Ötən həftəsonu Bakının Yasamal rayonu ərazisində, "İnşaatçılar" metrosunun yaxınlığında kütləvi dava olub. Dava şənbə günü 22 radələrində baş verib. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, metronun giriş-çıxışında insanlar arasında toqquşma baş verib.
Davada üç nəfər taksi sürücüsü, ana-bala və onların qohumu münasibətlərini aydınlaşdırıblar. Ananın sözlərinə görə, oğlunun bir taksi sürücüsündən 900 manat borcunu geri tələb etməsi oradakılarn xoşuna gəlməyib və bu səbəbdən sözləri çəp gələrək dava yaranıb.
İlk öncə sürücülərin biri ilə əlbəyaxaya çıxan oğul bir neçə zərbə aldıqdan sonra araya ana və onların qohumu girib. Digər iki sürücü isə dostlarının döyüldüyünü görüb davaya qoşulub.
Bir müddət sonra sürücülər öz avtomobillərinə minərək oradan uzaqlaşıblar.
Hadisə yerinə iki patrul və bir təcili tibbi yardım maşınları cəlb olunublar.