Moskva metrosunun “Novoslobodskaya” stansiyasının yaxınlığında görüş təyin edir. Təmtəraqsız, sıradan bir kafedir. İçəridə, stolların üstündəki çaydanlardan bəllidir ki, azərbaycanlıların kafesidir. Amma içəridə əyləşmirik. Əvvəlcədən danışıbmış, ayrıca otağa keçirik. İçəri girən kimi də siqaretini stolun üstünə atıb, gödəkçəsini çıxarır. Söhbətə isə tamam başqa mövzudan başlayır.
- Dostumdur, bayaq məni düşürən. Restoran işlədir, burada yaxında. Milyonu var, amma yenə də köhnə “Volvo”da gəzir. Bilirsənmi niyə?
- Gözə girməmək üçün?
- Xeyr, xeyr, əzizim, həmin “Volvo”da bir vaxtlar Cövhər Dudayev gəzib. Bu da həmin avtomobili Peterburqda kimdənsə alıb. O avtomobilin Peterburqa necə gedib çıxması isə mənə maraqlı deyil, düzü. Amma maşın Dudayevin olub, bu, dəqiqdir. Sonradan bu avtomobili Avropadakı çeçenlər ondan almaq istəmişdilər, dəyərindən qat-qat artıq pul təklif etmişdilər, amma razı olmamışdı. Nə isə… Çay, ya kofe? Bu nə sualdı mən verirəm, bakılı niyə kofe içsin ki?!
Çay sifariş verir. Özü də əncir mürəbbəsiylə.
- Mən həmişə ya heyva, ya da əncir mürəbbəsiylə içirəm. Bakını xatırladır hər halda... ”SUM”un (Mərkəzi Univermaq-S.M.) yanında Rza dayının çayxanası dururmu? Basindən üzü “SUM” gedəndə, Şahmat Evini keçəndən sonra xudmani çayxana vardı. Rza dayı işlədərdi. Cavanlıqda ora yığışardıq. Kimlər gəlmirdi ora, kimlər. Nə söhbətlər olurdu?! Hə, söhbət demişkən, heç də siz yazdıqlarınız kimi deyil hər şey. (Lent.az-da kriminal avtoritetlərlə bağlı yazıları deyir) Uzağı, 10-15 faizi doğrudur. O gün oxuyuram “Piçuqa”dan (hazırda həbsdə olan qanuni oğru Yuri Piçuqin) yazıblar. Az qala Rusiya kriminalitetinin atası kimi təqdim edirlər. Yoxdu əziz qonaq, bitdi. Ded Xasandan sonra bitdi hər şey…
***
Bakılıdır həmsöhbətimiz. Bir vaxtlar Ukraynada özündən söz etdirmiş birisi. İndi vaxtının çoxunu Rusiya paytaxtında keçirir. Kiyevə isə darıxanda gedir, özü demişkən. Bakıya? Yox, illərdir bura gəlmir.
- Heç kim yoxdur Bakıda. Ümumiyyətlə, heç kimim. Uşaqlar da rəhmətə gedib. Kimi öz əcəliylə, kimi də öldürüldü. Sonuncu dəfə Masallı Mamedlə görüşənəm. Nə bilim, bəlkə də 20 il olar. Həmin görüşdən heç iki gün keçməmiş eşitdim ki, “Viktoriya”da tutublar Mamedi. Burada Moskvada, Şelkovski tərəfdə “Viktoriya” restoranı vardı, indi bilmirəm durur, ya yox. Orda nahar edirmiş, giriblər içəri. Soruşublar ki, Mamed Hüseynov kimdir? Deyib ki, mən. Sakitcə deyiblər ki, dur gedirik. Aparıblar idarəyə, deyiblər ki, bu 2 qram heroin sənin cibindən çıxdı. Vəssalam. Mamed də eləcə gülüb, bir söz deməyib, 6 ay vermişdilər Mamedə. “Matrosskaya tişina”da yatdı. Günə gün. Ora çatanda isə artıq Mamedi tanıyırdılar. Mamed ehhh... Sonuncu mogikan idi Mamed.
- Hikmətdən sonra?
- Hə, elə demək olar.
Deyir, əslində Hikmətin ölümündən sonra Rusiyadakı azərbaycanlı kriminalitet çaş-baş düşür. Hərəsi bir tərəfə dağılırdı az qala.
