“Xeyri yoxdur çaxırın, içmə, açar paxırın”.
Vaxtilə dədə-babalarımız çaxırın mənfi cəhətlərini görərək onun şəninə belə məsəllər çəksələr də, indi belə deyimlərə nə qulaq asan, nə də əməl edən var.
İndi “Wine house”, yəni “Şərab evi” kimi tanınan brend dükanlarda iki saat oturmaq yetər ki, atalarımızın bu məsəlini yada salıb qəşş eləyəsən.
Elə bu maraqla da yolumuzu şərab evlərinin birindən saldıq.
Piştaxtalara düzülmüş bahalı, yerli və müxtəlif xarici ölkələrin şərabçılıq məhsulları göz qamaşdırır. Diqqətimi çəkən qiymətlər başımı döndürür və satıcıya yaxınlaşıb söhbətə tutmağa başlayıram. İyirmi yeddi yaşlı arıq, uzunboy, şirinləhcəli Xeyrəddin adlı cavan oğlandan içkilərin haradan gəlməsi və qiymətləri ilə maraqlanıram. Sözü dilindən kəlbətinlə qoparmasan, ala bilməzsən.
- Bu içkilərin hamısı xarici ölkədən gətirilir, yoxsa yerlidir?
Əvvəl bir az düşünür, sonra isə niyə marağlandığımızı soruşur.
Guya içki alacağımızı bildiririk. Sualımıza qorxa-qorxa cavab verir:
- İçkilər xaricdən gəlir, firmalara paylanılır. Bizə isə “Qafqaz” MMC-dən və “Avrora”dan gəlir. Yerli içkilər də qəbul edirik. Amma ən çox xarici şərab məhsullarını götürürük. İçkilərin hər birinin sertifikatı var.
- Bəs, sizin bu “Şərab evi”nin içkiləri hansı ölkələrdən gəlir?
Sualımın arasında içəri müştəri girir və qiyməti 490 manatlıq “Martel” alır. Sonra isə gözü mənə sataşır, söhbəti dəyişir. İçkini guya hədiyyə aldığını bildirir və mağazadan çıxır.
Xeyrəddin isə suallarımdan yayınmağa çalışır:
- Nə danışım axı. Danışmaq istəmirəm. İçkilərimiz İtaliyadan, Yunanıstandan, Fransadan gəlir. Məsələn, mağazamızda Meksikanın öz “Tekilla”sı var, Şotlandiyanın viskiləri, Fransanın konyakı və çaxırı, İtaliyanın şərabı var.
- Bəs bu qiymətə spirtli içki alanlar olur?
- Əlbəttə. O qədər alanlar var ki! Alan olmasa, biz də götürmərik. Qiymətli içkilərin, qiymətli də müştəriləri olur. Ən çox da imkanlı və vəzifəli adamların övladları və özləri alır. Bizim “Şərab evi” elə-belə mağaza deyil e, adı kimi, dadı var. “Şərab evi”nin şərab kimi axan müştəriləri də çoxdur. Demək olar ki, elə hər gecə cavan uşaqlar burdan içki alıb yandakı restoranda yeyib-içirlər, sonra da qızları maşınlarına oturdub avtoşluq edirlər.
- Yəni bura içki almaq üçün vəzifəli və tanınmış şəxslər çox gəlir?
Susur... Handan-hana davam edir:
- Hə-ə... Gələnlər çox olur. Şou-biznes əhli də çox gəlir. Məsələn, bizdən içki almaq üçün Nadir Qafarzadə, Ədalət Şükürov, Səməd Səmədov və digərləri də daimi müştərilərimizə çevrilib. Xanım müğənnilərimizdən də içki alanlar çoxdu. Bəzən də elə içkili girirlər içəri.
- Heç olub ki, dediyin vəzifəli şəxslər və ya övladları sizdən içki alarkən pulunuzu kəsib və ya verməyib?
Düşünür...
