“Qeyrət” və “kişilik” tarix boyu ən cəlbedici mövzulardan olub. Bizlər üçün
Birmənalı. Şəkk-şübhəsiz. Ya da bir az təsviri dildə deyim: tutaq yolda irili-xırdalı avtoqəza baş verən kimi hamı maşını saxlayıb, təcili yardım çağırmaq əvəzinə gözünü döyüb, ağzını marçıldadıb, küçə boyunca da öz manqurtluğu ucbatından “propka” yaradar ha... bax “qeyrət” və “kişilik” mövzusu da təxminən o fason bir şeydir. Harda ki söhbəti düşdü, anındaca hamı ayaq saxlayacaq, köks ötürəcək, ətrafda dairəvi “propka” yaradacaq. Üstəgəl, mövzu haqqında qanan da danışacaq, qanmayan da. Bilən də danışacaq, bilməyən də. “Qeyrət”in “Q”sını lupa, amöba zənn edən də danışacaq, “kişi”nin “K”sından “raqatka” kimi bəhrələnən də...
Bir sinif yoldaşım var, Elxan. Ginekoloqdu. Səmimi də oğlandı. O gün bulvarda oturub çay içirik. Başladı mənə heyrətamiz bir söhbət nəql eləməyə. Deyir, qaqa keçən həftə bir qaynata(?!) gəlinini doğuşa gətirib. Özü də dirəşib ki keysəriyyə eləmə. Ha başa salmaq istəyirəm ki, qadının çanağı doğuşa imkan vermir, yenə dediyini deyir adam. Axırda soruşdum, niyə? Niyə olmaz axı? Qayıtdı ki, “doxtur”, vallah qınamayin e bizi, rayon yerində belə şeyə pis baxırlar! Deyir mən də dözə bilməyib qayıtdım: ay balam, ayıbdırsa onda qoy axıra qədər ayıb olsun da. Elə məsələn, kişi ginekoloqun yanına gəlməyin özü...
Əlqərəz, biz artıq gəlininin doğuş strategiyasını belə quran “KİŞİ”lərin məmləkətində yaşayırıq...!
Hələ bir tanışım var. Biznesmendir. 4 ildə bir dəfə evinə gələ, ya gəlməyə. Hətta arsız-arsız bir dəfə özü danışdı ki, Bakıya evimə gələndə dostlar zarafatla deyir: “deyəsən yenə bazlığa gedirsən”. Bax, təxminən bu tip adamdır. Amma bir də... onun “möhtəşəm” dönüşünü izləyəsiz, çıxardığı oyunlara, sərgilədiyi “kişilik” tamaşalarına baxasız. Və ya həmin 4 illik yoxa çıxmanın 4 günlük Bakı antraktında biznesmen gədə arvadını elə sıxma-boğmaya salır ki... ”Bax, eşıdəm-biləm ki, çölə-bayıra başı bağlı çıxmamısan, gözünü tökərəm”, “bu evin kişisi var, mən nə desəm odur” və s bu kimi təhdidlərlə. Oysa, adama deyən lazım: guya arvadın nəsə eləsə haranla xəbər tutacaqsan, ay bədbəxt?! Sənin evlə, uşaqla bağlılığınmı qalıb? 4 ildə 1 dəfə - o da bu cür üslubda - ailə dəyəri bilənmi çıxıbsan? Arvad-uşaq sayanmı çıxıbsan?!
Üstəgəl, mövzunun ən qəribə tərəfi odur ki, günün 24 saatını ailəsinin, balasının üstündə əsən kişilərin ömrü boyu öz evində hörməti həmin boşboğazlar qədər olmur. Belələri bir yumruqla istənilən qarışıq, mübahisəli məsələni çözməyi bacarırlar. Həm də anındaca. Sanki, özlərinə qarşı bir növ immunitet, fobiya instinkti formalaşdırıblar. Sanki, öz məsuliyyətsizlikləri və qeyrəstsizlikləri fonunda zühur edən əzəli kompleksləri bu cür şablon “priyom”larla qırmağa çalışırlar. Və nəinki, çalışırlar, hətta bunu bacarırlar!
