Nə vaxt itirmişik, necə... hansı çətin şəraitdə, həəə, bu, bir başqa sualdı. Əsas odu ki, biz öz başımızı itirmişik. Başsız qalıb, Nizami küçəsində nizamisiz, nizamsız-intizamsız gəzib dolanırıq.
Son Moskva səfərim zamanı mən bizim bu itmiş kəlləmizin, itmiş başımızın izinə düşməyi, çətin olsa belə, bacardım. Tapdım o itkin kəlləni. Üzərindəki toz qatını silib göz dəliklərindəki qara boşluqlara bir xeyli zilləndim.
Yaxşı, mövzumuzun müəmmalı müqəddiməsini burda yarıda kəsək. Keçək məsələnin əsas, aparıcı süjet xəttinə.
***
3 aprel 1939-cu ildə “Pravda” qəzetində Ukrayna yazarı Mikola Bajanın çox maraqlı bir məqaləsi çap edilib. Məqalədə Mikola Bajan özünün Stalinlə son görüşlərindən bəhs edirdi:
___ ________.jpg (10 KB)
“Yoldaş Stalin bizə bir xeyli Azərbaycan şairi Nizami Gəncəvi barəsində danışdı. Əsərlərindən parçalar oxudu. Dedi: ”Şairin farsca yazmağı heç də onun milli mənsubiyyətindən danışmır. Nizami özü, yuxarıda sizə oxuduğum şeir parçasından göründüyü kimi, şahların əmri ilə farsca yazmağa məhkumdu. Ona öz xalqına doğma dilində müraciət etməyi qadağan etmişdilər".
Beləliklə, Nizaminin farsca yazmağına rəğmən məhz Azərbaycan şairi olmağı fikri İosif Stalinə - Bakıda vaxtilə yoldaş Koba adıyla tanınan tarixi şəxsiyyətə məxsusdu.
“Pravda” qəzeti bir müddət öz iti barmaqlarını bu mövzunun nəbzi üzərində saxlayaraq 16 aprel tarixində yenidən həmin mövzuya qayıdır. Azərbaycan yazarları - Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin yoldaş Kobaya yazdığı mövzuyla əlaqədar şanlı mənsur məktubu çap edir öz səhifələrində. Bu cavab məktubunda şairlərimiz dahi Nizamini Azərbaycana qaytardığına görə “xalqlar atası”na dərin təşəkkür hissini nümayiş etdirirdilər.
3d317d9575c46e40bb2f8289db8bf962.jpg (14 KB)
Beləliklə, Nizami mövzusu 30-cu illərin sonunda məhz Kremldə bizim xeyrimizə öz müsbət həllini tapıb. Belə təşəbbüslərində Stalin adətən bircə məqalə, yaxud şeir oxumaqla kifayətlənməz, mövzunu daha geniş, imperiya tələbləri, meyarları çərçivəsində həll edərmiş. Nələr olmazdı bu cür Stalin fərmanlarının tərkibində - Nizami adına küçə, Nizaminin Bakıda möhtəşəm tunc heykəlinin açılışı, yubiley tədbirləri, tərcümələr, əsərlərinin tam külliyyatı və s. və ilaxır. Bir də...
Bir də Nizaminin qəbrinin açılması... Kəllə sümüyünün xüsusi qatarla Moskvaya, məşhur antropoloq Mixail Gerasimova göndərilməsi...
***
Gəlin o qədim hadisələrin dağınıq süjetini indi belə bərpa edək: 1938-ci ildə Nizaminin kəllə sümüyü məşhur antropoloq Mixail Gerasimova göndərilir. Gerasimov bu kəllə üzərində işləyib dahi Nizaminin sifətini bərpa etməliydi. Nizaminin 1941-ci ildə keçiriləcək yubiley tədbirlərinədək Gerasimov Satalinin bu yüksək tapşırığını yerinə yetirməliymiş. Ancaq II Dünya müharibəsinin amansız alovu bütün bu xeyirxah tədbirləri yarımçıq qoyur. Kəllə qalır Moskvada. Gerasimovun emalatxanasında.
DOSYE: Mixail Mixailoviç Gerasimov (1907-1970)- sovet antropoloq, arxeoloq və heykəltəraşı. Skelet qalıqları əsasında mərhumun üz cizgilərini bərpa edən xüsusi metodika müəllifi. Ənənəsi indi də Moskvada, xüsusi qapalı laboratoriyalarda davam etdirilir.
10_21.jpg (19 KB)
Hələ uşaq ikən İrkutskdə arxeoloji qazıntılarda iştirak edib. Jorj Kyuvye üsulu ilə qədim dinozavrların, ixtozavrların ilkin simasını bərpa etməyə çalışıb əvvəlcə. 13 yaşından başlayaraq İrkutsk Universitetinin anatomik muzeyindən günlərlə ayrılmayıb.
