Aprelin 3-də Sankt-Peterburq metrosunun “Texnoloqiçeskiy institut-2" və ”Sennaya ploşad" stansiyaları arasında baş verən partlayış hələ də dünya mediasının gündəmindən düşmür. Rusiya mətbuatında bununla bağlı maraqlı araşdırmalar aparılıb. Biz həmin araşdırmalardan bəzi seçmələri Azərbaycan oxucusu üçün hazırlamağı qərara aldıq. Beləliklə...
***
Partlayışın Qırğızıstan əsilli Əkbərcan Cəlilov tərəfindən törədildiyi məlum olduqdan sonra, nəzərlər yenidən Orta Asiya respublikalarına dikildi. Çünki bundan öncə də bir neçə səs-küylü terror aksiyalarını bu ölkələrdən olan şəxslər törədib.
***
Terror aktının vəhşiliyi, qurbanları arasında soydaşlarımızın mövcudluğu, düzü, lap əvvəlcədən məni də xeyli sarsıtdı. Özümdən ixtiyarsız FB profilimə bax bu statusumu yazdım: “Peterburqdakı partlayış Avrasiya ideyasının Bakıda təqdimat günü baş verib. O gün baş avrasiyaçı Nazarbayev Bakıdaydı. O gün Avrasya ideyasının qatı düşməni Bjezinski barmağını havada titrədərək Avrasiya ideyasını təhlükəli adlandırmışdı. Partlayış xüsusi məkrlə, gizli işarələrlə müşayiət olunub. Bu, çox ciddi məxfi mesajdır. Həmin gün Putinin Piterdə olmağı və s.i. də təsadüfi deyil. Deyilənə görə FTX Putinə hadisə yerinə getməyi məsləhət görməyib. Qurbanların arasında əksər Avrasiya ölkələri (Qırğızıstan, Qazaxıstan) vətəndaşlarının olmağı, habelə bu siyahıda Azərbaycan vətəndaşı Dilbarə Əliyevanın mövcudluğu, məncə ciddi xəbərdarlıq mahiyyətlidir.
***
Ancaq indi, faciə üzərindən 10 gün keçdikdən sonra mən bu partlayış barəsində tam fərqli, daha orijinal, həm də daha inandırıcı bir konspiroloji nəticə irəli sürürəm. Kələfin bir ucunu, deyəsən, heç də düşündüyümüz kimi, Orta Asiyada deyil, tam tərs istiqamətdə - Ukraynada axtarmaq lazım gələcək bu dəfə. Yəni Orta Asiya, Qırğızıstan, İŞİD, Əkbərcan Cəlilov mövzusu bu çox qəliz, irəlicədən proqramlaşdırılmış terror aktında bir aldadıcı iz, əslində dezinformasiya nümunəsidir, vəssalam. Nəyə əsaslanıram bunları söylərkən? Heç nə... çox dəqiq, təsdiqlənmiş bir informasiya qaynağına.
Vəziyyət belədir.
3 aprel günü partlayışdan düz 6 saat əvvəl Kiyev qeydiyyatlı İnstagram istifadəçisi Katya Rubanova öz səhifəsində qəribə bir xəbər paylaşıb. Sanki 6 saat sonra Sankt-Peterburqda baş verəcək terror aktının anonsunu verib: “Çoxdandı terror aktları baş vermir... Bu gün isə olacaq. Gözləyin”.
Qorxulu xəbərdarlıq, müəmmalı bir fotoşəkillə müşayiət olunub. Fotoya diqqətlə baxsan, qarşındakı müəmmalı əşyanı avtomobilçi dəbilqəsinə oxşadarsan əvvəlcə. Dəbilqə karton qutunun içindədir. Böyründə, bükülü qəzet səhifəsi gözə dəyir. Ancaq mənzərə həddən artıq aldadıcıdır. Fotoya bir az da diqqətlə baxsanız, onu əlvan qazan qapağına da oxşatmaq mümkündü.
Məlumatın Kiyevdən, “Lukyanovski İstintaq təcridxanası” adlanan coğrafi nöqtədən göndərilməsi faktı da suallar doğurur məndə. Niyə məhz bu ünvandan? Niyə?
