Elçibəyin qardaşından maraqlı açıqlamalar

9-06-2014, 10:43   
Elçibəyin qardaşından maraqlı açıqlamalar
Almurad Əliyev: “Elçibəyə xəyanət edənlərdən cəzalanmayan cəmi bir nəfər qalıb”; Oqtay Qasımov: “Surət Hüseynov nə Allah qarşısında, nə də ədalət qarşısında tam cəzasını alıb”
Sabiq prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev “Gündəlik teleqraf” qəzetinə müsahibəsində maraqlı açıqlamalarla çıxış edib. Almurad Əliyev deyib ki, Əbülfəz Elçibəyə xəyanət edən, onu meydanda tək qoyan, başqa fikirlərə düşənlərin hamısı cəzalanıb. Ancaq cəzalanmayan cəmi bir nəfər qalır.

A.Əliyev həmin bir nəfərin adını açıqlamaq istəmədiyini bildirib: “Düzdür, indi vəziyyəti yaxşı deyil, amma əminəm ki, Bəyə xəyanət edənlərin hamısı cəzasını çəkəcək. Bilirsiniz, Əbülfəz Elçibəy elə adam idi ki, qarışqaya belə pislik etməzdi. Hətta bilirdi ki, qarşısındakı adam onu sevmir, imkan olsa, arxadan onu vuracaq, amma yenə də pislik eləməzdi. Ona görə Əbülfəz Elçibəy Allah adamı idi. Kasıb, pulsuz adamlara hər zaman dayaq olurdu. Əbülfəz Elçibəy prezidentliyə bir kostyumu ilə gəldi və elə bu kostyum ilə də getdi. Bunu bütün aləm bilir. Bəyin prezident olmasının xeyri ölkəyə oldu, qohum-əqrəbasına olmadı. Biz də buna görə peşman deyilik”.

A.Əliyev Əbülfəz Elçibəy prezident olanda evlərinə pul, çoxlu hədiyyələr gətirildiyini, lakin heç vaxt onları qəbul etmədiklərini də açıqlayıb: “Biz bunları qəbul etmirdik. Biz şükür edirik ki, Bəy prezident olduğu bir ildə biz belə məsələlərə qarışmadıq. Bəlkə də, başqa zaman olsaydı, nələrsə edərdim. Amma bəyin xətrinə bu şeylərdən uzaq olduq. İndi olsa, qapazdıyaram. Əlbəttə, bunu zarafatla başa düşməlisiniz. And olsun Allaha, evə pulu çamadanla gətirirdilər. Ancaq biz geri qaytarırdıq. Bəy kimisə işdən çıxarmışdı, bir çamadan pulla evə gəldi. Ona dedim ki, pulunu götür get. Bəy bilər, səni işdən həmişəlik çıxarar, bizi də qırar. Başa saldım ki, Elçibəy başqa adamdır və belə şeylərə çox pis yanaşır. Bu hadisələrin şahidləri var. Bəlkə də, çamadanla pul gətirən adam indi də sağdır və Allahı da üstündədir. Biz belə məsələlərdə şirinlik, hədiyyə kimi halları rədd edirdik. Bilirdik ki, Bəy bilsə, əsəbiləşəcək. Həm də bizə də belə şeylər yaraşmazdı”.

Əbülfəz Elçibəyin prezidentliyi dönəmində və ömrünün sonunadək onun köməkçisi işləmiş ən sadiq adamı sayılan şəxsin Oqtay Qasımov olduğu bəllidir. Oqtay Qasımov “Yeni Müsavat”ın “Almurad Əliyevin dedikləri doğrudurmu, Əbülfəz bəyə xəyanət edənlərin hamısı bir nəfər istisna olmaqla cəzalarını alıblarmı” sualına belə cavab verib: “Bunlar Almurad bəyin subyektiv fikirləridir. Təbii ki, xəyanət eləyənlərin bir qismi sonradan cəzasını aldı. Amma mən düşünürəm ki, haqq elədikləri cəzanı almadılar. Ən azı Gəncə qiyamında iştirak edib Azərbaycan dövlətinin inkişafına zərbə vuran, dövlətin inkişafını illərlə geri atan və bu prosesin nəticəsində ərazilərimizin itirilməsinə səbəb olan, Dağlıq Qarabağ probleminin ədalətli həlli prosesinə zərbə vuran insanlar, hesab eləmirəm ki, çox da layiqli cəzalarını aldılar. Onların bir qismi müxtəlif müddətlərə həbsdə yatdılar. Amma mən düşünmürəm ki, onlar haqq elədikləri cəzaları aldılar.

Çünki ən azı Milli Qvardiyanın əsgərləri rəhmətlik Tahir Məmmədovun başçılığı ilə Gəncə şəhərindən silahsız şəkildə çıxmaq istəyəndə onların avtobusunun qarşısını kəsib onları gülləbaran edən şəxslər, bu göstərişi verən Surət Hüseynov, hesab eləmirəm ki, hələ nə Allah qarşısında, nə də ədalət qarşısında tam olaraq cəzasını alıb. Düşünmürəm ki, Surət Hüseynov tam olaraq öz cəzasını aldı və bununla da məsələ bitdi. Bizim yaşadığımız müddətdə yenidən Gəncə hadisələrinə qayıdılacaqsa və hər kəs etdiyi əmələ görə cəzasını alacaqsa, bu başqa məsələ. Çəkməyəcəksə, təbii ki, bu, Allahın təqdirinə qalacaq və onlar bu dünyada almadıqları cəzanı o dünyada çəkəcəklər. Odur ki, mən düşünmürəm ki, Əbülfəz bəyə və əslində Azərbaycana xəyanət edənlərin hamısı cəzalarını haqq elədikləri qədər çəkdilər və onlardan yalnız bir nəfər cəzasını çəkməyib”.

“Almurad bəy Əbülfəz bəyin prezidentliyi zamanı onlara müxtəlif məsələlərin həlli üçün pul, hədiyyə gətirildiyini və imtina etdiklərini söyləyir. Prezidentin köməkçisi olaraq sizə də rüşvət, hədiyyə təklifləri olurdumu” sualına Oqtay Qasımov belə cavab verdi: “Mənə belə təkliflər olmayıb. Ola bilsin ki, məni tanıdıqları və belə məsələlərə kəskin münasibətimin olduğunu bildikləri üçün bəlkə də risk eləməyiblər. Amma bilirdim ki, kimlərəsə yollar axtarılır, onların vasitəsilə nə isə işlər görmək istənilir. Məsələləri belə yollarla həll eləməyə meylli insanlar da yəqin ki, az da olsa var idi. Görünür, onlara daha çox o cür müraciətlər olunub. Amma ümumən hesab eləmirəm ki, bu, çox da kütləvi hal idi və buna gedən insanlar da kütləvi idi. Müəyyən səviyyədə yüksəkdə işləyən insanların çox böyük əksəriyyəti bu cür qanunsuz məsələlərdən kənarda qalırdı”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.