Diaspor fiaskosu, İranda inqilaba uğursuz cəhd
2011-ci il 9 sentyabr tarixində aparıcı dünya mass-media mərkəzləri çox maraqlı, ancaq dövlətimizə, xalqımıza utanc gətirən bir xəbəri ön manşetlərinə çıxarırlar:
“Azərbaycan nazirlərindən biri İsrailə qanunsuz olaraq 100 funt (50 kq) quzu əti keçirmək istəyərkən gömrükdə saxlanılaraq pərt vəziyyətə düşüb. Bu barədə ”Associated Press" agentliyi sentyabrın 8-də xəbər yayıb. İsrailin Vergi İdarəsinin sözçüsü İdit Lev-Zerahia deyib ki, Ben-Qurion Beynəlxalq Aeroportunda yoxlama zamanı nazirin baqajında 50 kq təzə, kabablıq quzu əti aşkarlanıb. Əti gömrük orqanları müsadirə ediblər. Qaydalara uyğun olaraq kabablıq ət məhv edilib. Sözçü həmin nazirin adını açıqlamayıb. Qeyd edək ki, İsrailə 1 kq-dan artıq ət gətirmək üçün xüsusi icazə lazımdır. İsrailin “Haaretz” qəzetinin yazdığına görə, naziri müşayiət edənlər pərt olublar. Bildiriblər ki, bu qədər ət nazirin İsrailə səfəri zamanı şəxsi istifadəsi üçünmüş.
Azərbaycan rəsmilərinin məsələ ilə bağlı fikrini öyrənmək isə mümkün olmayıb".
***
İsraillə Azərbaycanı xüsusi, həddən artıq ciddi strateji əməkdaşlıq telləri bağlayır. Əlaqə tellərimiz bir çox mühüm sahələrdə, xüsusən də iki ölkənin təhlükəsizlik qurumları arasında durmadan inkişaf etsə də, ortaya bəzən çox mühüm nüanslar (yuxarıdakı xəbər kimi) girib, sual doğurur hamımızda - “Təhlükəsizlik sahəsində əməkdaşlıq, ilk növbədə səriştəli, peşəkar mütəxəssislər arasında baş tutmalıdır. MOSSAD, AMAN kimi bütün dünyada öz peşəkarlığı, zərgər ustalığı ilə ad çıxarmış İsrail kəşfiyyat qurumları ilə əlaqə saxlamaq, əməkdaşlıq etmək, razılaşın, hər yoldan ötənin işi deyil. Sözsüz, həmin bu strateji əlaqələri Ben Qurion aeroportunda həbs edilmiş 50 kiloqram quzu əti söhbəti poza bilməz. Yuxarıdakı xəbərdən gördüyümüz kimi, bəzən tam ”təsadüfi nazirlər", komitə sədrləri bu çox qapalı sahəyə müdaxilə edib, ortaya ciddi problemlər çıxarırlar. Bizcə, aradakı “50 kiloqramlıq quzu əti” məsələsi boş yerdən yaranmayıb. Əslində bu, bir xəbərdarlıq olub bəzi səriştəsiz, məsuliyyətsiz kadrlarımıza. Əldəqayırma Ştirlitslərimizə.
Belə ki, 2006-2007-ci illərdə məhz bu kabab həvəskarının təqdimatı ilə İsrail kəşfiyyat qurumları, deyilənə görə, Güney Azərbaycan fəalları ilə əlaqə quraraq axırda... bəli, lap axırda, necə deyərlər, zibilə düşüblər. Sonradan bəlli olub ki, bu siyahıdakıların əksəriyyəti məxfi İran agentləri imiş. Son nəticədə Güneydə kütləvi həbslər baş verib.
İsraildə də bu xəbər nəticəsiz ötüşməyib. İki fərqli kəşfiyyat qurumu - AMAN-la MOSSAD-ı, bir-birinə qarşı qoyaraq, dövrü mətbuatı bir xeyli silkələyib. Kabab söhbəti də məhz o zaman, bir cəza nümunəsi kimi, mətbuata sızdırılıb.