Bəzən belə “krutoy” oğlanların özlərinə də olmasa bəxtlərinə “balet” edirəm. Canım üçün!
Hələ şablon – “ağsaqqal”, “böyük”, “ata” təfəkküründən danışım sizə. Baxırsan adam qız ərə verib. O qız da ər evində hər gün eşşək balası kimi döyülür, mal kimi buddanır, çırpılır, amma boşanmır. Niyə? Çünki, bunlar tərəfdə ata evinə qayıtmağa pis baxırmışlar. Qızın qanlı köynəyi gələ bilər, amma özü yox. Qızın intihar eləməsi ayıb və günah deyil, amma hansısa vəhşinin əlindən qurtulmaq üçün öz doğma ailəsinə sığınması “zapadlo”dur. Və nəhayət, əgər qız boşanıb (hələ əli uşaqlı olsa lap pis) gəlirsə, demək ki həm də atanın, qardaşın, qohum-əqrəbanın papağını, yevlaxlılar demişkən, kom şəkildə yerə soxub gəlir. Başqa söhbət ola bilməz. Başqa variant yoxdur!
Amma... bütün bu mazoxizmə qarşılıq - kürəkən hansısa məclisə gedərkən qaynatanın maşınını ötsə, qaynata gələn yerdə ayağa durmasa, qaynatanın yanında siqaret çəksə.... bu olmadı artıq. Ayıbdır. Bəs necə? Böyük var-kiçık var, ədəb-ərkan var, adət-ənənə var...
...Yeyim sizin kişilik etallonlarınızı...
Hələ adamlar var, arvadından danışanda “üzr istəyirəm” deyir. Niyə? Fahişədir arvadın? Gəzəyəndir? Uşaqlarını bic doğub? Niyə üzr istəyirsən, ay manyak?
Ya da “uşaqlarımın anası...” Yox əşşi, nə danışırsan? Biz sənin arvadını uşaqların atası bilirdik e. Nə yaxşı dedin, xəbərimiz oldu.
“Tupoy”məxluqat...!!!
O gün metroya düşmüşəm. Guya biri öz aləmində centlimenlik, kişilik edib, hansısa xanıma yer verdi. Ardınca da “Əhmədli”dən düz “Memar Əcəmiyə” qədər yer verdiyi xanımın sınəsini yuxarıdan-aşağıya, bir saniyə fasilə vermədən horizontal, vertikal, diaqonal xətt üzrə süzdü!
Yerə soxum sənin centlimenliyini!
Efirə baxıram... “Elgiz müəllim”, “Zaur müəllim”, “Elariz müəllim”...
Allah xətrinə, bundan sonra müəllim deməyin mənə. Elə qaqadan-zaddan deyin, qəbulumdur. Vallah.
Bu ölkədə fahişəyə “canım”, arvadına “aaaz” deyən min dənə (məhz dənə!) ERKƏK tanıyıram...
Sizin “kalendar”da ayrıca bayram gününüz olmalı, şərəfinizə paytaxtın düz mərkəzində möhtəşəm meydan ya da parkdan-zaddan salınmalıdır e... Öz canım üçün. Ki, barı ildə bir dəfə də olsa “parada” düzülüb bu millətə kişilik marşı deyəsiz, qeyrət dərsi keçəsiz!
Hələ, qızlarını soyundurub, açıq hərraca çıxaran xalq artistləri...
Fahişəlik müqabilində yığdığı pullarla bədənini örtüb, bir an içində nəcib, ismətli, namuslu xanıma çevrilən gözəl-göyçək müğənnilərimiz + bu nur topalarını özlərinin baş tacı edən Babək qeyrətlilərimiz...
Bakıda 3-4 il bakirəliyini qoruya bilsə də, Moskvada bəlli səbəblər ucbatından eyni adlı estafeti davam etdirə bilməyən (məlum) kişi müğənnilərimiz!
Sizinlə də bir ayrı fəxr edirəm e, xəbəriniz olsun!
Qardaşsız, qardaş!
Ona görə...
aktual.az