İxtizavr, dinozavrlarla münasibətini tənzimləyəndən sonra Gerasimov girişir bir başqa “dinozavrlara” - başlayır məşhur dühaların, hökmdarların, “qılınc və qələm” sahiblərinin üz cizgilərini, portretini yaratmağa. Xüsusi metodika ili silahlanaraq skeletlərin üz cizgilərini yenidən canlandırır. Uzun zaman Səmərqənddə yaşayıb. Teymurləng, Şahruh, Miranşah, Uluqbəyin məzarlarını açması, beyin qafalarını tədqiq etməyi öz məxfiliyi, qeyri-adi mistikasıyla seçilir. Deyilənə görə, Teymurun kəlləsi o zamanlar Stalinə guya Hitler üzərində qələbə çalmağa xüsusi köməklik göstərib.
200-dən çox tarixi şəxsiyyətin ilkin üz cizgilərini bərpa etməyə müyəssər olub. Siyahı Yaroslav Mudrıy, Teymurləng, Uluqbəy adlarıyla başlayaraq Çar İvan Qroznı, admiral F.F.Uşakovla davam edir.
***
84d76ff586f056e652595a858ee5bf6a.jpg (181 KB)
Moskvada ikən bu araşdırmalarımı müəyyən dairələrə göstərib hiss etdim onlar lap çoxdan bu sirrin, açılmaz düyünün, yasaqlanmış mövzunun dabbağda gönünə bələddirlər. Bu dairələr kürəklərini mənə çevirib öz aralarında bir müddət tam məxfi, qapalı görüşlər keçirtdilər. Sonra qəfil mən tərəfə qanrılıb bir ağızdan eyni cümləni təkrarladılar üzümə: “Siz ki, stalkersiz. Azərbaycandakı bütün paranormal ünvanların dərin tədqiqatçısı kimi tanınırsız. Bu mövzuda çox saylı filmlərin, məqalələrin müəllifisiz. Stalkinq edin Moskva küçələrində. Sol ayağınız özü sizi lazımı məxfi ünvanlara gətirib çıxaracaq. Kəlləni görüncə, tanıyacaqsız. Ya Allah. Yolçu yolda gərək. Düşün Moskvanın küçələrinə. Stalkinqə başlayın”.
Əmrə tabe adamam. Mövcud real çərçivələr içində öz imkanlarıma yaxşı bələdəm. Sözü, təklifi göydəcə tutdum. Girişdim stalkinqə.
DOSYE-STALKER: Belələrinin bəsirət gözü açıqdı. Beyinləri başlarında deyil, sol ayaq pəncələrindədir. Adətən solaxaydırlar. Düşsünlər çölü-biyabanlara, vəssalam, rastlarına mütləq ləl-cəvahir, xəzinə, sirlər-sehrlər çıxacaq. Karlos Kastaneda, Andrey Tarkovski öz əsərlərində stalker, stalkinq fenomenini dərindən öyrənmiş, sübut etmişdilər ki, stalkerlər adətən hətta öz ölüm tarixlərini belə öncədən xəbər vermək qüdrətinə malikdirlər. Misal üçün, rejissor Andrey Tarkovski öz “Stalker” filmində bir-iki ani epizodda “28 dekabr” rəqəmini qabardıb. Sonra həqiqətən elə o tarixdə dünyadan köç edib. Mənim həmin mistik fakta aid filmim də təsadüfmü nədi, bilmirəm, məhz 2016-cı il 28 aprel tarixində efirə buraxılmışdı. Elmdə bu fenomenə böyük İsveçrə psixiatrı Qustav Yungun təşəbbüsü ilə “sinxronizm” adı verilib. Deyilənə görə, müqəddəs Musa məhz stalker kimi qədim yəhudiləri 40 il səhrada o səmtə, bu səmtə aparıb-gətirirmiş. Qazaxıstanda stalkerə qədim türkcə “jayau”, yayau", yəni “piyada” deyilir. Misal üçün, böyük şair Oljas Süleymanovun babası “Jayau Musa” öz dövrünün ən məşhur stalkerlərindən biri imiş.
***
Qısası, qəfil özümü Moskva küçələrinə atıb girişdim çox ağır, əzablı bir trafika, stalkinqə. Altdan vurdum, üstdən çıxdım. Rusiya Baş Ordu Qərargahı binası nəzdindəki bir ünvandan - Aleksandr Proxanovun ofisindən qəfil güllə kimi eşiyə sıçrayıb, üz tutdum bir Allah bilir hara. Lenin xiyabanında azca azdım.
