Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri qətlə yetirməkdə ittiham olunan Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənovun məhkəmə prosesi başlayıb. Proses hakim Rauf Əliyevin sədrliyi ilə keçir.
Virtualaz.org saytının müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi bu ilin ilk bayram günü - yanvarın 1-də Novxanı bağlarında baş verib. Ailədaxili insident zamanı Bayram Həsənov odlu silahdan açdığı atəşlə qayınatası Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Onların hər ikisi hadisə yerindəcə keçiniblər.
Törətdiyi cinayət əməlinə görə B.Həsənova CM-in 120.2.4, 120.2.5, 120.2.7, 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 228.1 və 229.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən B.Həsənov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib: “Gülnar Hüseynova ilə 2006-cı ildə qeyri-rəsmi evlənmişəm, Aytac adlı bir qızımız var. 2011-ci ildə Gülnar mənə 8900 manat pul verdi. Dedi ki, atam rayonda öz torpağını satıb bu pulla həm mənə, həm də qardaşım Ruslana Bakıdan torpaq almaq istəyir. Pulu götürdüm, üstünə də özümdə olan puldan əlavə eləyib Novxanıda 11 min manata 4 sot torpaq aldım. Sonradan 3900 manat pulu hissə-hissə olmaqla Gülnarın atası Nəzərə qaytardım. Ona torpağı Gülnarın adına rəsmiləşdirəcəyimi demişdim, amma mənimlə razılaşmamışdı. Gülnarla yola gedə bilmədiyimizə görə ayrılmışdıq. O da valideynlərinin yanında qalırdı.
Gülnar Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, atalığımı müəyyən etdirərək Aytaca aliment kəsdirmişdi. Qızıma ayda 90-150 manat arası aliment ödəyirdim”.
B.Həsənov ifadəsində hadisə baş verən gün kirayə qaldığı mənzildə gizlətdiyi silaha “əl gəzdirməyi” də unutmayıb: “Hadisədən bir gün əvvəl avtoqəza törətdiyimdən xəstəxanaya düşmüşdüm, qolum sınmışdı. Gülnara bir neçə dəfə zəng vurub qızımı görmək istədiyimi desəm də yanıma gətirmədi, sabah gələcəyini dedi. Yaram ağır deyildi, xəstəxanadan həkimlərin icazəsi olmadan qaçıb getdim. Gülnara zəng vurub onu əvvəllər birlikdə yaşadığımız evə çağırdım. Gülnar məndən ayrılıb gedəndən sonra o evdə iş yoldaşlarımla birlikdə qalırdım. Bayram günü olduğundan mənimlə bir evdə qalanların üçü də rayona getmişdi. Açarı onlardan götürüb evə gəldim. Mənzilə keçib döşəyin altında gizlətdiyim ov tüfəngini və patronları götürdüm. Tüfəngin lüləsini təmizləyib iki ədəd patron saldım. Patronu və patron kəmərini dəhlizdəki şkafın altında gizlətdim. Günorta saatlarında qapı döyüldü. Gülnarın atası Nəzər, anası Rəfiqə və qızım Aytacla birlikdə gəldiyini gördüm. Mətbəxdə əyləşib birlikdə çörək yedik. Qızıma aldığım bayram hədiyyəsini və 100 manat pulu verdim”.
Təqsirləndirilən şəxsin dediklərindən belə məlum olub ki, qayınanasının onu təhqir etməsi silaha əl atmasına səbəb olub: “Qayınatamla torpaq barədə danışmağa başladıq. Nəzər bir daha israrla həmin torpağı öz adına sənədləşdirəcəyini dedi. Mənsə Gülnarın adına rəsmiləşdirəcəyimi bildirdim. Belə olan halda Nəzər torpağa verdiyi pulu geri qaytarmağımı tələb etdi. Dedim torpağı aldığım şəxslə danışmışam, bayramdan sonra satıb pulunu qaytaracağam. Bundan sonra Gülnarı valideynlərini evə göndərməsini, özünün isə qalmasını söyləmək üçün mətbəxə çağırdım. Bu vaxt anası Rəfiqə onun arxasınca gələrək danışmağa imkan vermədi. Anası “Gülnara kafedə iş tapacam, gedib ofisiant işləyəcək” dedi. Mən də “əgər Gülnar kafedə işləyərsə, onun başını kəsərəm” dedim.
