Bir neçə dəqiqə bundan əvvəl Bakıda Fəhlə prostekti, ”Nargilə” kafesinin qarşısında zəncirvari qəza baş verib.
“Mersedes C220” markalı 90 LK 483 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək, qarşıda hərəkət edən “Toyota Land Cruiser” markalı 90 NE 016 dövlət nömrə nişanlı avtomobili arxadan vurub. Öz növbəsində “Toyota Land Cruiser” markalı maşın da qarşıda gedən digər “Mersedes” markalı 10 XT 999 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq zəncirvari yol qəzasına səbəb olub. Qəza nəticəsində adı çəkilən hər üç avtomobil ciddi zədə alıb, “Mersedes C220” isə yararsız hala düşüb.
Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bir nəfər, hadisəyə səbəb olan sürücü yüngül bədən xəsarətləri alıb.
Şahidlərin bildirdiyinə görə, “Mersedes C220” markalı avtomobilin sürət həddini keçməsi və idarəetməni itirməsi qəzanın baş verməsinə səbəb olub.
Hadisə yerində olan Xətai Rayon DYP-nin əməkdaşları qəzanın baş vermə səbəblərinin araşdırdıqlarını bildiriblər.