***
2008-ci ilin sonuna yaxın İsrail mətbuatını növbəti sensasiya silkələyir. “Jerusalim Post” və digər qəzetlərin manşetlərinə çıxarılmış “Güney Azərbaycan siyasi fəallarını İsrail güc strukturları bölüşə bilmir?” mövzusu bir müddət İsrail siyasi gündəmini zəbt edir. Azərbaycan mətbuatı isə, həmişəki kimi, xəbəri eşidincə, ağzına su alıb susmağa üstünlük verir.
Image result for Mossad
***
Qalmaqal İsrailin iki fərqli kəşfiyyat qurumu - AMAN-la (hərbi kəşfiyyat) MOSSAD (mülki kəşfiyyat qurumu) arasında baş verib tezliklə ölkə mətbuatında xeyli tirajlanır. Məşhur İsrail diplomatı, kəşfiyyatçı Uri Lubraninin adı hallanan bu həngaməni biz gec olsa da indi sizin diqqətinizə çatdırmaq istəyirik. Başlayaq əvvəlcə Uri Lubraninin mətbuat üçün açıq bioqrafiyasından. Ancaq nəzərə alaq ki, bu şəxsin bir başqa - tam məxfi, tam fərqli bir bioqrafiyası da mövcuddu.
DOSYE:
Uri Lubrani. Doğum tarixi 1926, Hayfa şəhəri. Mənşəcə Litva yəhudilərindəndi. Erkən yaşlarından Fələstindəki tam məxfi yəhudi müqavimət hərəkatı “Haqana”nın üzvü kimi tanınıb. II Dünya müharibəsi zamanı yəhudilərin Fələstinə gizli axınını təmin edənlərdən biri, bəlkə də ən fəalı olub. Müharibədən sonra Güney Fransadakı məxfi düşərgələrdə ingilisdilli yəhudi könüllülərinə təlim keçib. SAXAL-a (İsrail ordusu belə adlanır) mənsub 7-ci briqadanın kəşfiyyat bölüyünə başçılıq edərək ən qanlı döyüşlərdə ad çıxarıb. 1953-56-cı illərdə, London Universitetində təhsilini təkmilləşdirəndən sonra hərbi paltarlarını mülkü geyimlə əvəzləyib. Keçib siyasi, diplomatik fəaliyyətə. Həbəşistanda səfir işlədiyi zaman “Süleyman” əməliyyatını həyata keçirərək minlərlə yerli yəhudini - “falaşları” hərbi təyyarələrlə İsrailə köçürdüb.
Image result for Qolda Meir
1973-cü ildə İsrail baş naziri Qolda Meirin şəxsi əmri ilə İrana səfir təyin olunaraq, 1978-ci ilədək bu vəzifəsini icra edib. Fars və türk dillərini bilib. Proqnozları həmişə öz dəqiqliyi ilə seçilib. 2015-ci ildə, 89 yaşında ikən, İsrail prezidenti Netanyahunun şəxsi icazəsi ilə təqaüdə göndərilib. Livan şiələri, İran və nəhayət, Azərbaycan, azərbaycanlılar üzrə ciddi mütəxəssis kimi tanınır İsraildə.
***
Hələ İranda səfir vəzifəsini icra edərkən o hiss edir ki, axırıncı şahənşahın sonu yaxınlaşır. Ancaq o vaxt Lubraninin bu məlumatları, öncəgörmələri nə İsrailin diqqətini özünə cəlb edir, nə də burnundan uzağı görməyən Amerikanın. Sonradan İsrail rəhbərliyi bu səhvini düzəldir. Daha cürət etmir Lubraniyə bir də “qaşın üstə gözün var” deməyə.