Qadın hirslə “artıq düzəltmişəm, bacarırsansa kəs” deyərək nalayiq söyüşlər söyməyə başladı. Anamın ili hələ çıxmamışdı. Rəfiqənin ölülərimə söyməsi mənə pis təsir etdi. Qolumdakı sarğını açıb bir kənara tulladım. Silahı gizlətdiyim yerdən çıxarıb Rəfiqə ilə Nəzərin yanına qayıtdım. Gülnar əlimdə tüfəng görüncə lüləsini öz sinəsinə sıxdı, onu vurmağımı, valideynlərinə toxunmamağımı deyərək yalvardı. Hətta əli ilə tüfəngin tətiyini də çəkdi, amma silahın qoruyucusu bağlı olduğundan atəş açılmadı. Rəfiqə qızını itələyib “çəkil kənara, qoy məni vursun bu əclaf” deyib üzümə tüpürdü. Bundan əsəbiləşib dəhlizin tavanına bir dəfə atəş açdım. Arvadım valideynləri ilə birlikdə məni itələyib çölə çıxardılar.
Həyətdə olarkən Rəfiqənin polisə zəng vurduğunu eşitdim. Nəzər dedi ki, silahı yığışdır, problem yaranmasın, indi polislər gələcəklər. Əsəblərimi cilovlaya bilmədim. Rəfiqəni öldürməyi qərara aldım. Tüfəngə patron qoyub dəhlizdə dayandım. Rəfiqə məni yenidən söyməyə başlayanda silahla onun baş nahiyəsinə atəş açdım. Güllə Rəfiqənin sağ gözünə dəydi, həmin andaca yerə yıxıldı. Bir anlıq pis oldum, tüfəng qeyri-ixtiyari əlimdən yerə düşdü. Nəzərin üstümə gəldiyini görüb tüfəngi yerdən qaldırdım, özüm də ayağa qalxdım.
Arvadının meyitinə baxaraq “sən bunu öldürdün, ay əclaf” dedikdə tüfənglə Nəzərin boynunun arxa tərəfinə atəş açdım. Gülnar otağa girib ata-anasına baxmaq istədikdə imkan vermədim. Onun qışqır-bağır saldığını, qaçmaq istədiyini görüb sifətindən yumruqla vurdum, çəliklə ayağına zərbələr endirdim. Zərbələrin təsirindən Gülnar yerə yıxılıb huşunu itirdi. Bayıra baxanda Nəzərin ayağa qalxdığını gördüm. Əlimdəki çəliklə onun başına, bədəninə çoxsaylı zərbələr endirdim. Öldüyünə əmin olduqdan sonra mənzili tərk etdim”.
Zərərçəkmiş şəxs qismində dindirilən Gülnar Hüseynova gözləri qarşısında baş verən faciəni bu cür danışıb: “Bayramın məndən əvvəl ailəsi olub. Həmin qadından 3 uşağı da var. 2006-cı ildə mənimlə evləndi. Novxanıda kirayədə yaşayırdıq. 5 yaşında qızımız var. Münasibətlərimiz normal olmadığına görə ayrılmışdıq. Uşaq da mənimlə qalmışdı. Hadisə baş verən gün valideynlərimlə və qızım Aytacla birlikdə Bayramın kirayə qaldığı evə gəldik. Evdə tək idi, sağ qolu sarıqlı idi, əlində çəlik tutmuşdu.
Bir qədər söhbət edəndən sonra torpaq məsələsinə görə atamla aralarında narazılıq yarandı. Bayram bir daha torpağı atamın adına deyil, mənim adıma rəsmiləşdirəcəyini dedikdə atam pulunu geri tələb etdi. Yaranmış mübahisə zamanı Bayram tüfənglə əvvəl anamı, sonra atamı vurdu. Ölmədiyini görüb onun saçından yapışaraq üzünə, bədəninin digər nahiyələrinə zərbələr endirirdi. Atama “gör indi sənin qızının başına nə oyun açacağam” deyib tüfəngi yerə atdı və məni boğmağa başladı. Hardansa skoç tapıb əllərimi bağlayacağını və Aytacın gözü qarşısında məni işgəncə ilə öldürəcəyini dedi.
Amma nə qədər çalışdısa skoçu aça bilmədi. Bu vaxt atam yaralı olsa da birtəhər ayağa qalxıb Bayramla əlbəyaxa oldu. Bayram atamın başına çəliklə çoxsaylı zərbələr endirdi. Həmin vaxt qızım otaqda qalmışdı. Artıq atama kömək edə bilməyəcəyimi görüb evin arxa tərəfinə doğru qaçmağa başladım. Oradan divar qonşunun həyətinə tullandım. Tanımadığım şəxslər məni içəri buraxdılar və polisə zəng vurub hadisə barədə məlumat verdilər”.
Məhkəmə prosesi iyunun 30-da saat 15:30-da davam edəcək.