Ukraynanın şərqində müstəqillik istəyənlərlə federallaşma tərəfdarlarının müharibəsi getdikcə üzücü və dağıdıcı xarakter alır.
Ukrayna ordusunun qüvvələri Donetsk vilayətinin kiçik Slavyansk şəhərini separatçılardan təmizləmək üçün bir aydan çoxdur davamlı həmlələr etsə də heç bir ciddi irəliləyişə nail ola bilmir.
Döyüşlərdə isə hər iki tərəf ağır silahlardan, artilleriyadan getdikcə daha çox istifadə etməkdədir və bu da mülki əhali arasında tələfat riskini artırır.
Ukrayna ordusu separatçılara qarşı tankları, digər zirehli texnikanı və aviasiyanı, o cümlədən artilleriya sistemlərini işə salıb. Lakin separatçılar da silah-sursat baxımından pis təchiz olunmayıblar və onlar daşınan zenit-raket sistemləri, zenit pulemyotları ilə Ukrayna təyyarələrini, vertolyotlarını sıradan çıxarır.
Tank əleyhinə sistemlərlə zirehli texnikanın irəliləməsinə imkan vermir. Onların silah və hərbi texnika ilə təchizatı hazırda faktiki olaraq nəzarətsiz qalan Ukrayna-Rusiya sərhədləri vasitəsilə həyata keçirilir.
Ukraynanın Rusiya ilə sərhədində yüngül silahlarla silahlanmış sərhədçilər növbə çəkir və onlar Rusiyadan keçən yaraqlı dəstələrinə müqavimət göstərə bilmirlər. Bəzi məlumatlara görə, sərhədçilər hətta silah-sursat və muzdlular dolu “KamAZ”ları sərrhəddən buraxmaq üçün rüşvət də alırlar.
Ukraynanın şərqində aparılan əməliyyatlara cəlb olunmuş “Azov” xüsusi batalyonunun komandiri Yaroslav Qonçar bildirib ki, iyunun 8-nə keçən gecə Taqanroq istiqamətindən Ukrayna sərhədinə 10 BTR, 10 “KamAZ” və yedəyinə top qoşulmuş yanacaqdolduran yaxınlaşıb. Səhər saat 4 radələrində 6 BTR, 6 “KamAZ” və yanacaqdolduran maşın yedəyindəki topla birlikdə Ukrayna sərhədini keçib.
Y.Qonçar facebook səhifəsində yazıb ki, bu gecə hərbi texnika və avtomobillərin qalan hissəsinin də Ukraynaya keçəcəyi gözlənilir.
“Bizim sərhəd zastavalarına nə vaxta qədər kömək göndərilməyəcək? Sərhədi bağlamasaq, antiterror əməliyyatları illərlə davam edəcək!” - deyə komandir narazılığını ifadə edib.
Müstəqillik tərəfdarlarının qərargahından isə bildirilir ki, Ukrayna qüvvələri Slavyansk şəhəri yaxınlığındakı Semyonovka qəsəbəsini “Qrad” qurğularından atəşə tutub. Qəsəbənin əhalisi bomba sığınacaqlarına evakuasiya olunub. Separatçılar Ukrayna qüvvələrinə minomyot atəşləri ilə cavab verir.
Slavyanskın özündə isə içməli su xəttinin döyüşlər zamanı sıradan çıxması nəticəsində əhali susuz qalıb. Evlərdə içməli su yoxdur, həmçinin şəhərin yarısında işıqlar yanmır.
Dünən and içərək səlahiyyətlərinin icrasına başlayan yeni prezident Pyotr Poroşenkonun ölkənin şərqində aparılan uğursuz hərbi əməliyyatların davamı ilə hansı qərar verəcəyi maraqla gözlənilir. Poroşenko müharibə və qisas istəmədiyini bildirib.
“Exo Moskva” radiosu isə xəbər yayıb ki, Poroşenkonun Fransada Rusiya prezidenti Vladimir Putinlə qısa görüşü zamanı əldə edilmiş razılaşmaya əsasən tərəflər arasında elə bu gün Kiyevdə danışıqlar başlaya bilər. Lakin danışıqların hansı səviyyədə və kimlər arasında aparılacağı məlum deyil.