Norveç səfiri Azərbaycanı hüznlə tərk edəcək

9-06-2014, 17:16   
Norveç səfiri Azərbaycanı hüznlə tərk edəcək
Erling Skjönsberg: “Bu ölkə sürətlə müasirləşir, yaşayış standartları yüksəlir”

Mayın 17-də Norveç Konstitusiyasının 200 yaşı tamam oldu. Norveçin Azərbaycan və Gürcüstandakı səfiri Erling Skjönsberg bu münasibətlə “Azadlıq” radiosuna yazılı müsahibə verməyə razılaşıb.

Qeyd edək ki, radionun bəzi sualları cavabsız qalıb. Virtualaz.org həmin sual-cavab əsasında hazırlanmış müsahibəni oxucularına təqdim edir:

– Son bir neçə ay ərzində Azərbaycanda onlarla gənc fəal saxlanıb, həbsə atılıb. Bu işlərin çoxu siyasi motivli sayılır və yerli və beynəlxalq hüquq-müdafiə qurumları hakimiyyəti onları azadlığa buraxmağa çağırır. Azərbaycan rəsmiləri ilə görüşlərinizdə insan haqları məsələlərini qaldırırsınızmı?

– Bəli, həm səfirlik əməkdaşları, həm də Norveç Xarici İşlər Nazirliyinin digər hissələri Azərbaycan hakimiyyəti ilə insan haqları və hüququn aliliyinə dair məsələlər üzrə dialoq aparır. Norveç və Azərbaycan BMT-nin, ATƏT-in, Avropa Şurasının üzvləridir. Biz bu qurumlarda eyni məqsədləri, prinsipləri və öhdəlikləri paylaşırıq. Əlbəttə ki, demokratiya, hüququn aliliyi və insan haqları bu çoxtərəfli qurumlar çərçivəsində Azərbaycanla müzakirə olunur. Azərbaycan təzəlikcə Avropa Şurasında sədrliyə başlayıb. Avropa Şurasının sükanı arxasında olmaq şərəfdir və bir sıra mühüm məsuliyyətlər yaradır. Azərbaycanın sədrliyinə uğurlar arzulayıram. Adətən, sədr ölkəyə əlavə diqqət ayrılır və onun yaxşı təşəbbüslər və inkişaf göstərməsi üçün imkan yaranır.

– Korrupsiya ilə mübarizə, demokratiya göstəricilərində uğurlara görə adətən Azərbaycanı qonşu Gürcüstanla müqayisə edirlər. Sizcə, Gürcüstana baxanda, Azərbaycanda bu sahələr üzrə çatışmayan nədir?

– Həqiqətən də, Gürcüstanın bir çox sahələrdə qazandığı irəliləyiş xoş təəssürat oyadır. Buraya gündəlik korrupsiya ilə mübarizə, fundamental azadlıqlarla bağlı durumun yaxşılaşdırılması daxildir. Dünya Bankının Gürcüstanın islahatlarına dair hazırladığı kitabça regiondan kənarda da dərindən oxunmalıdır. İyunun sonunda Avropa Birliyi ilə imzalanacaq Assosiasiya Sazişi Gürcüstanda davamlı və səmərəli islahatlar üçün möhkəm əsas yaratmış olacaq. Hər bir ölkəyə öz şərtləri daxilində yanaşmaq gərəkdir. Azərbaycana gəlincə, təzəlikcə Avropa Şurasının Azərbaycan üzrə 2014-2015-ci illər Fəaliyyət Planının təqdimatına qatıldım. Bu Planı hakimiyyət Avropa Şurası ilə birlikdə hazırlayıb. Plan demokratiya, hüququn aliliyi və insan hüquqları sahəsində gələcək islahatlar üçün əla əsas yaradır.

– Norveç hökuməti korrupsiya ilə mübarizə sahəsində Azərbaycana necə yardım edə bilər?

– Korrupsiya ilə mübarizə bütün ölkələr üçün vacibdir. Norveç bu sahədə təcrübəsini digər ölkələrlə məmnuniyyətlə bölüşür. Azərbaycanla bu məsələdə birbaşa əməkdaşlığımız yoxdur. Ancaq GRECO – Avropa Şurası Korrupsiyaya qarşı Dövlətlər Qrupu daxil olmaqla, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığı dəyərləndiririk. Qeyd edim ki, Transparency International təşkilatının indeksinə görə, Azərbaycan müəyyən irəliləyiş qazanıb və 2012-ci ildə qərarlaşdığı 139-cu yerdən, 2013-cü ildə 127-ci yerə (177 ölkə arasında) qalxıb. Məncə, bu irəliləyiş qismən ASAN mərkəzlərinin uğurlu işinə görədir. Eyni zamanda, yaxşı korporativ idarəçilik və korporativ sosial məsuliyyətə inanıram. Norveç şirkətləri 20 ildən çoxdur Azərbaycandadır və öz bizneslərində korrupsiyanı önləmək üçün yüksək standartlar tətbiq etməklə tanınıblar. Məsuliyyətli şirkətlər korrupsiya ilə mübarizədə yaxşı təcrübəni yayırlar. Norveç hökuməti şirkətlərinin bu sahədə ən yüksək standartları tətbiq edəcəyini gözləyir.

– Norveç və Azərbaycan arasında bir məşhur müqayisə neft gəlirlərindən istifadə ilə bağlıdır. Bu sahədə iki ölkə arasında təcrübə və bilik mübadiləsi aparılırmı?

