəbəri yayıldı və bu sarsıdıcı effekt doğurmaya bilməzdi. Hakimiyyət düşərgəsində xaos və xof saatbasaat dərinləşirdi”.

Politoloq həmin dövrlərdə İsa Qəmbəri hədəfdə olan əsas kimi xarakterizə edib:

“Milli Məclisin toplantısı köhnə qvardiyadan olan bir qrup deputatın fəal hücumu ilə başladı, amma ən çox fəallıq göstərən və ən ağır ittihamlar yağdıran AMİP sədri Etibar Məmmədov, hədəfdə olan isə təbii ki, parlamentin sədri İsa Qəmbər idi. Məsələ burasındadır ki, o zaman mövcud olan qanunvericiliyə əsasən, parlamentin spikeri dövlətin ikinci şəxsi sayılırdı və zərurət yarandıqda prezidenti məhz o, əvəzləyə bilərdi. Deməli, qiyamın siyasi komponenti düzgün sxem üzrə inkişaf edirdi, çünki hakimiyyətə yol parlament spikerinin kürsüsündən keçirdi”.

Ərəstun Oruclu məğlubiyyət ab-havasının artıq hakimiyyətin ən yüksək pillələrinə də çökdüyünü yada salıb:

“Prezident parlamentə gələcəkdi hələ, amma bu dönəmdə parlament spikeri faktiki olaraq meydanda tək qalmışdı (və ya tək buraxılmışdı). Digər bir hakimiyyət rəsmisi, 27 yaşlı dövlət katibi (o zamanlar Prezident Administrasiyasının rəhbəri postu belə adlanırdı) Əli Kərimovun çıxışı ilkin mərhələdə həm Gəncədəki qiyamçılar, həm də onların Bakıdakı silahdaşları arasında çaşqınlıq yaratdı. Bu çıxışda rəsmi səviyyədə ilk dəfə baş verənlər "hərbi qiyam" adlandırıldı və qiyamçılara amnistiya təklif olundu. Lakin hakimiyyət nümayəndələrinin pərakəndəliyi və parlamentdə təmsil olunan AXC üzvü olan deputatların bir hissəsinin çaşqınlığı bu təklifin dəstəklənərək parlamentin qərarına çevrilməsinə imkan vermədi. Məğlubiyyət ab-havası artıq hakimiyyətin ən yüksək pillələrinə də çökmüşdü. Gəncədəki qiyamçılar prezident Elçibəyin, onların Bakıdakı silahdaşları isə İsa Qəmbərin istefasını tələb edirdi”.

O, 1992-1993-cü illərdə Heydər Əliyevin Gəncə qiyamına qarşı Elçibəyi dəstəklədiyini vurğulayıb:

“Bu yerdə ən maraqlı bəyanat isə Naxçıvandan gəldi - Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyi dəstəklədiyini bildirirdi. Bunun arxasınca Heydər Əliyev Bakıya dəvət olunacaqdı, əsasən onun adamlarından təşkil olunmuş parlament komissiyası Gəncəyə səfər edib, məsələni araşdırıb, baş verənlərdə Elçibəy hakimiyyətini günahlandıracaqdı, separatçı Ələkrəm Hümbətov qiyamçılara qoşularaq "Talış-Muğan Respublikasını" (TMR) elan edəcəkdi. Bunların hamısı hələ irəlidə idi. Amma hakimiyyətin gələcək sahibi artıq Bakıya gəlmişdi və Naxçıvandakından fərqli olaraq, o, parlamentdəki qısa çıxışında baş verənlərə münasibət bildirməkdən imtina edərək, Gəncəyə getməli və oradakı vəziyyəti yerində öyrənməli olduğunu bildirdi. Belə də oldu. Lakin Gəncədən qayıdan Heydər Əliyev parlamentdə çıxışa deyil, Prezident Elçibəylə görüşə hazırlaşırdı. Bu görüş saat 14.00-ə planlaşdırılmışdı”.

Politoloq həmçinin bir zamanlar çalışdığı MTN-dən çox maraqlı bir dialoqu da oxucuların diqqətinə çatdırıb:

“Saat 11 radələrində yüksək vəzifəli rəislərimdən birindən zəng gəldi. Həmin yüksək vəzifəli rəis məni çağırdı və mən qapını döyüb kabinetə daxil olanda yanındakı digər bir yüksək rütbəli zabitlə belə bir söhbətlərinin şahidi oldum:
- ... müəllim, bu gecə Bill Klinton açıq kanalla səfir Riçard Maylsa zəng edərək onu Heydər Əliyevlə görüşdüyünə görə sərt şəkildə danlayıb və deyib ki, Heydər Əliyev rəsmi şəxs deyil və səfirin görüşməsi ABŞ-ın ona dəstəyi kimi qəbul edilə bilər.
- Açıq kanalla niyə zəng edirdi ki?
- Yəqin istəyib ki, biz danışığı tutub dövlət rəhbərliyinə ABŞ-ın mövqeyini çatdıraq.
- ...., yaxşı, hər halda bu əməliyyat sirridir və işçimiz də olsa, Ərəstuna dəxli yoxdur bunun".

