Naxçıvanla bağlı ziddiyyətli savaş xəbərləri...

8-06-2014, 11:27   
Naxçıvanla bağlı ziddiyyətli savaş xəbərləri...
Muxtar Pespublikadakı yerli mənbələr Azərbaycan və Ermənistan ordularına məxsus döyüş helikopterlərinin havaya qalxdığını, qarşılıqlı atəş açdıqlarını deyir; Müdafiə Nazirliyi isə KİV-lərdə ermənilərin Naxçıvana hücumu ilə bağlı yayılan xəbərlərin əsassız və yalan olduğunu bəyanlayıb

Erməni ordusu Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ermənistanla sərhəd olan Ləkətaq kəndi istiqamətindən hücuma keçib. Axar.az xəbər verir ki, bu barədə Kəmalə Bənənyarlı özünün facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ermənilər həmin istiqamətdə bəzi yüksəklikləri ələ keçiriblər: “Kənd camaatı gecələr yatmır və döyüşlər gedir. Məlumatın nə qədər doğru olduğunu bilmirəm”.

Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, atəşkəslə bağlı bütün məlumatlar rəsmi internet səhifəsində yayımlanır.

Nazirliyin rəsmi saytında Naxçıvana hücumla bağlı heç bir məlumat yerləşdirilməyib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Naxçıvan müxbiri Həkimeldostu Mehdiyev “Yeni Müsavat”a deyib ki, Sədərək rayonunun Heydərabad kəndi ərazisində Miltəpə deyilən ərazidə döyüşlər olub: “Hazırda sakitlikdir. Amma dünənə qədər günlərlə orta çaplı silahlardan qarşılıqlı atəşlər açılırdı. Atışma düşmən səngəri ilə bizim səngərimizin arasında olurdu. Hətta dünən (iyunun 6-da) həm bizim, həm də erməni ordusunun hərbi vertolyotları havaya qalxıb, qarşılıqlı olaraq atəş də açılıb. Erməni vertolyotundan açılan atəş kəndin yaxınlığındakı dağa dəyib. Əməlli başlı döyüşlər gedib”.

H.Mehdiyev deyib ki, qarşılıqlı atışma zamanı Azərbaycan ordusu iyunun 2-də itki verib: “Düşmənlə döyüşdə zabitimiz Zaur Həsənli şəhid oldu. Ermənilərin itki verməsi haqda xəbər yoxdur”.

H.Mehdiyev deyib ki, ermənilər mövqelərimizi vaxtilə rus qoşunlarının köməyi ilə ələ keçirdikləri Kərki kəndindəki səngərlərdən atəşə tuturlar.

Azərbaycan Müdafiə Nazirliyini saytında 7 iyun 2014 il tarixli məlumat yerləşdirilib.

Həmin məlumatda deyilir: "Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub”.

Maraqlıdır ki, 2014-cü il mayın 31-dən iyunun 7-nə qədər olan məlumatlarda Naxçıvanda atəşkəs rejiminin pozulması haqda xəbər yoxdur. Bununla belə sayta 3 iyun 2014-cü ildə “Şəhid əsgər Həsənli Zaur Söhbətdin oğlu dəfn edilib” sərlöhvəsi altında xəbər yerləşdirilib.

Həmin xəbərdə iyunun 2-də Naxçıvandakı atəşkəs rejiminin pozulması nəticəsində şəhid olmuş əsgər Həsənli Zaur Söhbətdin oğlunun iyunun 3-də Xırdalan şəhərində dəfn olunmasından bəhs edilir.

Göründüyü kimi, Müdafiə Nazirliyi muxtar respublikadakı döyüşlərlə bağlı ictimaiyyətə geniş məlumat vermir. Döyüşlərin hansı səbəbdən gizlədildiyini söyləmək çətindir, amma hər halda ölkənin bir hissəsində günlərlə atəşkəs rejimi pozulursa, bu haqda mətbuata və xalqa ətraflı bilgi vermək daha doğru olardı. Əks təqdirdə, bu barədə yayılan xəbərlər xeyli yanlış və şişirdilmiş olur. Bu da müharibə şəraitindəki ölkənin təhlükəsizliyi üçün ciddi təhdiddir.

*****

Müdafiə Nazirliyi yalnız axşam saatlarında KİV-də Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

AzVision.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, həmin məlumatda bildirilir ki, "Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.