Qarabağ diplomatiyasında fəallaşmanın pərdəarxası

9-06-2014, 10:45   
Qarabağ diplomatiyasında fəallaşmanın pərdəarxası
Ekspertlər yüksək çinli rusiyalı məmurların Bakıya səfərlərinin intensivləşməsini şərh edir; “mümkündür ki, Moskva Azərbaycana amerikalı həmsədrin təkliflərindən daha cəlbedici şərtlər təklif eləsin...”
İyun ayının Azərbaycanın köklü maraqları, o sırada Dağlıq Qarabağın həll perspektivi baxımından kifayət qədər gərgin keçəcəyi gözlənilir. Ən azı ona görə ki, bu ayın sonlarında Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün rəsmiləşməsi ilə yanaşı, Bakının da ölkənin yeni quruma qoşulması ilə bağlı Moskvanın təklifinə bitkin cavab verməsi gözlənilir.

Hər iki məsələnin birbaşa və ya dolayısıyla Qarabağ probleminə dəxli var. Rusiya diplomatiyasının odioz fiqurlarından olan xarici işlər naziri Sergey Lavrovun və baş nazirin müavini, Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının sədri Dmitri Roqozinin Bakıya səfərləri də məhz bu aya planlaşdırılır. Bəllidir ki, Roqozin həm də silah satışı məsələlərini kurasiya edir.

Bəs, qarşıdakı səfərlərdən real gözləntilər nə ola bilər? Ekspertlər bu yöndə nə düşünürlər? minval.az-a portalına açıqlamasında politoloq Zəfər Quliyev indiki mərhələdə Rusiyanın Azərbaycana təzyiqlərini davam etdirəcəyini deyib: “Ancaq yüksək çinli Kreml emissarlarının budəfəki səfəri açıq təzyiq xarakteri daşımaya da bilər. Adətən Moskva əlindəki ”kökələrdən" istifadə edərək çalışacaq ki, Azərbaycan onun şərtlərini könüllü şəkildə qəbul edib Avrasiya İttifaqına qoşulsun, Moskva ilə əməkdaşlığı gücləndirsin, Qərbə inteqrasiyadan imtina etsin".

Politoloqa görə, Lavrovun səfərin ən əvvəl Qarabağ probleminin Bakının maraqları çərçivəsində həlli perspektivləri ilə bağlı olacaq: “Mümkündür ki, Azərbaycana amerikalı həmsədr Ceyms Uorlikin təkliflərindən daha cəlbedici şərtlər təklif edilsin. Yaxud Uorlikin təklifləri Moskvanın anlamında təqdim olunsun. Hazırkı mərhələdə Kreml Bakının saqqızını oğurlamağa, Qarabağ nizamlanmasına hazır olduğunu nümayiş etdirməyə və hərbi-texniki əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu göstərməyə səy edir. Bununla belə, Bakıda başa düşürlər ki, bu ”kökələrin" arxasında daima sərt qamçı görünür və Moskvanın təkliflərinə qarşı Bakının inadkarlığı qamçı amilinin güclənməsinə gətirəcək".
“Təzyiqlər bu gün meydana çıxmayıb. Hələ Ukrayna hadisələri başlananadək Moskva postsovet ölkələrinə, ələlxüsus da geostrateji inkişaf vektorlarını dəyişmək istəyən GUAM-a üzv dövlətlərə bərabər səviyyəli təzyiqlər edirdi. Bu mərhələdə isə təzyiqlər hiss edilən predmet xarakteri daşıyır. Son zamanlar Azərbaycanın hakim elitasının bəzi nümayəndələrinin, o cümlədən parlamentin spikerinin kifayət qədər riskli bəyanatlar verməsi də Bakıya təzyiqlərin şiddətini büruzə verir. Bu, həmçinin, onu sübut edir ki, getdikcə Bakıya balanslı siyasət aparıb Moskva və Vaşinqtondan eyni qədər məsafə saxlamaq çətinləşir” - deyir politoloq.

Onun sözlərinə görə, situasiya təhlükəli və həyəcanlıdır: “Azərbaycanın rəhbərliyi, dövlət başçısı yəqin ki, bu və ya digər prinsipial qərarlara görə tarixi məsuliyyəti başa düşür. Çünki bizim keçə bilməyəcəyimiz qırmızı xətt var. Bizim üçün qırmızı xətt milli-dövlət maraqları, suverenlik, ərazi bütövlüyüdür ki, onlar heç cür hansısa prinsipial güzəştlərin obyekti ola bilməz. Ümid edirəm ki, bütün rusiyameylli bəyanatlar təhlükələri yumşaltmaq, neytrallaşdırmaq üçün taktiki xarakter daşıyır”.

