Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun «Xəbərservis»-ə müsahibəsini təqdim edirik
-Nizami müəllim, bir necə gün öncə parlamentin yaz sessiyası başa çatdı. İyun ayında isə növbədənkənar sessiya dövründə cəmi iki-üç iclas keçiriləcək. Yaz sessiyasının əvvəlində komitənizin ilk iclasında xeyli qanun layihələri- “Yaradıcılıq təşkilatları və yaradıcı şəxslər haqqında ”, “Adlar və soyadlar haqqında”, “Muğam sənəti haqqında”, “Aşıq sənəti haqqında” və sairə barədə geniş danışılsa da, onların parlament müzakirələrinə çıxarılmasının vacibliyi qeyd olunsa da, ancaq sessiya dövründə onlardan bir xəbər çıxmadı və belə görünür ki, növbədənkənar sessiyada da onların müzakirələrə təqdimatı gözlənilmir. Bu baxımdan bilmək istərdik ki, adları çəkilən sənədlərin taleyi necə oldu və ya olacaq?
-Əvvəla, adını çəkdiyiniz qanun layihələri yaz sessiyasında parlament müzakirələrinə ona görə çıxarılmadı ki, bu məsələlərdə müzakirə olunmalı məqamlar çox idi. Eyni zamanda , yaz sessiyasında belə oldu ki, bizim komitə üzvlərinin çoxu müxtəlif tədbirlərdə - Avropa Şurasında, sonra başqa tədbirlərdə iştirak etdilər, elə mən də bəzi tədbirlərdə oldum. Yəni, davamlı olaraq o məsələlərə ən azı komitəmizin iclasları səviyyəsində baxa bilmədik. Amma hər halda indi də bu məsələlərlə bağlı müzakirələr gedir, davam edir, komitə üzvləri hamısı həmin məsələlər üzərində işləyirlər.
Növbədənkənar sessiyaya gəlincə, bu sessiyada yəqin ki, bir və ya iki iclas olacaq ki, o da xüsusi məsələlər var ki, onlara həsr olunacaq olacaq. Bu baxımdan, çox güman ki, haqqında söhbət gedən məsələlərə, qanun layihələrinə növbəti payız sessiyasında baxacağıq...
“Ənənəsi, tarixi olan yaradıcılıq təşkilatlarını qeyri-hökumət təşkilatları kimi mövcud qanunla idarə etmək, tənzimləmək mümkün deyil”
-Yuxarıda adları çəkilən qanun layihələrindən hansının payız sessiyasının müzakirələrinə çıxarılması daha çox gözlənilən, ehtimal olunandır və şəxsən özünüz onlardan hansının müzakirəsini, qəbulunu daha vacib sayırsınız?
-Biz Mədəniyyət komitəsi olaraq onların hər birinin müzakirəsini və qəbulunu istəyirik. Təbii ki, əgər onların hər biri üzərində iş gedirsə, o zaman hamısı bizim üçün maraqlı və əhəmiyyətlidir. Amma onların içərisində daha çox birinci planda yaradıcı şəxslərlə yaradıcılıq ittifaqları məsələsi dayanır ki, ilk öncə onun üzərində düşünmək lazımdır. Doğrudur, orada da bir xeyli problemlər var, amma bununla belə, bu məsələ çox əhəmiyyətli məsələdir. Çünki bu gün Azərbaycanda gedən yaradıcı işlərlə bağlı həqiqətən normal bir qanunvercilik lazımdır. Onları-istər yaradıcı şəxsləri, istərsə də ənənəsi, tarixi olan yaradıcılıq təşkilatlarını qeyri-hökumət təşkilatları səviyyəsində mövcud qanunla idarə etmək, tənzimləmək mümkün deyil...
“Ənənəsi, tarixi olan yaradıcılıq ittifaqları ilə yanaşı, nə yeni yaradıcılıq ittifaqlarının yaranmasının qarşısını almaq, bu məsələni məhdudlaşdırmaq olar, nə də bütün yaradıcılıq ittifaqlarının hamısını maliyyələşdirmək mümkündür”
-Nəyə görə?
