Mahir Quliyevin prezidentə pambıq kimi ağ yalanı: ŞOK İFŞA

27-02-2017, 07:54   

Son vaxtlar Biləsuvar rayonunda baş verən qanunsuzluqlar və birbaşa icra hakimiyyətinin başçısı Mahir Quliyevlə bağlı mediada ilginc məlumatlar dərc etmişdir. Onu da bildirək ki, cumhuriyyet.az olaraq da yayımladığımız bu məlumatlar, xüsusilə icra başçısının həyat yoluna dair faktlar rayonda ciddi rezonans doğurmuşdur. Biləsuvar İcra Hakimiyyəti bu faktlara rəsmi münasibət bildirmək əvəzinə isə rayon ictimaiyyəti arasında “boş şeylərdi”, “böhtandı”, “əhəmiyyət verməyin” kimi uğursuz təbliğat yolunu tutmuşdur. İndi isə cumhuriyyet.az İcra Hakimiyyətini öz dili ilə ifşa edəcək faktlara toxunaraq real mənzərəni ortaya qoyur. Baxın və görün həyat yolunda müəmmalı məqamlar olan icra başçısı rayonu hansı yalanlar üzərində idarə edir. Bütün bunlardan sonra bizim yazdıqlarımızın, yoxsa İcra Hakimiyyətinin rəsmi mövqeyinin “boş şeylərdi”, “böhtandı”, “əhəmiyyət verməyin” qiymətinə uyğun gəldiyini isə oxucular özləri qərar versin.
İcra Başçısının hesabatında pambıq “yumşaqlığı”
Biləsuvar Rayon İcra Hakimiyyətininin rəsmi internet səhifəsində yer alan 10 fevral 2017-ci il tarixli xəbər Biləsuvar rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı ilə bağlıdır. Məlumata görə iclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev ötən 2016-cı ildə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verib. Biz də cumhuriyyet.az olaraq bu hesabatın bəzi məqamları, daha dəqiq desək Biləsuvarda pambıq tədarükü ilə bağlı məsələlələri təhlil edəcəyik.
Pambıq rəngli yalanlar…
Bildirək ki, Mahir Quliyev hesabat məruzəsini yüksək pafosla başlayıb ( bu və bundan sonrakı çıxarışlar Biləsuvar rayon icra hakimiyyətinin rəsmi internet səhifəsindən götürülüb) və bildirib ki, “Rayonda 2015-ci ildə əkilən 3095 hektar sahədən 6362 ton pambıq yığılmışdırsa, 2016-cı ildə 6040 hektar sahədə pambıq əkilmiş və 12062 ton məhsul toplanmışdır. Bu da müvafiq dövrün göstəriciləri ilə müqayisədə 2 dəfə artım deməkdir. Bu müddət ərzində 12 min nəfər işlə təmin olunmuş və pambıq tədarükündən ailə üzvlərinin sayı 4 min nəfərə yaxın olmaqla 800 nəfər mülkiyyətçi 2.4 milyon manat gəlir əldə etmişdir. 2016-cı ildə istehsal olunan 12062 ton pambığa görə 721 nəfər mülkiyyətçi 1.2 milyon manat həcmində subsidiya alacaqdır.” İlk baxışda rəqəmlər cəlbedici və uğurludur. Amma…
Bax məsələ də bu amma ilə başlayır. İcra başçısının hesabatında əks olunan bu rəqəmlərin ardınca cumhuriyyet.az olaraq Dövlət Statistika Komitəsinin ötən ilə aid rəsmi məlumatını diqqətə çatdırırıq: “Saatlı fermerləri tarlalardan 11472,8 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 10865,8 ton, İmişlidə 9677,9 ton, Ağcabədidə 8540,9 ton, Beyləqanda 7607 ton pambıq tədarük olunub”. Ortada tam 2 min tonluq bir fərq var. Bu fakta daha bir məlumatı da əlavə edək: Fövqəladə Hallar Nazirliyinin noyabrın 22-də yaydığı məlumatda bildirilir ki, Biləsuvar rayonu Səmədabad kəndində ümumi çəkisi 200 ton olan pambıq tayasının 3 tonu yanıb.