–1999-cu ildə Azərbaycandan yüksək rütbəli məmurlar Norveçə səfər edib, bizim neft fondu təcrübəmizi öyrəniblər. Bunun Azərbaycan Dövlət Neft Fondunun yaradılmasına töhfəsi oldu. Norveç daim neft gəlirlərindən istifadə sahəsində təcrübəsini paylaşmağa hazırdır. Bir faktdan da məmnunam ki, Azərbaycan və Norveç Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) üzvləridir və bu çərçivədə əməkdaşlığımızı dəyərləndirirəm.

– Steinar Gil Azərbaycanda demokratiya fəallarına dəstəyinə görə xatırlanan yeganə Norveç səfiridir. Son illər Norveç səfirliyinin heç səsi eşidilmir. Niyə?

– Sizi inandıra bilərəm ki, Norveçin məqsədləri dəyişməz qalıb. Əsas prinsip müxtəlif ölkələrdə bu məsələ üzrə eyni standartların tətbiqinə çalışmaqdır. Həmişə ev sahibi olan hökumətlərlə yaxşı dialoqun saxlanması önəmlidir və biz Azərbaycan hakimiyyəti ilə dialoq aparırıq. Hər bir ölkənin özündə müxtəlif oyunçular davamlı demokratik inkişafı irəli aparmalıdır. Azərbaycanın halında hökumətlə vətəndaş cəmiyyəti arasında dialoqun güclənəcəyinə inanıram, çünki sonucda hamımız tərəfdaşıq. Ümumilikdə, Norveç inanır ki, demokratiya və sabitlik yanaşı mövcud olmalıdır və fəal vətəndaş cəmiyyəti demokratik inkişaf üçün vacibdir.

–Demokratik göstəricilərə dair tənqidlərə adətən belə cavab verilir ki, ABŞ və ya Norveçin bu səviyyəyə çatması üçün 200 ildən artıq vaxt keçib, Azərbaycan isə müstəqilliyini 20 ildir yenidən qazanıb. Sizcə, Azərbaycanın demokratik göstəricilərinin dəyişməsi üçün neçə il lazımdır?



– Bu suala görə təşəkkür edirəm. Bizim Konstitusiya 1814-cü ildə qəbul edilib və 1905-ci ildə Norveç tam müstəqil ölkəyə çevrilib. 1814-cü il demokratik konstitusiyası tarixi uğurdur və Norveç üçün qürur mənbəyidir. Ancaq bu, birdən-birə peyda olmayıb. Hələ konstitusiya qəbul olunmamışdan on illər öncə, Norveç məhkəmələri əsasən müstəqil qurumlar idi və insanların söz azadlığı vardı. Onu da vurğulayım ki, demokratiyamız hələ də inkişafdadır. Fikrimcə, demokratik inkişaf uzunmüddətli sabitlik və çiçəklənmənin açarıdır. O da düzdür ki, Azərbaycan gənc ölkədir və demokratiyanın daha da inkişaf edəcəyi bir sıra vacib xüsusiyyətləri var. 1918-ci ildə Azərbaycan dünyada ilk müsəlman demokratiyası kimi yarandı, müsəlman qızlar üçün ilk dünyəvi məktəb quruldu. Bu ölkə sürətlə müasirləşir, yaşayış standartları yüksəlir. Hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün vacib təşəbbüslər götürüb və kiçik və orta bizneslərin sayını artırmağı hədəfləyib. Hüququn Aliliyi islahatı biznes mühitini daha da təkmilləşdirəcək. Məncə, bu gün Azərbaycanın demokratik inkişafını irəlilətmək üçün hər cür imkanı var.

– 2010-cu ilin sentyabrından Azərbaycandasınız və yəqin ki, bu il gedəcəksiniz. Bu ölkə yadınıza ən çox nəyi salacaq?

– İlk növbədə yenidən bəyan etmək istəyirəm ki, Norveç Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. ATƏT-in Mİnsk Qrupunun köməyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli vacibdir. İkincisi, Azərbaycanın son 20 ildə iqtisadi inkişafı göz önündədir. Yoxsulluq içində yaşayanların sayı xeyli azalıb, ümumilikdə, əhali daha yüksək yaşayış standartı əldə edib. Azərbaycanın güclü, qərbyönümlü ölkə olmasını dəyərləndirirəm. İnanıram ki, bütün ölkələr üçün ən önəmli sərmayə insan resurslarının inkişafına qoyulan sərmayədir. Təhsil daima uzunmüddətli irəliləyişin açarı olub. Onu da əlavə edim ki, Norveç təcrübəsi qadınların iqtisadiyyata və bütünlükdə cəmiyyətə töhfəsinin neft sərvətimizdən daha önəmli olduğunu göstərir. Üçüncüsü, deyim ki, həyat yoldaşımla Azərbaycanı xeyli gəzmişəm. O qədər yaxşı və qonaqpərvər adam görmüşəm, gözəl yeməklərdən dadmışam, füsunkar təbiətdən zövq almışam. Burada çox maraqlı iş görmüşəm və bu yayda ölkəni hüznlə tərk edirəm. Dörd ildir Azərbaycan evimizdir və yəqin ki, gedəndən sonra da bu ölkəni maraqla izləyəcəyik. Azərbaycan xalqına gələcəkdə uğurlar diləyirəm.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.