- Gürcülərə sığınan kim. Ded Xasana yalvaran kim. Hərə özünə “krışa” axtarırdı. Yox, Rövşən hələ o qədər də tanınmırdı o vaxtlar. Mamed isə əlindən gələni elədi ki, onları bir araya yığsın. Sizə bir məqamı da deyim. Əslində, bunu bəlkə də az adam bilir. Mamed bizimkiləri - olar da belə deyim - toparlamışdı. 2006-cı ilin aprelində böyük qardaş çağırılan Hikmət Moskvada, Leninqrad prospektində güllələndi. Həmin vaxt “Yaponçik” də dəfnə gəlmək istəyirmiş, bunu bilirsiniz. Amma Azərbaycana buraxılmayıb. Mamed isə dəfndə iştirak edəndən sonra birbaşa Moskvaya uçmuşdu. “Yaponçik”lə görüşə. Mamed gözəl bilirdi ki, Ded Xasan klanına qarşı duruş gətirmək üçün mütləq İvankovla, “Yaponçik”lə birləşmək lazımdı. Pərən-pərən düşmüş azərbaycanlıları da məhz onun ətrafına yığmaq istəyirdi. Amma bir məqam vardı ki, bu possesi ləngidirdi. Söhbət ondan gedir ki, “Yaponçik” bir neçə il əvvəl Moskvadakı “Fidan” restoranında Türkiyədən olan iş adamlarının qətlində ittiham olunurdu. Həmin iş adamlarına isə Hikmət “krışalıq” edirmiş. Bu məsələ “Yaponçiklə” Hikmətin arasını soyutmuşdu. Bununla belə, “Yaponçik” sübut edə bilmişdi ki, həmin qətl onluq deyil. O, Hikməti inandıra bilmişdi. Yeri gəlmişkən, sonradan məhkəmə də “Yaponçik”in bu məsələdə heç bir günahı olmadığını sübut etdi. Bütün bunlara baxmayaraq, bəziləri “Yaponçik”in səmimiyyətinə inamırdılar. Mamedin isə yenə deyirəm, başqa əlacı yox idi. Ded Xasana inanmırdı, amma bilirdi ki, Hikmət “Yaponçik”lə dost olduğuna görə ona, necə deyərlər, bir köynək yaxındır. Buna görə də, məhz onu seçir.
- Belə çıxır ki, Mamed də “Yaponçik”in “krışalığını” qəbul edir?
- Yox, əslində elə demək olmaz. Həmin vaxt Mamedə qarşı da bəzi dairələr çirkin təbliğat aparırdılar. Onun bazarlardan haqq yığdığını iddia edirdilər. Amma bilin, nə Hikmət, nə Mamed bazar-dükan adamı deyildilər. Yadımdadı, Hikmətin yaxın qohumu - məncə, adı Yunus idi - Sarıyev qardaşlarının “Vıxino”dakı bazarlarında Hikmətin adıyla pul toplayırmış. Sarıyevlər bu barədə Hikmətə demişdilər. Hikmət isə əslən Saatlıdan olan “Xan” adlı avtoriteti məsələni öyrənmək üçün ora yollamışdı. “Xan” bir neçə gün araşdırmadan sonra məsələnin həqiqət olduğunu Hikmətə deyib. Hikmət isə onu cəzalandırmışdı. Elə Sarıyev qardaşlarını da. Çünki bu barədə ona gec məlumat vermişdilər. Yeri gəlmişkən, Sarıyev qardaşlarının da sonu yaxşı olmadı. Məncə, o qardaşlardan üçü öldürüldü. Əvvəl Çingiz, sonra digərləri. İndi həmin bazarı əllərində saxlayırlar, ya yox, deyə bilmərəm. Hə, harada qaldıq? Mamedi elə özümüzünkülərin gözü götürmürdü. Mamed isə yaxşı başa düşürdü ki, həmin ərəfədə, yəni Hikmət öldürüləndən sonra Rusiyada iki böyük kriminal qüvvə var və onların hökmranlığı ilə barışmaq lazımdır. “Ded Xasan” və “Yaponçik”.