O ki, qaldı 721 mülkiyyətçiyə, yenə də rayon icra hakimiyyətində yer alan məlumatı diqqətinizə çatdıraraq bildirək ki, yenə də rəqəmlər şübhəlidir. Çünki 13 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon icra Hakimiyyətində pambıq yığımının vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı rayon qərargahının iclasında elə həmin icra başçısı Mahir Quliyev bildirir: Rayonda fəaliyyət göstərən “CTS Aqro” MMC tərəfindən 198 mülkiyyətçi ilə 1650 hektar sahədə, ”MKT” MMC tərəfindən 570 mülkiyyətçi ilə 2632 hektar sahədə, ”Aqromaster” MMC tərəfindən 113 hektar sahədə müqavilə bağlanaraq pambıq əkini aparılmışdır.Bundan əlavə “CTS Aqro” MMC-nin təcrübə sınaq təsərrüfatı tərəfindən isə 1405 hektar sahədə yüksək repreduksiyalı pambıq toxumu əkilmiş, 240 hektar sahədə isə mülkiyyətçilər öz təşəbbüsü ilə müqaviləsiz əkin aparmışlar. Hesablamaları oxucunun öhdəsinə buraxırıq.
Pambıqçılığı məhv edən də özü və ya gerçək mənzərə
Onu da bildirək ki, Biləsuvar rayon icra başçısı Mahir Quliyevin pafoslu hesabatında göstərilənləri həqiqət kimi qəbul etsək belə bu, Biləsuvar rayonu üçün pambıq tədarükündə sensasion faktlar sayıla bilməz. Əksinə bu rəqəmlər bir neçə illə müqayisədə çox aşağıdır. Bu məqamla bağlı da cumhuriyyet.az olaraq yenə də icra başçısının öz sözlərindən misal gətirmək istərdik. 28 yanvar 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində pambıqçılığın inkişafı ilə bağlı kənd təsərrüfatı mütəxəssislərı və mülkiyyətçilərilə keçirilən görüşdə icra başçısı deyir: “Müstəqillik illərində də Biləsuvar rayonunda əhali tərəfindən pambıq həmişə becərilmiş və əsas məşğulluq sahələrindən biri olmuşdur. Kənd təsərrüfatı sahəsində aparılan islahatlardan sonra da bu sahəyə maraq azalmamışdır.2005-2006 və 2011-ci illərdə Biləsuvar rayonunda 10 min hektardan çox sahədə pambıq əkini aparılmış və ən yüksək halda əhali tərəfindən 18 min tona yaxın xam pambıq məhsulu istehsal edilmişdir”. Bu sözlərə isə tək bir əlavəmiz var: Mahir Quliyev məhz 2011-ci ildən Biləsuvar rayonuna rəhbərlik edir….
YALAN!
Bütüb bu təhlildən aydın olur ki, hər il saxta sənədlərlə yekun hesabat haqqında saxta məlumatlar ölkə rəhbərliyinə çatdırılır. Bu qədər şikayətlər, əhalinin narazılığının səbəbi isə hələ də olduğu kimi qalır. Onu da bildirək ki, rayondakı mənbələrin cumhuriyyet.az-a bildirdiyinə görə, icra başçısının fəaliyyəti bəzi yerli idarə və müəssisələrin də rəhbərlərinin ürəyincə deyil. Hətta icra hakimiyyətində yüksək post tutan məmurlardan biri ilə qeyri-iş sahəsinə bağlı məsələ üstündə ciddi konflikt yaandığı deyilir. Bu mövzunun xeyli məhrəm olduğunu nəzərə alaraq növbəti yazılarımızda buna qayıdacağıq. İndilik isə bütün sadalananlar və bir neçə gün öncə keçirilən yığıncaqda səslənən pafoslu fikirlərlə bağlı deyiləcək tək bir söz qalır. Bu rəqəmləri inkişaf kimi rəsmiləşdirib ortaya qoymaq və Prezident Adminstrasiyasının rəsmisi qarşısında səsləndirmək, prezidentə dolayısıyla söylənilən yalandır!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.