«Həbsxana rəhbərliyi cinayətkar şəbəkə yaradıb»- Şok iddia

8-06-2014, 15:06   
«Həbsxana rəhbərliyi cinayətkar şəbəkə yaradıb»
12 saylı Cəzaçəkmə Müəssisəsindən dəhşət dolu məktub; rəhbərlik narkotik satdırır, bir nəfər dozadan öldü…Penitensiar Xidmət isə məhkumların belə bir məktub yazmadığını açıqladı

Ədiliyə Naziriliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhbus müəssisədən şikayətçidirlər. Məhkumlar - Tofiq Baxşıyev, Bayram Abdullayev, Ceyhun Hüseynov, Ramil Abdullayev, Arzu Orucov, Tərlan Əliyev, Mübariz Cabbarov şikayətlərini “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına göndəriblər. Onlar müraciətlərində bildirirlər ki,
cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov, onun müavini Qacay Aslanov, Babək İsgəndərov həbsxanada cinayətkar şəbəkə yaradıblar: “Cinayətkar şəbəkənin yaratdığı korrupsiya, özbaşınalıq, işgəncə, narkotika satışı nəticəsində 2 məhkum dünyasını dəyişib. Xəsarətli məhkumlar hələ də işgəncədən əziyyət çəkirlər. İmkanlı məhkumlara xüsusi şərait yaradılıb, ancaq imkansızlar alçaldılmaqda davam edilir. Müssisədə rəhbərlik tərəfindən açıq-aşkar narkotika satdırılır. Onların bu əməli ölümlə nəticələnsə də qarşısı alınmır. Mayın 6-da məhkum Cavid Umudov yüksək dozada narkotik qəbul etdikdən sonra dünyasını dəyişib”.
Məhkumlar bildirirlər ki, həftədə 2 dəfə 15 dəqiqə ailə üzvləri ilə telefon əlaqəsi yaratmaq hüquqları var. Ancaq müəssisə rəhbərliyi həftənin bütün günlərində istənilən saatda 1 çağırışa 5 manat ödəməklə telefon danışığına icazə verir. İdman zalında məşq ayda 20 manata, nömrə hamamda çimmək 5 manata, camaşırxanada paltar yuduzdurmaq isə 30 manata başa gəlir. Məhbuslar deyirlər ki, həbsxanada 3 kafe fəaliyyət göstərir: “Yeməyin 1 porsiyası 3 manatdan 7 manata kimi dəyişir. 1 çaynik çay üçün 2 manat, filmə baxmaq üçün hər məhkum 1 manat, çarpayının 1-ci yarısında yer almaq üçün 150 manat, məcburi əməyə karantində cəlb edilməmək üçün isə 200 manat ödəməliyik. Əks halda ağır işgəncələrə məruz qalıb karsa salınacağıq. Haqqımızda da tənbeh tədbiri tətbiq ediləcək. Rəis və onun müavini işə təyin olunana qədər müəssisədə komputer tədrisi ücün xüsusi otaq ayrılmışdı. 13 ədəd komputerdə məhkumlara pulsuz dərs keçilirdi. Ancaq, onlar işə təyin olunduqdan sonra dərslər ləğv olundu. Hər ay saç qırxımı keçirilir. Saç saxlamaq ücün 1 aya 10 manat pul ödəməlisən. 300 məhkum məcbur olub bu pulu ödəyir”.

Məhkumlar deyirlər ki, onlara verilən qidalar yararsız, kalorisiz, keyfiyyətsizdir. Yeməklərdən olduqca pis qoxu gəlir. Onlar üçün ayrılmış ərzaqlar mağazalarda və əldə satılır. Müayinədən keçirilən zaman 700-ə yaxın məhkumun ağ ciyərlərində ciddi xəstəliklər aşkar edilib. Məhkumların sözlərinə görə 1 korpusda 130 nəfərə yaxın məhkum saxlanılsa da, 3 tualet, 3 su kranı var ki. Buna görə də uzun-uzadı növbələr yaranır, mübahisələr dava-dalaşlar olur: “Tibbi sanitar hissəsində imkanlı məhkumlar 1 aya 300 manat verib uzun müddət orada qala bilirlər. Məhkumlara həvəsləndirmə tədbiri 150-200 manat rüşvətlə tətbiq edilir. Bu ilin noyabr ayınadək 400 nəfər məhkumun cəzasının sonudur. Bu da o deməkdir ki, onlar cəzalarının dörddə üç hissəsindən çoxunu çəkiblər, ancaq rəhbərliyin qoyduğu rüşvəti ödəyə bilmədikləri ücün cəzadan şərti olaraq vaxtından əvvəl məhkəmə yolu ilə azad oluna bilmirlər. Çünki məhkəməyə işləri cəza çəkmə müəssisəsinin rəhbərliyi təqdim edir. Müəssisədə 300 nəfərdən çox məhkumun adı işə yazılıb. Onların əvəzinə isə rəhbərlik imza edib, əmək haqlarını mənimsəyir. Cəmi 60-70 nəfər işləyir. Ancaq 300 nəfərin adı işə yazılıb. Müəssisədə istehsal olunan nərdtaxtalar, təsbehlər, evciklər və. s əşyalar satışa cıxarılıb əldə edilən pulları rəhbərlik mənimsəyir”.

Məhkumlar mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Ombudsmana, milli təhlükəsizlik naziri Eldar Mahmudova, baş prokuror Zakir Qaralova, penitensiar xidmətinin rəisi Mədət Quliyevə, bütün millət vəkillərinə, İctimai Komitənin üzvlərinə beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, hüquq müdafiəçilərinə müraciət edib, onlardan kömək istəyirlər: “Xahiş edirik, şəxsən gəlib, yazdıqlarımızı hərtərəfli araşdırıb, cinayətkar dəstə barəsində tədbirlər görəsiniz. Yolunuzu gözləyirik”.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən «Bizim Yol»a bildirildi ki, bu müraciət “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının uydurmasıdır: “Bilirsiniz ki, məhkumlar Penitensiar Xidmətə də, Prezidentə də vaxtaşırı müraciət edirlər. Yazılan ərizə və müraciətlərin necə ictimaiyyətə təqdim olunduğu hamıya məlumdur. Yazılı mətnin dərc olunmasından başqa, məktubun özünün şəkli də imzalarla birgə təqdim olunur. Dəfələrlə bu Alyans lüzumsuz sorğularla Penitensiar Xidmətə müraciətlər edib. Ancaq, heç bir mənası olmayıb. Məhkəmədə də bu məsələ öz həllini tapıb”.
Daha sonra bildirilir ki, müraciətdə 700-ə yaxın vərəmli məhkumun olması qeyd olunub. Ancaq, bütün dünya üzrə Azərbaycan təcrübəsi barmaqla göstərilir: “Vaşinqtonda keçirilən beynəlxalq konfransda Azərbaycan təcrübəsi hər kəsə örnək olaraq göstərilib. 38 ölkənin nümayəndələri ilə bu təcrübəni bölüşülüb. Necə ola bilər ki, təkcə bir müəssisədə 700-ə yaxın məhkumun ağciyərlərində ciddi xəstəliklər aşkar olunub. Bu faktın özü müraciətin başdan ayağa cəfəngiyyat olduğunun göstəricisidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.