Mamed isə haqlı olaraq “Yaponçik”i seçmişdi. Başqa bir məqam. 2009-cu ilin martında Mamedi, Novxanılı Dadaşı, bir də səhv etmirəmsə, Qoca Bakinskini Moskvadakı “Günəbaxan” restoranında “sxodka”da tutmuşdular. Həmin vaxt Mamed 2-3 ay idi ki, həbsdən çıxmışdı. Mamedi və dostlarını bir neçə saat saxlayandan sonra buraxmışdılar. Onun bədxahları belə bir şaiyə yaymışdılar ki, guya Mamed polisdə ifadə verəndə qanuni oğru olduğunu gizlədərək, deməyib. Amma bütün bu söz-söhbətə “Yaponçik” son qoyubmuş. “Sxodka” çağıraraq ifadənin sürətini ortaya qoyubmuş. Məlum olmuşdu ki, Mamed dindirilərkən qanuni oğru olduğunu deyibmiş.
“Yaponçik” həmin ilin səhv etmirəmsə, dekabrında öldürüldü. Bir neçə ay sonra isə Mamed Azərbaycanda həbs edildi və 4 ay sonra həbsxanada dünyasını dəyişdi. Ondan sonra isə azərbaycanlılar öz mövqelərini belə demək mümkünsə, əldən verməyə başladılar.
- Bəs Lənkəranski?
- Lənkəranski sonuncu nəsil qanuni oğrulardandır. Masallı Mamed isə klassik oğruların son nümayəndəsi idi. Bunları qarışdırmayın. Bəli, Lənkəranski prinspial, qorxmaz, necə deyərlər, qabağından yeməyənin biriydi. Ona görə, “Ded Xasan” belə ondan ehtiyat edirdi. Amma Lənkəranskinin Ded Xasanı öldürməsiylə də razılaşa bilmirəm. Səbəbini deyim. Ümumiyyətlə, bilin, qanuni oğrular bir-birinin qətlini sifariş etməkdənsə, onları “neprav” çıxarıb Oğru Ailəsindən qovulmasında maraqlıdırlar. Çünki bu, təkcə həmin oğrunun deyil, ona biət edənlərin də sonunu gətirir. Baxın, ”Ded Xasan” öldürüldü, amma onun varisi “Şakro” türmədə olsa da, sağdır. Yəni olmasın Aslan Usoyan, olsun Zaxari Kalaşov. Lənkərənski isə təkbaşına az qala hamıyla vuruşurdu. Burada bir məqamı da qeyd edim. 90-cı illərdən fərqli olaraq, son illərdə kriminal avtoritetlərin, bu və ya digər qruplaşmaların da, necə deyərlər, təmərküzləşməsi baş vermişdi. Daha əvvəlki kimi ənənəvi briqadalar da mövcüd deyildi. Məsələn, Moskvadakı Solntsev, Orexevo, Podolsk, Lyubertsk kimi briqadalar. Eləcə də 90-cı illərdə bütün Rusiyanı lərzəyə gətirən regional mafioz qruplar və bandit dəstələr. Onların çoxu öldürülmüşdü, “Mixas”dan, “Silvester”, “Solonik”dən tutmuş elə bayaq adlarını çəkdiklərimizə qədər. Son illərdə artıq sözün həqiqi mənasında bu və ya digər bazarlarda, ticarət nöqtələrində təsir dairəsi ilə bağlı müharibələr başlamışdı. Və təkcə silahlı müharibələr də yox, bəzən oğru qanunlarına zidd olaraq məhkəmə davasına kimi çıxılırdı. Yeri gəlmişkən, Padva, Qofşteyn kimi bahalı vəkilləri belə sifariş verirdilər. Qofşteyn Fizuli Məmmədovun, Frenk Elkaponenin də vəkili olub. Bu həmin Qofşteyn idi ki, Şakro Molodoy 30-dan çox qanuni oğruyla bərabər İspaniyada saxlanılanda, o da onların yanında olub. Deməyim odur ki, adını çəkdiyim müharibəyə artıq çox adam qarışmışdı. Rövşən isə Mamed, Hikmət kimi nə qədər çalışsa da, azərbaycanlıları bir araya yığa bilmədi. Əksinə, Vaqif, “Danabaş İlqar”, Baxış və digərləri “Ded Xasan”ın yanında yer almışdılar və Rövşənlə birbaşa düşmənçilik edirdilər. Bazarlar uğrunda mübarizədə isə Rövşən gürcü avtoritetlərlə birgə idi.
- Bazarlar demişkən, bizimkilər nə vaxt ələ keçirdilər bu bazarları?
- Bu, artıq başqa söhbətdi. Hər şey “Fantomas”, “Şah”, Ata, elə bayaq haqqında danışdığımız Sarıyev qardaşlarından, eləcə də digərlərindən başladı. Və bir gün məlum oldu ki…
Moskva.
(Ardı sabah)