Nəticədə, Uri Lubrani, İsrail hərbi strukturları tərkibindəki tam məxfi “İran şəbəsi”sinə rəhbər təyin olunaraq başlayır bu sahədə gur fəaliyyətə. 1978-ci il İran inqilabının canlı şahidi olan Lubrani şiə ideologiyasını da yaxşı bilir, Azərbaycan türklərinin bu inqilabda oynadığı həlledici rolu da. Az saylı əməkdaşları əhatəsində gecəni-gündüzə qatan Lubraninin MOSSAD-la ilk ziddiyyəti də məhz Azərbaycan mövzusu ətrafında baş verir.
***
İsrail kəşfiyyatı MOSSAD-ın, eləcə də AMAN-nın, bir xasiyyəti var - növbəti əməliyyatlarını həmişə köhnələri üzərində qurarlar. Bu, MOSSAD-ın, AMAN-ın həm də elmi akademiya olması ilə əlaqədardır. Yəni burda köhnə əməliyyatlar qəşəng sənədləşdirilərək arxivə yerləşdirilir. Təzə əməliyyata ehtiyac yaransa, oxşar bir başqası arxivdən çıxarılır, verilir Lubrani kimi peşəkarların ixtiyarına. Belələri, köhnə əməliyyatları götürüb, redaktə edir. Günün tələbinə uyğunlaşdırırlar.
Image result for “Jyllands-Posten”
Misal üçün, 30 sentyabr 2005 tarixində, Danimarka qəzeti “Jyllands-Posten” Məhəmməd peyğəmbərə qarşı 12 karikatura çəkib, çap edərək, bütün İslam dünyasının nifrətini qazanır özünə qarşı. İslam aləmini etiraz dalğaları bürüyür. “Üç inək” kimi tanınan məşhur Danimarka brendi İslam ölkələrində yasaqlanır və s. i. və ilaxır. O dövrdə İranın prezidenti olan Əhmədinejad təklif edəndə ki, bəs gəlin bu etirazların gözünə Holokost mövzusunu da qatıb oxşar karikaturaları yəhudilərə qarşı çəkək, həəəə, bəzi aqil adamlar fikrə dalıb, barmaqlarını dişləyirlər. O vaxt kimsə deyir ki, bəs məsələnin pərdəarxasına bələd olmaq istəyirsinizsə, sabiq MOSSAD agenti Viktor Ostrovskinin avtobioqrafik “Yalan yoluyla” kitabını vərəqləyin. Orda yazılıb ki, Danimarka xüsusi xidmət qurumları tamami ilə İsrail nəzarəti altındadır. “İslam, ərəblər, İran” mövzusu gündəmə gələndə telefon dəstəyini götürüb hökmən MOSSAD-a zəng vururlar.
Related image
Mövzunu əlində bayraq edənlər, qışqırırlar bəs guya torbada pişik...y ox eyy, üzr istəyirəm, İsrail var. Bəs karikatura olaylarını Danimarkada təşkil edən MOSSAD bununla etiraz iştirakçılarını - islamçı fəalları, bütün Avropada nəzarətə almaq istəyir guya.
Həmin olaylardan sonra İsrail kəşfiyyatının əlinə İslama qarşı ən ciddi psixoloji silah - karikatura silahı düşür. Bəlli olur istənilən mövzuya karikatura çək, vəssalam, müsəlmanlar buna qarşı mütləq reaksiya verəcəklər.
Aradan heç bir il keçməyincə, karikatura olayları öz əvvəlki məzmununa tərs şəkildə, Güney Azərbaycanda baş verib İsrailə qarşı ittihamları daha da ciddiləşdirir.