-Çünki onların xüsusi statusu var. Bununla belə, boğrudur, o yöndə mövcud qanunlara da çox böyük ehtiyac var və yaradıcılıq ittifaqları özləri elə müəyyən mənada qeyri-hökumət təşkilatlarıdır. Amma yenə deyirəm, onların xüsusi statusu var. Belə olan halda da məsələ yenə gəlib çıxır maliyyə problemlərinin üzərinə. Mən onu da dəfələrlə demişəm ki, ənənəsi, tarixi olan yaradıcılıq ittifaqları ilə yanaşı, nə yeni yaradıcılıq ittifaqlarının yaranmasının qarşısını almaq, bu məsələni məhdudlaşdırmaq olar, nə də bütün yaradıcılıq ittifaqlarının hamısını maliyyələşdirmək mümkündür, əslində heç buna ehtiyac da yoxdur...
“Adlar və soyadlarla bağlı qanun layihəsinin qəbulu üçün tələsmək lazım deyil, çünki...”
İkinci planda, əlbəttə, muğam sənəti və aşıq sənəti ilə bağlı qanun layihələri dayanır ki, onların da müzakirəsi və qəbulu çox vacibdir. Bu baxımdan, düşünürəm ki, onların ikisini də yəqin ki, eyni vaxtda müzakirə edəcəyik, çünki bunlar prinsipcə eyni məsələlərdir. Yeri gəlmişkən, komitəmiz, konkret olaraq, millət vəkili Leyla Abdullayeva tərəfindən başqa bir qanun layihəsi hazırlanır ki, bu da “Kulinariya mədəniyyəti haqqında” qanun layihəsidir. Bu qanun üzərində də çox gərgin iş gedir və yəqin ki, o zamana, payız sessiyasına qədər bu da tamamlanacaq.
O ki qaldı adlar və soyadlarla bağlı qanun layihəsinə, düşünürəm ki, bu sahədə hər halda bir layihə sistemi hazırlanmalıdır, onun üçün də tələsmək lazım deyil. Ona görə ki, bu məsələyə hökumətdə də baxılır, Xüsusi Komissiya da adlar və soyadlar barədə konsepsiyanı işləyib hökumətə təqdim edib. Yəni, bu konsepsiya qəbul olunandan, hökumət tərəfindən təhlil olunub hüquqi tərəfləri müəyyənləşdiriləndən sonra bu yöndə müvafiq qanunun üzərində daha fəal işləyə bilərik.
“İnanmıram ki, kimsə parlamentə kənardan göstəriş versin”
-Nizami müəllim, komitənizin üzərində işlədiyi qanun layihələri, ümumən əksər qanunlar, maliyyə tutumludur və bu səbəbdən bəzən onların müzakirəsi, qəbulu çətin olur, illərlə gecikir, yubanır. Bu baxımdan, məsələn, maliyyə tutumlu olan “Yaradıcılıq təşkilatları və yardıcı şəxslər haqqında” qabun layihəsinin qəbulu yönündə bağlı Maliyyə Nazirliyi ilə hansısa ortaq nəticəyə gəlmisinizmi? Eyni zamanda, artıq belə söhbətlər də gəzir ki, hökumətdən guya tapşırıq gəlib ki, parlament maliyyə tutumlu qanun layihələrinin müzakirəsi və qəbulunu bir növ arxa plana- ikinci plana keçirsin...
-İnanmıram ki, parlamentə bu yöndə hər hansı göstəriş versinlər. Parlament Konstitusiya əsasında fəaliyyət göstərir, ayrıca-müstəqil hakimiyyət qoludur və istər-istəməz bütün qanunlarda az və ya çox dərəcədə maliyyə məsələsi olur. Və bu da təbii ki, müzakirə olunması, hökumətlə razılaşdırılması dünya praktikasında olan və qaçılmaz bir məsələdir. Yəni, burada hər bir məsələ müzakirə olunmalıdır. Eyni zamanda, onlar gələcəkdə büdcədə nə şəkildə qərarlaşdırılmalıdır, mütləq nəzərə alınmalıdır. Çünki bu məsələləri biz bir neçə səviyyələrdə müzakirə edirik. Büdcə müzakirə olunanda edirik, hökumətin hesabatında edirik. Bu və ya başqa sahəyə aid qanunnlar qəbul edəndə edirik. Bunsuz mümkün deyil, çünki dövlət, hökumət vahid bir orqanizmdir.