Hazırda bu səhifə İnstagramdan pozulsa belə, məlumatın skrinşotu qalır.
Məlumatın müəllifi Katya Rubanova “Neqodovaniye” nikindən istifadə edib bu zaman. “666mələk999, insanları sevmək lazımdı” haşdekləri ilə müşayiət olunan bu məlumatlar bir müddət İnstagram istifadəçilərinə göz verib işıq verməyib. Aləm dəyib bir-birinə.
***
Dövrü mətbuat hələ ki bu məlumata çox da ciddi münasibət sərgiləmir. Mövzunun müzakirəsini sosial şəbəkələrin öhdəsinə buraxır. Bəziləri iddia edir ki, İnstagramda getmiş bu xəbər redaktəyə məruz qalıb. Yəni Katya Rubanova - məlumatın müəllifi, İnstagramdakı bir avara statusunu, fotosunu partlayışdan sonra redaktə edib. Statusunu saxtalaşdırıb bir növ. Ətrafında yanlış mənzərə yaradıb ki, guya partlayış tarixi ona əvvəlcədən çox yaxşı məlum imiş.
“VKONTAKTE” sosial şəbəkəsindəki bir başqa profildən həmin Katya Rubanova barədə əlavə məlumatlar əldə etmək mümkündü. Bəlli olur ki, bəs bu qız şeytanpərəst satanistlər şəbəkəsinə daxildi. Cəmi 18 yaşı var. 2016-cı ildə Kiyevdəki 101 saylı məktəbi bitirmiş bu qızın sosial şəbəkələrdə bir sıra ürəkbulandıran fotoları aşkarlanıb. Bir fotoşəkildə onun alnına şeytanı çağıran pentoqramma həkk edilib. Digər fotoda Katyanın yanağında faşist simvolları-"ziq" runası görünür.
Ukraynadakı son siyasi hadisələr zamanı Amerika hərbi kəşfiyyatı “Defense Intelligence Agency” oxşar satanist, psixopat, aşırı millətçi şəbəkələrdən öz məqsədləri üçün istifadə etməsəydi, mən bu satanist Katya Rubanova izinə o qədər də ciddi əhəmiyyət verməzdim. Ancaq bu cür marginal şəbəkələrdən Ukraynada, Rusiyada öz gizli əməliyyatlarını quran ABŞ kəşfiyyatı indi geniş istifadə edir. Satanistlərdən sonra məxfi əməliyyatlara cəlb edilən digər oxşar şəbəkə “doqhanter” adlanır.
***
“Doqhanterlər” bir Amerika brendidir. İrqçiləri, hər cür sado-mazaxistləri, aşırı millətçiləri, müxtəlif psixopatları öz sıralarında birləşdirən bu hərəkat Rusiyaya Ukraynadan gəlib sızıb. Kiyevdəki son narıncı inqilabın, meydan hadisələrinin fəal iştirakçısı kimi tanınan “doqhanter”lər Rusiyada elə ilk günlərdən ciddi müqavimətlə qarşılaşıblar. “Doqhanter”lər zahirdə guya şəhər küçələrindəki kimsəsiz, sələm itlərin ovuyla məşğuldurlar. Qəfil, turp kimi yerdən pıtlayıb çıxır, gördükləri itləri amansızcasına, fərq qoymadan ucdantutma qırırlar. Bir nəfər də onlara irad tuta bilmir, “gözünüz üstə qaşınız var” demir.
Əslinə qalarsa...
Əslinə qalarsa, bu ssenari, bu brend arxasında Ukraynada, Rusiyada silahlı müxalifət dəstələri yaratmaq cəhdi gizlənir, biləsiz. Kiyevdə bu məxfi qurumlar söhbəti düşəndə, jurnalistlər adətən bir-birilərinin qulaqlarına Aleksey Vedulun, Aleksandr Svyataqorun, İrina Kremenskayanın adlarını pıçıldayırlar həmişə.
