Müğənni Rəhim Rəhimlinin xalq artisti Faiq Ağayev haqqında “Artıq onun zamanı deyil” dediyi fikirlər cavabsız qalmayıb. Lent.az xəbər verir ki, F.Ağayev həmkarının cavabını kəskin şəkildə verib: “ Atalar yaxşı deyib: Avazın yaxşı gəlir, oxuduğun quran olsa. İstinad etdiyi fikirlərimi özgə dilindən eşidib əlbət. Facebook səhifəmdə yazdığım "Zamanım deyil" dediyimdə, sitat: "abırsızlar, bisavadlar, satqınlar, boğazlarını yırtanlar"ı nəzərdə tutmuşdum. Beli, belələri arasında yerim olmayıb, yoxdur, və inşallah ki, heç vaxt olmayacaq. O ki qaldı sənətə, elə Rəhim özü dediyi kimi, bu günümə kimi müasir estradamızdakı kişi müğənniləri arasında maksimum nailiyyətlər qazanmışam bu məmləkətdə. Rəqabətə də can atmıram, o da - düzdür. Çünki əldə etdiklərim baxımından fəaliyyətimlə müqayisə olunacaq, və ya yaxınımda duran belə birisi yoxdur hələ ki”.
Xalq artisti daha sonra R.Rəhimlinin Azərbaycan musiqisində həlledici fiqur olmadığını da vurğulayıb: “Elə Rəhim özü de anlayır ki, onun mövqeyi Azərbaycan musiqisində həlledici deyil, xalq arasında fikrini de ciddiyə alan yoxdur. Yeni mahnını reklam üslubunu səhv seçmisən, Rəhim. Hədəfin azsaylı dedi-qoduçuların müəmmalı "ləzzəti" deyil, 9 milyonluq tamaşaçı toplumunun səsləndirdiyin melodiya və sözlərə istəyi və rəğbəti olmalıdır. Belə de ki, “ayıq başa” yaxşı oğlansan, Rəhim. Savadlı musiqiçi və məzəli şoumensən. Uğurlar sənə, gənc dostum!”.
Qeyd edək ki, R.Rəhimli F.Ağayev haqqında bu sözləri deyib: “Faiq Ağayev məndən illər öncə səhnədədir. Zamanında konsertlər verib, əməkdar, xalq artistidir. Sənətdə hər istədiyinə nail olub. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil”.