“Mürəkkəblik nə Maliyyə Nazirliyi , nə də komitə və ya parlament tərəfindən yaradılır”
O ki qaldı Maliyyə Nazirliyi ilə bizim bu məsələni müzakirə etməyimizə, bu, tamamilə təbiidir. Özü də burada mürəkkəblik nə Maliyyə Nazirliyi tərəfindən , nə də komitə və ya parlament tərəfindən yaradılır. Sadəcə, burda məsələnin qoyuluşu düzgün olmalıdır. Məsələn, bizim birinci halda təklifimiz budur ki, dövlət bütün yaradıcılıq ittifaqlarını, yaradıcılıq təşkilatlarını maliyyələşdirir. Burada da sual belə çıxa bilər ki, niyə dövlət maliyyələşdirməlidir? Yəni, dünyanın praktikasında var ki, hansısa yaradıçılıq ittifaqı yaranırsa, özü-özünü maliyyələşdirməlidir. Çünki orda üzvlük haqları məsələsi, başqa məsələlər var. İndi bizdə də təcrübə elə gətirib ki, faktiki olaraq, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı və sair, bir neçə belə tarixi təcrübəsi olan və bizim mədəniyyətimizə çox böyük töhfələr vermiş qurumlar maliyyələşdirilir. Bu, əslində sovet dövründən qalan bir ənənədir. Onlar faktiki olaraq, maliyyələşdirilir və təbii ki, Maliyyə Nazirliyi də buna etiraz edə bilməz. Bu bizim dövlət quruculuğumuzda olan bir siyasətdir, ümummilli liderimizin möhkəmləndirdiyi bir hadisədir. Çünki nəzərə alaq ki, müəyyən bir dövrdə, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində bu maliyyə kəsilmişdi. Misal üçün, Azərbaycan ədəbiyyatına həmişə çox böyük xidmət etmiş “Ədəbiyyat” qəzeti, “Azərbaycan” jurnalı, “Ulduz” jurnalı çox mürəkkəb vəziyyətə düşmüşdü. Hətta, bir müddət yubanmalarla çıxırdılar.
“5 adam, 10 adam yığışıb bir qurum yaradacaqsa, bunu dövlət niyə maliyyələşdirməlidir”
Eləcə də Yazıçılar İttifaqının özünün, onun aparatının maliyyələşdirilməsi çətin vəziyyətdə idi. Amma ümummilli liderimiz gələn kimi bu məsələləri, hətta, dövlətin ən ağır ən ağır maddi vəziyyətində qaydaya saldı. Bu, var və bunu qanunumuzda təbii ki, yazmalıyıq. Maliyyə Nazirliy də buna etiraz etmir. Amma indi bunun ardınca bu gün yaradıcılıq müstəqilliyidir, yeni qurumlar yarana bilər və yaranır da. Bunların nə qədər yarana biləcəyi, təbii ki, qeyri-məhduddur. Burada vacib deyil və heç buna ehtiyac da yoxdur ki, onların hamısı maliyyələşdirilsin. 5 adam, 10 adam yığışıb bir qurum yaradacaqsa, bunu dövlət niyə maliyyələşdirməlidir? Bax, ziddiyyət bundan ibarətdir. Indi bu baxımdan, qanunda gərək belə bir müddəa yazaq ki, yəni, xüsusi qurumlar, tarixi təcrübəsi olan, Azərbaycan mədəniyyətində, incəsənətində böyük rol oynamış, böyük xidmətləri olan qurumlar maliyyələşdirilir.
“Xalq da, dövlət də bilməlidir ki, o pul hara xərclənir, onun mədəniyyətinə , incəsənətinə nə dərəcədə yararlılıq, inkişaf gətirəcək”
Burada da yarımçıqlıq olur. Onda sual ortaya çıxır ki, bəlkə keçmiş qurumdan daha məhsuldar bir qurum yaranacaq. O, niyə maliyyələşdirilməsin ki? Bax,,mürəkkəblik yardan bu suallardır. Burada söhbət, ondan getmir ki, deyək ya Maliyyə Nazirliyi, ya hökumət bu maliyyə tutumlu qanunlardan imtina olunmasını təklif edir. Bu, mümkün deyil. Sadəcə, hər bir məsələ məntiqli olmalıdır. Çünki dövlətin pulu xalqın puludur. Xalq da, dövlət də bilməlidir ki, o pul hara xərclənir, onun mədəniyyətinə , incəsənətinə nə dərəcədə yararlılıq, inkişaf gətirəcək. Ümumi məntiq budur və biz bunu da fikirləşib, düşünüb, tapmalıyıq.