O günlərin fotosu: şampan ziyafəti

8-06-2014, 14:56   

Bu şəkil 2010-cu ildə çəkilib. Nazirlərimizin qonağı Ukraynanın eks-prezidenti Viktor Yanukoviçdir.

Şəkildən də görünür ki, o, növbə ilə nazirlərimizlə qədəh toqquşdurur.

Budur, xarici işlər naziri Məmmədyarov öz qədəhini möhtərəm (o vaxtlar) cənab prezidentin qədəhinə vurub və ləngitmədən, şampanı soyutmadan başına çəkir.

Şahin Mustafayev də bu şərəfə nail olub və hələ fikirləşir, bir neçə saniyə sonra o da qədəhini qurudacaq.

Müdafiə sənayesi naziri Yavər Camalovun əlində badə görünmür, deyəsən, o ümumiyyətlə, yoxdur. Belə görünür ki, Camalov ya ümumiyyətlə spirtli içki içmir, ya da şampanı bəyənmir.

Rabitə naziri Əli Abbasova şampan şərabı lazım deyil, o, onsuz da möhtərəm cənabla qədəh-qədəhə vurmaq şansından kefikök və qürurludur.

PA-nın şöbə müdiri Novruz Məmmədovla Əli Abbasovun arasındakı, mediaya və ictimaiyyətə tanış olmayan şəxs Ukraynadakı səfrimiz Eynulla Mədətlidir. Güman ki, o, Yanukoviçlə qədəh toquşdurmaq lüksünü əvvəllər də yaşayıb, ona görə belə rahatdır.

Novruz Məmmədov isə daha şanslıdır: fotoqraf məhz onu prezidentlə qədəh-qədəhə vuran yerdə tutub.

Fövqəladə hallar naziri Kamaləddin Heydərov isə təvazökar şəkildə öz növbəsini gözləyir.

İndi o vəziyyət çox dəyişib. Artıq Yanukoviç şampan qədəhi toqquşdurası halda deyil. O, indi hardasa rus arağı içir və "ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" deyə acı-acı düşünür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.