Qız uşağı atılan zaman onun üzərinə adı yazılıb
Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, 26 günlük körpə zibil qutusunda xeyli müddət qaldıqdan sonra tapılıb. Balacanın qız uşağı olduğu məlum olub. Uşaq zibilliyə atılan zaman üzərində olan kağız parçasında adı da yazılıb-Nigar.
Paytaxtın Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına yaxın yerdə tapılan körpə elə həmin xəstəxanaya verilib. Körpə bir neçə gün müalicədən sonra 1 saylı uşaq evinə aparılıb, ancaq sonradan səhhətində problem yaranan qızcığaz yenidən xəstəxanaya qaytarılıb.
Həkimlərin dediklərinə görə körpənin beyindaxili təzyiqi var. Hazırda Nigara tibb bacıları ilə yanaşı xəstəxanada olan valideynlər də baxırlar. Xəstəxanada müalicə alan övladlarının yanında qalan valideynlərin dediklərinə əsasən, tibb bacıları artıq körpəyə baxmaqdan yorulduqlarını deyirlər.