Xərçəng xəstəliyi bəxtəbəxtdir

24-03-2017, 12:05   

24 Mart 2017 11:30 Print Email
“Telegraph” yazır ki, ABŞ alimlərinin yeni araşdırması xərçəng xəstəliklərinin üçdə ikisinin qaçılmaz olduğunu göstərib.

Alimlərin fikrincə, xərçəng xəstəliklərini yaradan hüceyrələrin bölünməsi zamanı gen zəncirində baş verən təsadüfi səhvlərdir.

Halbuki geniş yayılmış elmi qənaətə görə xərçəng mutasiyalarına ətraf mühit faktorları və irsi meyllilik səbəb olur.

Lakin indi alimlər bildirirlər ki, xərçənglərin böyük əksəriyyəti DNT-nin bölünməsi zamanı sırf təsadüfdən baş verən qüsurlardan yaranır.

ABŞ-dakı Johns Hopkins Kimmel Xərçəng Mərkəzinin aparıcı həkimi Cristian Tomasetti deyib ki, xərçəng riskinin azaldılması üçün siqaret kimi zərərli adətlərin tərgidiləməsi tövsiyə olunur, lakin bölünən hüceyrələrin çoxsaylı səhvlərə yol verməyəcəyinə qarantiya yoxdur.

Science jurnalında dərc olunmuş məqalədə deyilir ki, bütün xərçəng xəstəliklərinin üçdə ikisi DNT-nin surətinin çıxarılması zamanı xərçəng yaradan mutasiyalara görə baş verir.

Doktor Bert Vogelstein isə deyir ki, hüceyrələrin belə səhvlərə yol verməsi hətta ən sağlam həyat tərzi keçirən adamlarda da baş verə bilir.

Alimlər qrupu bu nəticəyə gəlməzdən əvvəl xərçəngin 32 növü zamanı yaşanan anormallıqları öyrəniblər.

Nəticələr göstərib ki, xərçəng xəstəliyinə bir və ya daha çox kritik gen mutasiyası səbəb olur.

Xərçəngin müəyyən növləri – prostat vəzinin, beynin və sümüyün xərçəngi zamanı mutasiyaların 95 faizinə səbəb DNT-nin özünü köçürməsi zamanı baş verən səhvlər olur.

Mədəaltı vəz xərçənginin 77 faizi DNT-nin köçürülməsi zamanı baş verən qüsurlarla bağlıdır. Amma ağ ciyər xərçənginin yalnız 35 faizi hüceyrə bölunməsi səhvlərinə görə baş verir.

Alimlərin fikrincə, xərçənglərin yalnız 29 faizi həyat tərzi və yalnız 5 faizi irsiyyətlə bağlıdır. Qalanı, necə deyərlər bəxtəbəxtdir.

Alimlər DNT-nin özünü köçürərəkən buraxdığı səhvi kompüterdə yazarkən buraxılan hərf səhvləri ilə müqayisə edir.

Məsələn, əgər siz yuxulu deyilsinizsə və kompüterinizin klaviaturasında “boşa gedən” hərflər yoxdursa, yazınızda səhvlər də az olacaq.

“Amma səhvlər bütün hallarda baş verəcək, çünki heç kəs bundan sığortalanmayıb” – deyir doktor Vogelstein.

Bununla belə, Londondakı Xərçəng Araşdırmaları Mərkəzinin direktoru Mel Greaves deyir ki, xərçənglər təsadüf nəticəsində yaransa da, onların böyük bir qisminin qarşısının alınması mümkündür.

(bbc azəri)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.