Leyla Yunus müqavimət hərəkatı yaratdı

9-06-2014, 17:25   
Leyla Yunus müqavimət hərəkatı yaratdı
SDİ direktoru siyasi məhbusların ailələrinə çağırış etdi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyunun 9-da mətbuat konfransı keçirib.

Azadliq.info-nun xəbərinə görə, hüquq müdafiəçisi rəhbərlik etdiyi təşkilatın nəzdində Repressiyalara qarşı müqavimət mərkəzi təsis olunduğunu bildirib. O, mərkəzin yaradılmasına ehtiyacı hakimiyyətin təzyiqləri qarşısında vətəndaş cəmiyyətinin “müdafiə mövqeyindən hücuma keçmək” zərurəti ilə izah edib.

Leyla Yunus məlumat verib ki, bugünlərdə Avropa Birliyinin Bakı nümayəndəliyi ilə görüş zamanı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri ölkədə cəmi 30 siyasi məhbusun olduğunu deyiblər, İlham Əliyevə beynəlxalq təzyiqlərin əleyhinə çıxış ediblər, AB-ni hakimiyyətin vətəndaş cəmiyyəti ilə dialoqa getməsinə nail olmağa çağırıblar və bildiriblər ki, bir müddət əvvəl baş tutmuş belə bir dialoqdan sonra problemlər xeyli dərəcədə həll olundu.

Leyla Yunus hazırda bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin bu cür “təslimçi” taktika ilə hərəkət etdiyini deyib. Onun fikrincə, bu yanaşma səhvdir. Vətəndaş cəmiyyəti Konstitusion haqları, hüquq və azadlıqları ötkəm səslə tələb etməli, hakimiyyətin təzyiqləri qarşısında geri çəkilməməlidir.

Hüquq müdafiəçisi onların siyahısında 130 nəfər siyasi məhbusun olduğunu deyib və siyasi məhbus ailələrini yaranmış vəziyyəti müzakirə etmək üçün iyunun 11-i saat 14-də SDİ-nin ofisinə dəvət edib. L.Yunus deyib ki, siyasi məhbus ailələri göz yaşları və ya peşmançılıq məktubları ilə övladlarının azadlığına nail olacaqları fikrindən uzaq olmalıdırlar.

Hüquq müdafiəçisi tədbirdə daha bir məlumat verib. Bildirib ki, ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrə ölkədəki vəziyyəti əks etdirən geniş məktub göndərib. L.Yunus bu dinləmənin böyük əhəmiyyət daşıdığını və ciddi nəticələrlə yadda qalacağını hesab edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.