“Dövlətə xəyanət edənləri sonradan agent kimi işlədirdik”
MTN-in Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun işi üzrə aprelin 14-də məhkəmə istintaqı başlanıb. Onun işinə Bakı Apellyasiya Məhkəməsində Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Bu cinayət işində bir nəfər də zərərçəkmiş var – Vidadi Əzizov. Cinayət işinin materiallarında onun sahibkar olduğu bildirilir. Amma Mirəziz Əsgərov onun sahibkar olmadığını iddia edir.
Bugünkü məhkəmədə Vidadi Əzizov Mirəziz Əsgərova qarşı mülki idda qaldırıb. Hakim iddianı icraatına götürüb və məhkəmə istintaqı zamanı araşdırılacağını bildirib.
İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu ilə 500 min dollar alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma 40 min manat ala bilib.
Zərərçəkən ona dəymiş ziyanın ödənilməsini tələb edir.
MTN polkovniki ictimaiyyətin basqısına görə həbs olunduğunu deyir
Məhkəmədə Mirəziz Əsgərovun vəkili Fazil Nəhmətov vəsatət qaldıraraq deyib ki, istintaq zamanı müstəntiq faktları saxtalaşdırıb, Mirəziz Əsgərovun xeyrinə olan subutlara qanunsuz olaraq xitam verib.
Vəkil deyir ki, Vidadi Əzizovun MTN-ə.verdiyini iddia etdiyi pulların haradan əldə olunduğu müəyyənləşdirilməyib. Müdafiəçinin sözlərinə görə, zərərçəkmişin barəsində ayrıca iş var: “Həmin işlə bağlı istintaq bitməyib. Müstəntiq bu faktları müəyyən etmədən Mirəziz Əsgərovun işini məhkəməyə göndərib. İşdə olan ciddi qanun pozuntularını nəzərə alaraq cinayət işinin yenidən prokurorluğa qaytarılmasını xahiş edirik”.
Dövlət ittihamçısı Vüqar Quliyev cəsarətin əleyhinə olub.
Mirəziz Əsgərov isə vəkilinin dedikləri ilə razılaşıb. Bildirib ki, ona Vidadi Əzizovun izahatı əsasında ittiham verilib. Prokurorluq da ona qarşı qərəzli olub. MTN polkovniki hesab edir ki, bu qurum ətrafındakı məlum hadisələrdən sonra ictimaiyyətin reaksiyası, ictimai basqıların nəticəsi olaraq, onu da həbs eləyiblər: “MTN işləri ilə bağlı güclü basqılar var idi. Təzyiq nəticəsində, heç bir araşdırma aparılmadan mənə qarşı belə əsassız ittiham irəli sürüblər”.
Mirəziz Əsgərovun digər vəkili Əlimərdan Sadıqov da vəsatətin əsaslı olduğunu bildirib və təmin edilməsini istəyib.
Amma məhkəmə vəsatəti təmin etməyib.
“MTN rəhbərinə məlumat verdik, adam nəzarətdə saxlanıldı”
Daha sonra Mirəziz Əsgərov hər məhkəmə iclasından protokollarla tanış olmaq istədiyini bildirib və bu barədə vəsatət qaldırıb. Hakim bunun qanunvericiliyin tələbi olduğunu bildirərək, ona hər iclasdan sonra üç gün ərzində protokolla tanış olmasına şərait yaradılacağını bildirib.
Vəkil Əlimərdan Sadıqovun daha bir vəsatəti zərərçəkmiş Vidadi Əzizovun 2012-ci ildə həbs edilməsi, onun barəsində əməliyyat-istintaq sənədlərinin məhkəməyə təqdim edilməsi haqda olub.
Müdafiəçi bildirib ki, Vidadi Əzizovun xarici kəşfiyyatla əlaqələrinin yoxlanılması üçün 6 ay əməliyyat tədbirləri keçirilib. Bununla bağlı 300 səhfədən çox siqnal materalları toplanıb.
Dövlət ittihamçısı bu vəsatətə də etiraz edib. Bildirib ki, həmin sənədlər tam məxfidir və bu məhkəmə araşdırıla bilməz.
Mirəziz Əsgərov isə həmin siqnal materalları ilə tanış olmaq istəyib.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Daha sonra prokuror Vüqar Quliyev ittiham aktını elan edib. İttihama münasibət bildirən Mirəziz Əsgərov deyib ki, özünü qətiyyən təqsirli bilmir. O da hesab edir ki, sübutlar düzgün araşdırılmayıb: “İstintaq orqanı təzyiq altında barəmdə həbs qərarı verib”.
Ardınca Mirəziz Əsgərov ətraflı ifadə verərək deyib ki, 1992-ci ildə MTN-də işə başlayıb, 2002-ci ildən rəhbər vəzifələr tutub: “Bu müddətdə heç bir qanun pozuntusuna yol verməmişəm, fəaliyyətimə görə dəfələrlə mükafatlandırılmışam”.