* * *


Öz növbəsində sabiq dövlət müşaviri, Vəfa Quluzadə iki yüksək çinli moskvalı məmurun Bakı səfərinin Qarabağ məsələsinə müsbət təsir etməsini istədiyini deyir: “Çünki bu gün Azərbaycan cəmiyyətinin ilk öncə Qarabağ məsələsinin həlli və müharibə vəziyyətindən çıxmaq düşündürür. Lakin belə şey olmayacaq. Rusiyadan gələnlər Azərbaycan rəhbərliyini dilə tutmağa çalışacaqlar ki, ölkə Avrasiya İttifaqına yaxınlaşsın. Azərbaycan isə hazırda həm Avrasiya Birliyi, həm də Avropa İttifaqından bərabər məsafə saxlamaq siyasəti yürüdür. Rusiya perspektivləri çox şübhəli olan geosiyasi layihələr həyata keçirir. Və çoxlu tənqidlər səslənir ki, bu birliyin mənası varmı? Ya tutaq ki, Qırğızıstan və Ermənistanın bu quruma üzvlüyü nə verəcək? Qərbin neft şirkətləri ilə, Çin və ABŞ-la energetik məsələlərdə əməkdaşlığı genişləndirən Qazaxıstan nə verəcək? Avrasiya Birliyi - Rusiyanın dominantlıq elədiyi könüllü ittifaq deyil. Moskva öz keçmiş müstəmləkələrini bu alyansa cəlb eləməyə çalışır”.

Quluzadə hesab edir ki, Rusiya müxtəlif üsullarla Azərbaycanı öz tərəfinə çəkməyə səy edəcək: “Ancaq bizim cəmiyyət nə Gömrük İttifaqını arzulayır, nə də Rusiya-Azərbaycan yaxınlaşmasını, ona görə ki, ərazilərimiz işğal edilib. Hamıya da aydındır ki, Ermənistanın arxasında Rusiya dayanıb”.

Politoloqa görə, ictimai rəyi bir dəfə, iki dəfə, üç dəfə ciddiyə almamaq olar, ancaq sonra gərək neqativ nəticələri gözləyəsən: “Qərb-Rusiya qarşıdurmasının güclənməsi səbəbindən Moskva qürrələnərək hamıya göstərmək istəyir ki, guya güclü ittifaq yaradıb və Qərbə ehtiyacı yoxdur. Halbuki, heç də belə deyil. Roqozin silah satışı məsələlərinin kurasiyası ilə məşğuldur. Biz hələ nə qədər Rusiyadan silah almalıyıq ki, Kremli işi yaxşı getsin? Biz onunla onun öz silahı iləmi vuruşacağıq? Bütün bunlar narahatlıq yaradır. İndiyədək mənim xarici siyasətlə bağlı iradım olmayıb. Ancaq Azərbaycanın Avropa Birliyindən çəkinməsinin iki izahı ola bilər: birincisi, onların standartları bizə uyğun deyil; ikincisi, biz ona yaxınlaşardıq, amma Rusiyadan, riskə getməkdən qorxuruq, çünki Avropa Birliyi hələlik bizə zəmanət verə bilmir. Bizim hakimiyyət də bacardıqca manevr edir. Şəxsən mən riskə gedər, Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalayar və NATO-ya inteqrasiyanı bəyan edərdim. Artıq 20 ildir ərazilərimiz işğal altındadır: Əliyev Medvedyevlə, Putinlə görüşüb. Nəticə isə yoxdur. Rusiyadan bizə yalnız Qarabağ probleminin nizamlanması lazımdır. Ayrı heç nə”.

* * *
Rusiyalı politoloq, “Siyasi ekspert qrupu”nun rəhbəri Konstantin Kalaçyov isə Azərbaycanın yeni quruma mümkün üzvlüyündən danışarkən deyib ki, Bakı AİB-ə yalnız Qarabağ məsələsində irəliləyiş olacağı təqdirdə qoşula bilər.

“Hərənin öz maraqları var. Rusiya konfliktin nizamlanması məsələsində inkişafda maraqlıdır. Ancaq burda müddətlə bağlı sual ortaya çıxır. Ermənistanın da nizamlanma ilə bağlı mövqeyi var. Rusiya bu mövqeyin üstündən, yanından keçə bilməz. Problemin həllinə dəstək olacaq, amma dinc həllə nail olmaq olduqca çətindir, hazırkı nəsillər üçün bəlkə də mümkünsüzdür...”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.