Mərkəzi Bankın 2014-cü ilin ilk 4 ayının (yanvar-aprel) yekunu üzrə hesabatı açıqlanıb.
Yerli valyuta ilə əhalinin əmanətləri bütün əmanətlərin 61,9 faizini (4 milyard 67 milyon manat, ilin əvvəli ilə müqayisədə 4,6 faiz çox), xarici valyuta ilə əmanətlər isə 38,1 faizini (2 milyard 502,9 milyon manat, ilin əvvəli ilə müqayisədə 0,2 faiz az) təşkil edir.
Mayın 1-nə qədər rezidentlərin bank əmanətinin həcmi 5 milyard 961,2 milyon manat olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 6,1 faiz artıb. Qeyri-rezidentlərin (xarici vətəndaşların) əmanətləri 608,7 milyon manat olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 21,5 faiz azalıb. Belə çıxır ki, ilin 4 ayında əcnəbi əmanətçilər Azərbaycan banklarına qoyduğu 167 milyon manat əmanəti geri götürüb. Bu, Azərbaycanın bank sektoruna inamsızlıq meyllərinin güclənməsindən xəbər verir.
Xarici əmanətçilər iflasa uğrayan “Royal Bank”ın sığortasız əmanətləri ilə bağlı qalmaqaldan sonra əmanətlərini çıxarmağa başlayıb. “Royal Bank” məsələsində İran vətəndaşları 100 milyon manat ziyana düşüb. Bankın lisenziyası ləğv edildikdən sonra oradakı əmanətlərin 71 faizinin batması əmanətçilərdə əsaslı narahatlıq yaratmışdı və artıq real nəticələr göz önündədir.
Ümumiyyətlə, aparılan araşdırmalar göstərir ki, əmanətlərin qorunması ilə bağlı Azərbaycanda ən ciddi problem sığortalanan əmanətin maksimal həcminin 30 min manat və faiz dərəcəsinin 9 faiz həddində müəyyən edilməsidir. Yəni Mərkəzi Bankın məntiqinə görə, 30 min manatlıq əmanət 9,1 faizlə banka qoyulursa, onun batmasına görə nə bank, nə də Mərkəzi Bank məsuliyyət daşıyır.
Bank ekspertlərinin fikrincə, dünya praktikasında belə bir qoruma mexanizmi yoxdur. Yəni bütün ölkələr əmanətlərin qorunmasını yalnız məbləğlə müəyyən edirlər. Əmanətləri faiz dərəcəsinə görə qorumaq isə həm beynəlxalq normalara, həm insan haqlarına, həm də iqtisadi nəzəriyyə adlı elmə ziddir.
Əmanətlərin faizə görə qoruması ilə bağlı Qazaxıstan nümunəsi 2006-cı ildə iflasa uğrayıb. Həmin il Qazaxıstanın Əmanətlərin Sığortalanması Fonduna üzv bankların biri bankrot oldu və əmanətlərin bir hissəsi batdı. Əmanətçilərdən biri Qazaxıstanın Mərkəzi Bankını məhkəməyə verdi və Qazaxıstan məhkəməsi əmanətçinin xeyrinə qərar çıxardı. Araşdırma zamanı bəlli olur ki, əmanətləri həm faiz, həm də məbləğə görə qorumaq olmaz. Yəni insan hüquqlarını bir tərəfdən genişləndirmək və digər tərəfdən məhdudlaşdırmaq mümkün deyil. Əmanətlərin qorumasının limitləşdirilməsi yalnız məbləğə görə mümkündür. Faizə görə limit qoyulması isə onu göstərir ki, əmanətçilərin hüquqları pozulur. Çünki iqtisadi nəzəriyyədə dövlətin əsas funksiyaları kimi rəqabətin təmin edilməsi göstərilir. Faiz dərəcəsinə limit qoyulmaqla bank sistemində əmanətlə bağlı rəqabət pozulur. Mərkəzi Bank bankların nizamnamə kapitalını qaldırmaq istəyir və bəzi bankların bağlanması ehtimalı yaranır.
Burada ən doğru yol məhz faiz dərəcələrinə görə bankların rəqabətinin təmin edilməsi ola bilər. İkincisi, belə bir limitin qoyulması ölkədə mövcud olan rəqabət qanunvericiliyinə ziddir. Üçüncüsü, əmanətçinin əmanətin qorumaqla bir tərəfdən hüquqlar genişləndirilirsə, başqa tərəfdən faizlə məhdudlaşdırılır. Dördüncüsü, bankların əmanətlərə görə tətbiq etdiyi faiz dərəcələri qanunla Mərkəzi Bankla razılaşdırılır. Necə ola bilər ki, Mərkəzi Bank özünün razılığı ilə tətbiq edilən faiz dərəcələrini özü tanımasın? Bu, absurdun son həddidir.
Adının çəkilməsini istəməyən bank ekspertinin “Yeni Müsavat”a açıqlamasına görə, Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu sadə və primitiv prinsiplər əsasında fəaliyyət göstərir: “Fonda bütün üzv banklar hər rüb qorunan əmanətlərin 0,125 faizi həcmində fonda ödəniş edirlər. Belə sistem rahatlığı və sadəliyi ilə dünyada seçilir. Beynəlxalq təcrübə göstərir ki, bütün üzv bankların hamısının bir tarif dərəcəsi ilə faiz ödəməsi ən sadə idarəetməyə əsaslanan bir mexanizmdir. Fondun fəaliyyətini tənzimləyən digər normativlər isə demək olar ki, əksər ölkələrdə oxşardır. Beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki, burada əsas məsələ əmanətçilərlə işin təşkilidir. Yəni işin səmərəli təşkili və fəaliyyətin günün tələbləri səviyyəsinə, eləcə də beynəlxalq normalara uyğun qurulması üçün ilk növbədə əmanətçilərlə iş gücləndirilməlidir”.
Əmanətlərin Sığortalanması Fondu isə 7 ildən artıq fəaliyyət göstərməsinə baxmayaraq hələ də illik hesabatları lazımi səviyyədə deyil. Yəni hər il mühasibatlığa aid yarımçıq iki göstəricini fondun rəsmi saytına yerləşdirməklə işlərini bitmiş hesab edirlər. Sual olunur, məgər əmanətçi mühasibatlığı bilməlidir?
Əslində burada Fondun cari ildə gördüyü işlər əks olunmalı və ictimaiyyətin daha çox məlumatlandırılması kursu götürülməlidir. Çünki Fondun bilavasitə məqsədi ictimaiyyətin maraqlarının qorunmasıdır. Başqa ölkələrin analoji təşkilatlarının illik hesabatına nəzər salsaq, görərik ki, heç bir ölkənin illik hesabatı Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun hesabatı kimi deyil.
Ekspert hesab edir ki, başqa ciddi məqam hələ də fondun strateji hədəflərinin nədən ibarət olduğunun ictimaiyyətə açıqlanmamasıdır. Xarici ölkələrdə isə bu tip fondların strateji planları özlərinin internet ünvanında yer alır. Onda belə çıxır ki, ya Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun belə strateji hədəfləri yoxdur, ya da elə bir səviyyədədir ki, ictimaiyyətə açıqlanası deyil. Elə bu səbəblərdən də əcnəbi əmanətçilərdə Azərbaycanın bank sektoruna qarşı inamsızlıq yaranıb və onlar pullarını geri çəkməyə başlayıblar