“AST Telman”ın ortağına quldarlıq işi üzrə rəsmi ittiham irəli sürüldü

9-06-2014, 17:18   
“AST Telman”ın ortağına quldarlıq işi üzrə rəsmi ittiham irəli sürüldü
Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi Azərbaycan əsilli yəhudi milyonçu Januko Rafailov da daxil olmaqla 8 nəfərə qarşı qul əməyindən istifadə və qanunsuz miqrasiyanın təşkili maddələri üzrə rəsmi ittiham irəli sürüb.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr həmin qrupun üzvləri arasında Januko Rafailovun qardaşı Don Rafailovun, həmçinin Suriya, İraq və Vyetnamdan olan biznesmenlərin yer aldığını bildirib.

Bu cinayət işi ötən ilin yayında qaldırılıb. Rusiyanın Federal Miqrasiya Xidmətinin və polisin keçirdiyi birgə reyd zamanı Moskvanın İzmaylovo rayonunda “AST Cargo” şirkəti tərəfindən icarəyə götürülmüş konteynerlərdə qeyri-leqal miqrantların yaşadığı və işlədiyi qul düşərgəsi aşkar olunub.

Düşərgədə əsasən vyetnamlıların qul kimi istismar olunduğu, onların qanunsuz tikiş sexlərində işlədildiyi, yalnız yemək və sair gündəlik tələbatlarının ödənildiyi məlum olub. Reyd zamanı 1200-dən çox Vyetnam vətəndaşı saxlanılıb və deportasiya edilib.

Rusiya hüquq-mühafizə orqanlarının qaldırdığı cinayət işi əsasında ötən ilin avqustunda Januko Rafailov da daxil olmaqla bir neçə nəfər həbs olunub.

Januko Rafailov milliyyətcə dağ yəhudisidir. 1960-cı ildə Quba rayonunda, məşhur Qırmızı Qəsəbədə anadan olub və çoxsaylı biznes aktivlərinə malik milyonçudur. Həmçinin o, Azərbaycan əsilli digər yəhudi biznesmen Telman İsmayılovun keçmiş ortağıdır və onun sahibi olduğu şirkətlər qrupuna daxil olan “AST Cargo”nun direktorudur.

Hərçənd ki, T.İsmayılov özü bu şirkətin onun sahibi olduğu “AST” şirkətlər qrupuna bağlılığını inkar edir. Bununla belə T.İsmayılov J.Rafailovu tanıdığını və onunla münasibətlərinin olduğunu təsdiqləyir.

Rusiya hüquq-mühafizə orqanları isə bildirir ki, J.Rafailov keçmişdə “AST Cargo” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. Lakin hazırda Rafailovun T.İsmayılovla hansısa biznes bağlılığının mövcud olduğu dəqiq deyil.

Bununla belə J.Rafailov özü də kifayət qədər imkanlı adamdır, multimilyonerdir və çoxsaylı şirkətləri var. O, tikinti, neft hasilatı və ticarətlə məşğul olur. J.Rafailov “AST Group” Qapalı Səhmdar Cəmiyyətinin direktoru və səhmdarlarından biridir. Həmçinin “Evroliqa” korporasiyası, “Straxovoye edinstvo”, “Blaqovest”, “Evroliqa-Timan” və digər şirkətlər ona məxsusdur. “Evroliqa” korporasiyası tikinti, topdansatış ticarəti, o cümlədən yanacaq, müxtəlif metallar, neft və qaz hasilatı kimi çoxsaylı biznes növlərində fəaliyyət göstərir.

J.Rafailov ötən ilin dekabrında başqa yerə getməmək barədə iltizam alındıqdan sonra məhkəməyə qədər həbsdən buraxılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.