“Azərsu” fındığa görə 150 min manat cərimə ödəyəcək

9-06-2014, 18:54   
“Azərsu” fındığa görə 150 min manat cərimə ödəyəcək
Yasamal Rayon Məhkəməsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətini cərimələyib.

Bu barədə virtualaz.org saytına vəkil Azər Quliyev məlumat verib.

Vəkilin sözlərinə görə, Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə “Azərsu” ASC-yə qarşı “mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə” iddiaya baxılıb.

Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı torpaq mülkiyyətçisinin 42 sot torpaq sahəsinə, 80 top fındıq ağacına və 7 il əldən çıxmış gəlirə görə ziyanı hesablanaraq kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilib.

Bundan əlavə, digər məhkəmə qərarı ilə “Azərsu” ASC cərimələnib. ASC 53 sot torpaq sahəsinə, 80 top fındıq ağacına və 7 il əldən çıxmış gəlirə görə kompensasiya ödəyəcək. Beləliklə də “Azərsu” iddiaçılara 150 min manatdan artıq vəsait ödəməli olacaq.

A.Quliyev bildirdi ki, kəmərin təsirinə məruz qalan 4 min ailəyə kompensasiya verilməyib: “Məhkəmələr vasitəsilə kompensasiya ödənilməsinə nail oluruq. Amma artıq 4 ilə yaxındır ki, məhkəmə prosesləri gedir, qurum müxtəlif vasitələrdən istifadə edərək məhkəmələrin yubadılmasına çalışır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 24 fevral, 2006-cı il tarixli, 42S saylı sərancamına əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi layihəsinin idarə edilməsi və sifarişçi funksiyalarının icrası “Azərsu” ASC-yə həvalə edilib. 2010-cu ildə kəmərin rəsmi açılışı olub.

Su kəməri Azərbaycanın 8 rayonunun ərazisindən keçir. 3257 torpaq mülkiyyətçisi (975,99 hektar torpaq sahəsi) hələ də kompensasiya ala bilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.