Bakıdan Biləsuvara gələcək həkimləri qarşılamaq üçün rayonun səhiyyə müəssisələrinin işçilərindən ucdantutma pul toplanılır
Paytaxtdan Biləsuvara həkim briqadası gələcək. Onlar rayonda qeydiyyatda olan onkoloji xəstələri müayinə və müalicə edəcəklər.
Gələn qonaqları qarşılamaq, burada olduqları müddətdə qulluqlarında durmaq və yola salmaq üçün Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Şamil Cəfərov hazırlıq işlərinə başlayıb.
O, həkimlərin xəstələri qəbul edəcəyi yerdə şərait yaratmaqla yanaşı, qonaqların qalmaq, yemək və yol xərclərini qarşılamaq məqsədilə tabeliyində olan şöbə müdirlərinə tapşırıq verib: “İşçilərinizdən nəmər yığın, əlimizdə vəsait olsun ki, qonaqların yanında üzüqara qalmayaq.”
Artıq “nəmər” yığımına start verilib və bu, səhiyyə işçiləri arsında ciddi narazılıq yaradıb.
Adının çəkilməsini istəmyən tibb işçisi bildirb ki, 120 manat maaş aldığı halda, ondan 100 manat vermək tələb olunur: “Gündəlik 5-10 manat “çak-çuk”u olur deyə həkimlər etiraz edə bilmir. Amma gözünü yalnız əmək haqqına dikən sadə tibb işçiləri üçün bunu ödəmək çox çətindir. Onsuz da əmək haqqının azlığından və buna uyğun qurulan yaşayışdan hamı narazıdır. Qonaqları qarşılamaq üçün baş həkimin kifayət qədər imkanı var. Onsuz da bu adam rayonun səhiyyə müəssisələrinin saxlanılması üçün büdcədən ayrılan vəsaiti bildiyi kimi istifadə edir.”
Qeyd edək ki, Biləsuvar RMX-nin tabeliyində 3 xəstəxana, 14 ambulatoriya, 6 tibb məntəqəsi var.
infom.az