Tovuzda «tenderlər kralı» kimi tanınan Mahir Həsənov Qovlar camaatına «Ərəbzəngi» kəsilib
Tovuzun Qovlar qəsəbəsində mövcud problemlərdən biri ilə bağlı ötən gün yazı dərc etmişdik. Bu gün isə sakinlər yerli məmurların əlindən çəkdikləri müsibətlərdən daha biri barədə məlumat veriblər.
JAM.AZ-a müraciət edən Qovlar sakinləri bildiriblər ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov qəsəbənin əsas yollarından birini bağlayıb. Belə ki, özünə kəhkəşanlı villa tikdirən birinci müavin əvvəllər yolun birləşən nöqtəsində dəmirdən olan balaca köşkü «restavrasiya» edərək, onu aqlayla üzləyib. Daha sonra isə bu «üzləmə əməliyyatı» bütün yolun bağlanmasına və hasar şəkili almağa başlayıb. İndi isə qəsəbə sakinləri Mahir Həsənovun evinin qarşısından keçərək, digər yola çıxmaq imkanından məhrum olublar.
Qeyd edək ki, Mahir Həsənovu Tovuzda daha çox «tenderlər kralı» kimi tanıyırlar. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Tofiq Zeynalovun himayəsi altında rayonda həyata keçirilən bütün tenderlərə şərik olan müavini külli miqdarda dövlət vəsaitini mənimsəməkdə də ittiham edilir. Hətta onun bu yaxınlarda rayonda tamet istehsal edən, lakin heç bir sənədi olmayan sexlə «müqavilə» bağladığı da deyilir. Həmin «müqavilə»yə əsasən sexin istehsal etdiyi məhsulları ucuz qiymətə alan müavin, onu baha qiymətə sənədləşdirərək dövlətə satıb. Və onun bu kimi əməllərinin sayının həddən artıq çox olduğu deyilir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.