Ərəstun Oruclu amerikalıların Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmədiyini söyləyib:

“Anladım ki, bunu təsadüfən danışmadılar mənim yanımda və məqsəd o idi ki, bu məlumat təcili ünvanına çatdırılsın. Bundan sonra, məni çağıran həmin rəis nəsə mənasız bir tapşırıq verdi və mən iş yerimdən çıxıb yollandım Prezident Aparatına. Yol boyu isə bu məlumatla bağlı bütün mümkün variantları təhlil etməyə çalışırdım. Beləcə, Prezident Aparatına yetişib, məlumatı ünvanına çatdırdım və həmin şəxs də elə burdaca prezidentlə əlaqə saxlayıb görüş istədi. O, görüşə, mən isə öz iş yerimə yollandım. Düşünməkdə davam edirdim və getdikcə də suallar artırdı. Bu telefon söhbətindən görünürdü ki, amerikalılar Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirlər. Bəs o zaman niyə bunu birbaşa prezidentə demirlər? Belə suallar çox idi, amma cavabları yalnız ehtimal etmək olardı. Nəhayət, bütün bu düşüncələrə son qoyub, işlərimin arxasınca yollandım. Əlimdə maraqlı məlumatlar vardı və onlardan birini detalları ilə araşdırmalı idim. Qiyamçı Ələkrəm Hümbətovun ələ keçirdiyi xeyli sayda zirehli texnikanın akkumulyatorları olmadığından, onları Badamdardakı hərbi hissədən Lənkərana yollamağa hazırlaşırdılar”.

O, H.Əliyevin hakimiyyətə gəldikdən sonra qiyamçılarla necə davranmağın nümunəsini göstərdiyini qeyd edib:

“Bir gün sonra isə Əbülfəz Elçibəy Kələkiyə yollandı. Səmimi və bəzən sadəlövh cəbhəçilər bunu hələ aylar boyu "böyük siyasi gediş" adlandıraraq, özünə təskinlik verəcək, Bəyin ən yaxın günlərdə getdiyi kimi də qəflətən Bakıya dönəcəyini deyəcəkdilər. İkinci ilə razılaşmamaq mümkün deyildi, sadəcə kiçik bir düzəlişlə - bu 1997-ci ilin sonunda, Əbülfəz Elçibəyin səlahiyyət müddəti başa çatandan sonra olacaqdı. Hələliksə, qiyamın bu mərhələsi yekunlaşmaq üzrə idi. Növbəti mərhələlərə (və ya buna cəhdlərə) keçmək üçün. Bir qədər sonra Surət Hüseynov Baş nazir təyin olunacaqdı. Prezident səlahiyyətlərini götürən Heydər Əliyev isə Əbülfəz Elçibəyə etimadsızlığa dair referendum, oktyabr ayında isə prezident seçkisi təşkil edib, öz statusunu rəsmiləşdirəcəkdi. Amma bundan əvvəl o, Ələkrəm Hümmətovu və onun qondarma TMR-ni cəmi bir neçə saata darmadağın edib, qiyamçı ilə necə davranmaq lazım olduğunun nümunəsini göstərəcəkdi”.

Politoloq həmin dövrdə Azərbaycandan bir neçə qırıcı və bombardmançı təyyarənin qaçırılmalı olduğunu söyləyib:

“Qiyam zamanı atəşkəsin pozulması nəticəsində isə Azərbaycan yeni-yeni ərazilər itirəcək, minlərlə insan həlak olacaq, minlərlə itkin düşəcək, yüz minlərlə isə məcburi köçkünə çevriləcəkdi. Bəli, bu bütün əlamətlərilə əsl qiyam idi və bu qiyam fonunda baş verənlərin təhlili göstərirdi ki, üzdə olan qiyamçılar çox böyük oyunun kiçik marionetləri idi. Bu da təbiidir. Amma böyük sifarişçilər başqa böyük işlər də görürdülər. Məsələn, 4 iyun qiyamından sonra atəşkəsin pozulması həmin böyük oyunçular üçün yeni imkanlar da yaratmışdı. Həmin dövrdə Azərbaycandan bir neçə qırıcı və bombardmançı təyyarənin qaçırılması da baş verməli idi (digər bir ölkəyə satmaq üçün). Belə bir əməliyyatın həyata keçirilməsində bu təyyarələrin guya Qarabağ səmasında vurulması barədə informasiya təminatını həyata keçirməli olan məmurlar, təyyarələri idarə etməli olan pilotlar, onların uçuşuna təminat yaradan digərləri həmin o görünməyən daha böyük şəbəkənin üzvləri (və ya agentləri) olmalı idilər. Əks-halda, bu miqyasda əməliyyatı həyata keçirmək mümkün olmazdı. Xoşbəxtlikdən olmadı da. Bu haqda ayrıca yazım da olacaq. Bir qədər sonra. Bu gün bu hadisələrin üstündən 21 il keçdiyindən, bəzən qiyamçıları az qala qəhrəman kimi təqdim etmək cəhdləri də nəzərə çarpır. Amma fakt ortadadır - 1993-cü ilin iyununda Azərbaycanda hərbi qiyam baş verdi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.