Qəfil düşdüm metrostansiyaların birinə. Yol məni özü harasa lazımi dəqiq ünvana aparırdı elə bil. Bir də gördüm, həəə....bax, budu ana hədəfim. Binanın adresi beləydi - Moskva, Vavilov küçəsi 57. Dövlət Darvin muzeyi. Dünən Qızıl meydandakı bir başqa 57 saylı ünvanda - 57 saylı fəhlə yeməkxanasında şam yeməyim, 57 yaşın içində olmağım bu rəqəmə, simvola etimadımı artırdı. Onu bir rəmz bilərək muzeyin içinə daxil oldum.
8091b1ba718181de8034fa86375fbfee.jpg (177 KB)
***
İçəridə çox qapalı, həddən artıq məxfi bir görüş keçirilirdi. Ona qatılmaq adi insana qəti mümkün olmasa belə, mən birtəhər (qoy bu bir sirr olaraq hələlik qalsın) buna nail oldum.
İçəridə Darvin muzeyi direktoru Klyukina Anna İosifna ilə görüşüb onunla sabahkı görüş barədə sövdələşdim.
***
Sabahısı gün həmin ünvanda axtarışlarımı təkbaşıma davam etdirsəm də, hiss etdim ki, kiminsə naməlum kölgəsi bütün bu axtarışlar, izləmələr zamanı məni daim müşayiət edir. Bir dəqiqə belə məni tək-tənha buraxmır. Axtarışım, lentə yazılırdı bəlkə də.
Əvvəlcə məni muzey yaşlı işçisi Vera Aleksandrovna Udalseva qəbul edib xahişimi sakitcə dinlədi. Sonra mərhum Gerasimovun qızı 83 yaşlı Marqarita Mixaylovaya zəng vuraraq öyrəndi ki, bu antropoloqun 40 ədəd eksponatı - bərpa edilmiş insan sifətləri elə bu muzeyin dərin, məxfi sandıqlarında qorunub saxlanır.
Demək, axtarışlarım tam dürüst marşrut üzrə gedir, bir millimetr qədər belə kənara yayınmırdı.
Muzey fondlarının mühafizi Nefedova Antonina Borisovna Nizami kəlləsi barəsində uzun-uzadı, qarışıq fikirlərimdə anında rassional zərrə tapdı. Dedi:
- Məni zirzəmidəki məxfi saxlanca qədər müşayiət edin. Axtardığınız bəlkə də elə ordadır.
Bu yolu, bu məxfi marşrutu ölən günüməcən unudan deyiləm. Muzey bufetinin içindən siçan kimi sızıb məxfi bir qapıdan keçdik. Hitlerin bunkerindəki dəmir seyf qapıları xatırladan əngəlləri arxada buraxaraq gəlib yetişdik Gerasimovun həmin o 40 müəmmalı eksponatının hüzuruna. Bu eksponatların biri bəlkə də yadplanetli qafasıydı, vallah. Nəhayət, gözlərim, sol əlim öz-özünə gedib dayandı KP OF 15999 saylı tunc rəngli gips kəllənin üzərində.
pGUws2Fljjg.jpg (21 KB)
Nizaminin kəllə sümüyü sözsüz qarşımdaydı. Ancaq o, hələ ki məxfi idi. Başqa ad altındaydı. Sənədlərdə o, Aşağı Don sahillərindəki Sarkel şəhərciyindən tapılmış 12-ci əsrə aid kişi qafası kimi göstərilirdi. Gerasimovun bu əsəri, bizə tanış Nizamiyə çox...həddən artıq çox oxşasa da, saqqalslz-bığsız, çalmasızdı. Bir bu gips kopiyaya baxdım. Sonra onun böyründəki yadplanetli qafasına. Aralarındakı əlaqəni, mənanı hiss etdim. Məni müşayiət edənlər də sanki nəsə hiss etdilər burda. Sakitcə öz aralarında nəsə pıçıldaşdılar.
Sabahısı gün stalkinqi davam etdirib gəlib yetişdim bir başqa yeraltı xəzinəyə. Burda məni Veselovskaya Yelizaveta Valentinovna qarşılayıb dedi ki, 30-cu illərdə Gerasimov Peterburqda, o vaxtkı Leninqradda yaşayıb. Nizaminin kəllə qafası da yəqin ordadır.
Qulaqlarıma inanmadım bir an. Xahiş etdim bu kəlmələr bir daha təkrarlansın.
Bəli. Karvan düz yoldaymış. İndi bircə qalırdı Peterburqa gedib orda Nizaminin kəllə sümüyünü aşkarlayıb tapmaq.
Həmid HERİSÇİ