Rusiya paytaxtında 6 nəfər Azərbaycan vətəndaşından ibarət cinayətkar dəstə mətbəx mebeli satışı ilə məşğul olan firmaya silahlı basqın edərək içi pulla dolu seyfi aparmaq istəyib.
Bu barədə APA-ya Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə iyunun 5-də baş verib. Altı Azərbaycan vətəndaşı paytaxtın Andropov prospekti ev 29, korpus 2 ünvanında yerləşən “Forema Kuxni” firmasına silahlı basqın edib. Onlar içi pulla dolu olan dəmir seyfi aparmağa cəhd göstəriblər. Olay zamanı içəridə bir yükdaşıyan Dağıstan sakini kişi və iki qadın var imiş. Onlar hadisə barədə dərhal polis xəbər veriblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı basqında iştirak edən Azərbaycan vətəndaşlarını yaxalayıblar.
Aparılan araşdırmalar zamanı basqında iştirak edən Azərbaycan vətəndaşlarının kimliyi müəyyən olunub. Bunlar Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Seyidov Cavid Mehdi oğlu, Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Nadallah Paşa oğlu, Gəncə şəhəri sakinləri - 1969-cu il təvəllüdlü Verdiyev Seymur Qüsrət oğlu, 1973-cü il təvəllüdlü Həsənov Ülvi Namaz oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlov Orxan Rasim oğlu və Ağcabədi rayon sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rüstəm Cahid oğludur. Onların üzərindən müxtəlif sayda odlu və soyuq silah aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb, araşdırma aparılır.