Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdə TSN kanalına müsahibəsində etiraf edib ki, yeni prezident Pyotr Poroşenkoya “islahatlar aparmaqda” kömək edəcək.
Virtualaz.org saytının TSN-ə istinadən verdiyi xəbərə görə, Saakaşvili Poroşenkonu “hərbi dövrün prezidenti” adlandırıb və deyib ki, ona kömək lazımdır.
Gürcüstanın keçmiş prezidenti hazırda Kiyev şəhər administrasiyasında, Ədliyyə və İqtisadiyyat nazirliklərində, regionlarda gürcü müşavirlərinin işlədiyini bildirib.
Bununla belə Saakaşvili şəxsən özünün Ukrayna hökumətində işləməyəcəyini deyib: “Mən özüm işləyə bilmərəm, ancaq çoxlu gürcü var ki, hazırda işləyirlər”.
O, bildirib ki, yaxın günlərdə Ukraynaya gürcü islahatçılarından ibarət komanda gələcək.
“Onlar bir neçə il əvvəl gürcü iqtisadi möcüzəsini yaradan adamlardır” - deyə Saakaşvili bildirib.
Gürcüstanın keçmiş prezidenti Poroşenkoya məsləhət görüb ki, ölkənin şərqində apardığı antiterror əməliyyatını heç cür dayandırmasın və Rusiyanın təxribatına getməsin. Onun fikrincə, Putinlə ancaq bu cür anlaşmaq olar.