Cavab verməkdən yayınmaq istəyir, ancaq bir neçə dəqiqədən sonra cavab verir:
- Nə deyim, vallah... Olub, amma məcbur qalıb susmuşam. Nə edim, nəsə deyəcəyəm, ya işdən mitilimi atacaqlar bayıra, ya da ki, 15 sutkalığa atdıracaqlar. Bəzən onların yekəxanalığının üzündən məcbur qalıb kəsiri maaşımla ödəyirəm. Mağazaya girəndə elə hərəkət edirlər ki, elə bil dədələrinə borcum var. Mən bunların əvəzinə pul ödəməliyəm. Ancaq belə insafsızlar az olur, çoxu artıq da pul verir, heç qalığını da istəmir.
O söhbət etdikcə mən də mağazadakı bahalı içkilərə göz gəzdirirəm. Qəfildən piştaxtadakı 1300 manatlıq konyakın haradan gəldiyini soruşuram.
- Fransadan gətirilib. Qiyməti də gördüyünüz kimi 1300 manatdır. O konyakın fərqli qiyməti olduğu kimi sayılıb-seçilən fərqli müştərisi də olur. Adətən onu vəzifəli şəxslər alır.
Söhbət zamanı müştərilər gəlib-gedir. İçki almamış çıxan olmur. Hiss olunur ki, hamısı paytaxtımızın imkanlı və yüksək təbəqəli şəxsləridir. Üst-başları göz qamaşdırır. Ciblərindən qalaq-qalaq pul çıxarıb bahalı və brend markalı içkilər alır, bizi də gözucu süzüb çıxırlar. Hətta məndən çəkindiklərini də hiss edirəm.
Gündəlik alış-verişlə maraqlanıram. Çəkinə-çəkinə cavab verir:
- Vallah, nə deyim?! Elə gün olur azı 500 manatlıq, ən çox isə 2000 manatlıq alış-veriş olur. Yay vaxtlarında xüsusilə gecələr alış-veriş edən müştərilərimiz çox olur. Axı paytaxtımız gecələr qaynamağa başlayır. Kassa, bütün sənədlər, lisenziya, bir sözlə hər şeyimiz var. Ancaq imkan vermirlər ki...
- Bəs, bu qədər alış-verişin qarşısında nə qədər maaş alırsan?
- Nə qazanıramsa, min bərəkət. Faizə işləyirəm. Maaşım elə ay çox olur, elə ay az. Bir söz deyim ki, çox dərinə gedirsiniz, cavab vermək istəmirəm. Yeri gəlmişkən, heç nazirlər min manat maaş almır, qalmışdı mən alam.
Bəzən danışdığı sözlərdə yalan tuturam, özünə deyirəm. Fikrə gedir və gülümsünür. Hətta çəkindiyini deyir, dəfələrlə danışmaq istəmədiyini bildirir.
- Bu qədər brend içkilərin içindəsən. Nəfsin çəkmir heç?
Şaqqanaq çəkib gülür:
- Yox, çəkmir. Çünki bura o qədər tanınmış, hörmətli adamların içkili halda girməyini görürəm. Bəzən gülürəm, bəzən də heyfslənirəm ki, belə tanınmış biri olasan, içki səni aciz edə. Hətta bir dəfə tanınmış vəzifəli şəxslərdən biri içkili halda bir xanımla dükanımıza girmişdi, dükanda musiqini bəyənib oynamağa başlamışdı. Yanındakı xanım isə onu sakitləşdirə bilmirdi. Ara-bir oynaya-oynaya məni də onunla oynamağa dəvət edirdi. “Ə, bacı oğlu, gəl oynayaq”, - deyirdi. Mən də utandığımdan yaxınlaşmadım. Sonra xanım içkiləri seçdi, 2700 manatlıq içki alıb çıxdılar (həmin vəzifəli şəxsin adını çəkir və Nazirlərdən birinin olduğunu deyir, amma yazmamağımızı da xahiş edir). Elə bunları görəndə öz-özümə deyirəm, hə, içmişəm çaxır, gözlərim axır” budur (gülür). Çox tanınmışlar gəlib-gedir, amma mən özümü elə göstərirəm, guya heç onları tanımıram. Əgər kimlərin buradan içki aldıqlarını görmək istəyirsinizsə, gecə 1-2 saat vaxtınızı ayırın, qıraqdan durun baxın, görün kimlər gəlib-gedir mağazaya. Burada çox şeylər baş verir e, yalnız gəlib görmək lazımdır.
İki saatlıq söhbətdən sonra dükandan çıxanda elə bilirəm ki, sərxoşam...