Həmin bədnam doqhanterlərin Rusiyadakı ən ciddi əleyhdarı indi bax bu bizim ekstrasens Zirəddin Rzayevdi. Müsahibələrinin birində o, bu hərəkatla İŞİD arasında ciddi paralellər aparıb. İddia edib, bəs bu hər iki hərəkatın sponsorları, mənşəyi eynidir. Hardan götürüb o bu müqayisəni, niyə bunu Rusiya mətbuatında ilk dəfə səsləndirib? Həəə, bax, bu çox dolaşıq düyünü açsaq, kələfin bir ucu bizi götürüb gətirəcək Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Lyubankadakı məlum ünvanına. Orda başımızı əyib, qulağımıza pıçıldayacaqlar ki, bəs “doqhanter projesi” əslində bir təxribat layihəsidir. Məqsədi nədi? Heç nə, cəmiyyətdəki sado-mazaxist, irqçi, aşırı millətçiləri bir araya toplayıb təşkilatlandırmaq. Sonra silahlandırıb şəhər küçələrinə salmaq. Əvvəlcə ilk təcrübəni kimsəsiz itlər üzərində sınaqdan çıxarmaq. Sonra isə...
***
Sonra isə bütün bu tör-töküntünü, Kiyevdəki kimi, meydanlara çıxarıb son anda onu siyasiləşdirməyə cəhd göstərmək. Silahları bu dəfə itlərə qarşı deyil, cəmiyyətə qarşı çevirmək.
1944-cü ilin 23 fevralında Stalinin xüsusi əmri ilə Şimali Qafqaz xalqları öz doğma yurdlarından zorla ayrılaraq uzaq Sibirə sürgün olunublar. Hadisənin ildönümündə - 2017-ci ilin 23 fevralında Mahaçqalada itlərin gəmirib öldürdüyü bir qız cəsədi tapılır. Yerli doqhanterlər, əslinə qalsa, gizli vəhhabilər, bunu bəhanə edib əllərində silah küçələrə çıxırlar. Başlayırlar əvvəlcə kimsəsiz itlərin kütləvi qırğınına...
Sonra işə FTX qatılır. Şəhərdə kütləvi həbslər start götürüb, növbəti vəhhabi şəbəkəsinin darmadağın edilməsi ilə nəticələnir.
***
Sankt-Peterburqdakı son terror aktları barədə fərqli bir fikir söyləyib, başqa bir iddia irəli sürməyin indi tam vaxtıdır. Bu cinayətin Orta Asiya, türk mənşəyi barədə deyilənlərə gəlin indi çox da qulaq asmayaq. İpucu burda tam fərqli bir ünvana - Kiyevə, burdakı doqhanter, satanist, pank şəbəkələrinə gedib çıxır, vallah.
unnamed (2).jpg (13 KB)
Son zamanlar xarici kəşfiyyat qurumları Ukraynadakı bu şəbəkələrdən Rusiyada, Qafqazda öz məqsədləri üçün geniş istifadə etməyə başlayıb. “Ana arı” burda Ukrayna doqhanterləri, satanistləri, panklarıdır. Sonuncular, Rusiyada, Qafqazda öz şöbələrini açır, sonra bu əlaqə kanallarını yadelli qüvvələrin istifadəsinə verirlər.
Sonra...
Sonra isə metro qatarlarında, digər ictimai yerlərdə partlayışlar baş verir.
Əkbərcan Cəlilovdan xəbərsiz onun çantasına partlayıcı qurğunu satanistlər qoya bilərmi? İlk baxışdan bu, fantastik ideya kimi görünə bilər. Təbii. Amma gözardı ediləsi məqam da deyil. İndiyədək təcrübədə belə hallar çox olub.
Ola bilsin, iz azdırmaq üçün məlum terrordan sonra mətbuatda Orta Asiya, türk izini şişirtməyə girişiblər.
Əslinə qalarsa, Piter metro stansiyasında bu gün gələcək Avrasya İttifaqının bir növ maketi partladılıb. Maketləri isə Axundovun “Dərviş Məsətli şah” pyesində olduğu kimi, həmişə qara maqlar, qara dərvişlər, satanistlər partladır. Terrorçulardan kim indi bu cür mistik ayinlərə aludədir? Bax bunu öyrənmək lazımdı hazırda.
Həmid HERİSÇİ