Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində təqribən 34000 manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında dərmanlar Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhəd xəttindən 200 metr məsafədə Azərbaycan Respublikası istiqamətində ağacların arasında gizlədilmiş halda tapılıblar.
Hindistan və İran istehsalı olan “Veltram-200”, “Alltram-200”, “Tramagelzik”, “Metadone-20”, “Metadone-40” markalı hər birində 10 həb olan 13190 ədəd “konvolüt” tipli dərman preparatı bağlamaları aşkar olunub.
Hazırda dərman preparatlarını qanunsuz yolla dövlət sərhədindən keçirməyə cəhd edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.