Vidadi Əzizovdan 500 min alması haqda ittihama gəlincə, polkovnik deyir ki, 2012-ci ilin fevralında Vidadi adlı şəxsin xarici ölkələrə casusluq etməsi barədə əməliyyat siqnalı daxil olub. O zaman Əzizovun hərbi texnika və digər məsələlər haqda əcnəbilərə məlumat verdiyi müəyyənləşdirilib: “Bu məlumatı təhlil etdik və dərhal əməliyyat tədbirləri keçirdik. Həmin il ölkəmizdə böyük beynəlxalq tədbirin (Eurovision) keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirin pozulması üçün maraqlı ölkələr var idi. Onun telefonunun dinlənilməsi üçün Baş Prokurorluğa müraciət etdik. Baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə Səbail Rayon Məhkəməsinə təqdimat verildi və Vidadi Əzizovun telefonunun dinlənilməsi haqda qərar qəbul edildi. Bundan sonra agentura əməliyyat tədbirləri həyata keçirildi. Həmin vaxtda da məlum Quba və İsmayıllı hadisələri olmuşdu. Vidadi Əzizovun Moskvada olan bir nəfərlə telefon danışığında müəyyən etdik ki, bu hadisələrin miqyasını ölkədə genişləndirmək, Bakı və Bakıətrafı rayonlarda da törədilməsi üçün külli miqdarda pul göndəriləcək. Bu haqda MTN rəhbərliyinə məlumat verdik, Vidadi Əzizov tam nəzarətdə saxlanıldı. Bu əməliyyatlara MTN-in 4 strukturu nəzarət edirdi. Mənim burada hər hansı səlahiyyətli şəxs olmağım mümkün deyildi. Çünki 4 strukturun keçirdiyi əməliyyata ya MTN rəhbəri, ya da onun müavinlərindən biri nəzarət edirdi.
“Quldurluğun qarşısını almaq üçün onu həbs elədik”
Əməliyyat tədbirləri ilə müəyyən etdik ki, “Zaminbank”dan Vidadi Əzizov 9447 manat pul çıxaracaq. Həmçinin müəyyən etmişdik ki, orada ona qarşı quldurluq olacaq. Bu quldurluğun qarşısını almaq üçün Vidadi Əzizovun həbs olunmasını qərara aldıq. Mən və işçim Rəşad Əhmədov bankın Nərimanov filialının qarşısına gedən zaman bizə “geri çəkil, əməliyyatı xüsusi təyinatləlar keçirəcək” komandası verildi. Mən bunun səbəbini öyrənmək üçün idarə rəisi Aydın Manafovla əlaqə saxladım. O da xüsusi təyinatlıların əməliyyat keçirdiyini təsdiqlədi. Biz filialın qarşısında olanda onlar artıq əməliyyatı keçirmişdi, Vidadi Əzizovu həbs eləmişdilər”.
Əzizovun həbsindən sonra MTN-də baş verənlərə gəlincə, Mirəziz Əsgərov bunları danışıb: “Vidadi Əzizov xüsusi təyinatlıların müşayiəti ilə MTN-ə gətirildi. MTN-də xüsusi təyinatlıların əlində olan sellofan torba Aydın Manafovun otağına qoyuldu. Vidadi Əzizov isə mənim xidməti otağımda sorğu-sual edildi. Sorğu-sualdan sonra Aydın Manafov mənə dedi ki, MTN rəhbərinin göstərişi var, Vidadi Əzizovun sərbəst buraxılması üçün sənədləri hazırlayım. Sellofan torbanı da mənə verdi ki, Vidadi Əzizovun özünə qaytarım. Mən həmin vaxt torbaya baxmamışam, içində də nə olduğunu bilməmişəm.
Vidadi Əzizovun bir beynəlxalq şəbəkəyə qoşulub, 550 milyonluq sənədə imza atdığı barədə də məlumat daxil olmuşdu. Həmin vəsait Moskvadan keçirilib, İrana aparılmalıydı. Həmin dövrdə İran blokada vəziyyətində idi. Bu vəsait İranda müəyyən adamlara lazım idi. Bu işin icraçılarından bir nəfər İranda həbs olunaraq edam edilib, bir nəfər isə Türkiyə vətəndaşı Amerikada həbs olunub. Bu məsələləri mən qapalı məhkəmədə geniş danışacam”.
Dövlətə xəyanətdə ittiham olunan şəxsin hansı səbəbdən sərbəst buraxıldığı da Mirəziz Əsgərovdan soruşulub. O, prokurorun bu haqda sualına belə cavab verib: “Vidadi Əzizov vaxtından əvvəl saxlanılmışdı. Ona dövlətə xəyanət ittihamı verilməli idi. Bu da ağır ittihamdı. Adətən dövlətə xəyanətdə suçlanan şəxsi dərhal həbs eləmirdik,bir xeyli müddət araşdırma aparırdıq. Onların arasında islah olunanlar olurdu, belələrini həbs eləmirdik. Əksinə, onları əməkdaşlığa cəlb edirdik. Bu adamları casusluğa cəlb edənlərə qarşı elə onların özləri vasitəsilə mübarizə aparırdıq”.
MTN polkovnikinin məhkəməsi aprelin 28-də davam edəcək.
Azadliq.info