“Many Happy Returns” (MHR) kampaniyasının veb-saytı (www. manyhappyreturnsidp.com) Avropa Azərbaycan Cəmiyyətinin (AAC) nəzərəçarpan layihələrindən biridir.
Davamlı şəkildə fəaliyyət göstərən bu yeni internet layihəsinə uyğun olaraq Böyük Britaniya parlamentinin hər bir üzvünə ad günü münasibətilə təbrik açıqcası göndərilir.
Virtualaz.org saytı AAC-a istinadən bildirir ki, hər bir açıqcada 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkününün hər birinin şəxsi mesajı yer alıb.
Açıqçalar insanların öz doğma yurd-yuvalarına qayıtmaq istəyini bildirən “Many Happy Returns” adlı adi ingilis təbrikləridirlər. Hər bir açıqcada tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən üç düşərgədə çəkilmiş məcburi köçkünün fotoşəkli yerləşdirilib.
Açıqca sahibləri MHR veb-saytında münaqişənin tarixi haqqında informasiyanı qrafik hekayə şəklində əldə edə və öz dəstəyini bildirə bilərlər. Həmçinin, onlar erməni təcavüzü barəsində müxtəlif ictimai xadimlərin də fikrini öyrənə bilərlər. Bu layihə AAC-nin bütün Avropa nümayəndəliklərində də fəaliyyətdə olacaq.