Bu ilin ilk 4 ayında ölkədə 735 yol qəzasında 313 nəfər ölüb, 746 nəfər yaralanıb
Azərbaycanda yol qəzalarının statistikası hər ötən gün daha da artır. Çox təəssüf ki, paytaxt Bakı və respublikanın digər yollarında baş verən avtomobil qəzalarında yüzlərlə insan həyatını itirir. Xüsusilə havaların istiləşdiyi və çimərlik mövsümünün açıldığı bu günlərdə hər gün ağır qəzalar baş verir və bu qəzaların nəticəsi çox ağır olur.
Təkcə bu il ərzində Azərbaycan ərazisində baş verən yol qəzalarında 313 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin ilk 4 ayında respublika ərazisində 735 yol qəzası baş verib. Nəticədə 313 nəfər ölüb, 746 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 169, ölənlərin sayı 26, yaralıların sayı 237 nəfər azalıb. Hesabat dövründə respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 299 yol qəzası baş verib. Nəticədə 107 nəfər ölüb, 215 nəfər xəsarət alıb. Cari ilin ilk dörd ayında ölkə ərazisində baş verən qəzalarda 21 azyaşlı uşaq ölüb, 47 nəfər isə yaralanıb. K.Əliyev bu il respublika ərazisində sərnişin avtobusunun iştirakı ilə 25 yol qəzası qeydə alındığını bildirib. Nəticədə 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu il paytaxtda baş verən yol qəzalarında isə 102 nəfər ölüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, cari ilin ilk 5 ayında paytaxt ərazisində 400 yol qəzası baş verib. Nəticədə 102 nəfər ölüb, 439 nəfər xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə, 35 ölüm faktı azalıb, xəsarət alanların sayı isə 28 fakt artıb.
“Yayda qəzaların statistikası artır”
Mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verən avtoekspert Nemət Ağalarova görə, havaların istiləşməsi, eyni zamanda çimərlik mövsümünün açılması qəzaların artmasına səbəb olub: “Statistikaya nəzər salsaq, çimərliklər olan ərazilərdə və ya magistralda baş verən yol nəqliyyat hadisələrinin daha çox olduğunu görərik. Ölümlə nəticələnən qəzaların 80 faizi də içkili sürücülər tərəfindən törədilir. Təəssüflər olsun ki, cəzaların bu qədər sərtləşdirilməsinə baxmayaraq, içkili sükan arxasında əyləşib qəza törədənlərin statistikasında azalma müşahidə olunmur. Məsələn, srağagün Zığ yolunda sərxoş sürücünün törətdiyi qəzada 3 gənc həyatının itirdi. Həmin qəza zamanı içkili sürücü hadisə yerini tərk etmişdi. Özü də, bu dəqiqə içkili sürücülərin qəza törətdikdən sonra hadisə yerini tərk etməsi ənənəyə çevrilib. Onlar bu metodla məsuliyyətdən bir qədər yayınmaq istəyirlər”.
N.Ağalarovun sözlərinə görə, təkcə cərimələrin artırılması və cəzaların sərtləşdirilməsi ilə qəzaların qarşısını almaq olmaz: “Mən təklif edərdim ki, yol polisi gecələr keçirdikləri reydləri bir qədər də artırsınlar. Xüsusilə restoranların, istirahət mərkəzlərinin yaxınlığında daima polis postu qurulmalıdır. Çünki toydan çıxan sürücülərin 80-90 faizi içkili olur. 10 manat verib "alkodrive" kimi xidmətlərdən yararlanmaq istəməyən sürücü, özünün, yaxınlarının və başqalarının həyatını təhlükə altına atır".
Ekspertin sözlərinə görə, Bakı və rayonlarda yol infrastrukturunun olmaması da qəzalara səbəb olur: “Ənənə davam edir yəni, bu gün yolu çəkib, səhəri gün qazırlar. Magistral yollarda saatda 110 kilometrlər gedən maşın kiçik bir çökəyə düşəndə hətta aşmaq təhlükəsi ilə üzləşir. Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində vəziyyət daha da acınacaqlıdır. Eyni zamanda ağacların arxasında gizlədilən yol nişanları və işıqforların səbəb olduğu qəzalar da az deyil. Bakıda kifayət qədər küçə və prospektin adını çəkmək olar ki, orada yol nişanlarını necə gəldi quraşdırıblar. Çox vaxt sürücü hərəkət zolağında bir-birinə zidd bir neçə yol nişanı ilə də qarşılaşır. Təəssüflər olsun ki, bu kimi neqativ hallar aradan qaldırılmır”.
"Yeni Müsavat"