***
Uri Lubrani, Tehrana qarşı hərbi əməliyyatların tam əleyhinə olub həmişə. İddia edib-güc tədbirləri, İran rejimini gücləndirib xalqı mollalar ətrafında daha da bərk birləşdirəcək. Lubrani İrana qarşı hərbi deyil, polittexnoloji əməliyyatlar aparmaq və bu sahədə məhz Azərbaycan türklərinə söykənmək lazım olduğunu dəfələrlə bildirib. 12 may 2006-cı ildə isə Lubrani həmin karikatura olayını İran ərazisinə eksport etməyi bacarır sanki. Həmin gün rəsmi “İran” qəzetində Azərbaycan türklərinə qarşı mollanəsrəddinsayağı bir karikatura çap edilir. Satirik şəkildə, fars uşağı həşəratla farsca danışmaq istərkən, cavab türkcə səslənir...
Etiraz dalğaları bütün Güneyi bürüyüb, 4 nəfərin ölümü ilə nəticələnəndə Tehran hökuməti hərəkətə gəlib “İran” qəzetinin çapını dayandırır. Redaktorları Mehrdad Qasəmfər, Mana Neyəstəni həbs edilir. Ancaq bir müddət sonra azadlığa buraxılır.
***
Hadisələrin Danimarka olaylarının kserokopiyası olduğu göz önündədir. Müəllifi isə sözsüz ki, İsrail hərbi kəşfiyyatı AMAN, o cümlədən bu təşkilatın veteranı, necə deyərlər, qoca qurdu Uri Lubranidir.
Əməliyyatın uğurlu nəticələrindən ilhamlanıb doymayan Uri Lubrani bu olaylardan sonra Güney fəalları ilə maraqlanır. İsrail kəşfiyyatı, o zamanlar İranla öz qarşıdurmasında Güney fəallarına deyil, “İran xalq mücahidləri” kimi solçu marqinallara güvənirdi. Güney kadrlarına yaranan kəskin ehtiyac, görünür o vaxtlar Lubranini Azərbaycan diaspor təşkilatları ilə əlaqə qurmağa sövq edir. Lazımi ünvanları, dosyeləri bəlli bir ünvandan alan Lubrani ağlına belə gətirə bilmir ki, bizim diaspora rəhbərlərimiz əslində savadsız diletantlar yığnağıdır. Burunlarından uzağı görə bilmirlər. Kəşfiyyatçı-filan deyil, adi alverçi, ən yaxşı halda karyera həvəskarlarıdırlar. Güney fəallarının sırasında Tehran agentlərinin çoxluğu da tezliklə işə öz mənfi təsirini göstərir.
Tezliklə Güneydə kütləvi həbslər başlayır. Səriştəsiz milli fəallarımız istintaqda təzyiqə, işgəncələrə dözməyərək açırlar sandığı, tökürlər pambığı. Milli hərəkatımıza güclü zərbə ilə nəticələnən bu cəza tədbirlərindən sonra indi bu uğursuzluğun əsl səbəbkarı, nəhayət, bilinir. Əslində günahkar, İsrail mətbuatının iddia etdiyi kimi, Uri Lubrani deyil, bizim bəzi diaspora rəhbərlərimiz, ciddi işləri bu diletantlara həvalə etmiş sabiq MTN rəisimizdir.
***
AMAN-ın ənənəvi rəqibi MOSSAD görür dərə xəlvət, tülkü bəydir. Vəziyyətdən istifadə edərək AMAN-ı, şəxsən Uri Lubranini İran əməliyyatlarından kənarlaşdırır. Deyir, bəs İranla əlaqəli məxfi əməliyyatlara bu dəfə məhz özüm rəhbərlik edəcəm. Bəs guya bu sahədə sükanı, avarları ələ almağın indi əsl tam zamanıdır.
***
Günah keçisinə isə vəziyyəti bir başqa cür izah edirlər. İsrailə həmişə gətirdiyi qabırğalıq ətin bu dəfə aeroportdan kənara çıxmasına icazə vermirlər.
Ət də gedir, necə deyərlər, ip də...
Tezliklə o ipin, o ətin ardınca həmin nazirimiz də gedəcək, görərsiniz. Mən sağ, siz salamat.
Həmid HERİSÇİ