Bakıda gizli və qorxulu su biznesi tüğyan edir

10-06-2014, 10:37   
Bakıda gizli və qorxulu su biznesi tüğyan edir
Hər il olduğu kimi bu yay da ən mühüm problemlərdən biri paytaxt bazarlarında insan sağlamlığına ziyan ola biləcək saxta sərinləşdirici içkilərin satışda olmasıdır. Sakinləri narahat edən bu problemlər bağlı ANS-in “qaynar xətti”nə kütləvi şəkildə şikayətlər daxil olub.
Daxil olan şikayətlərə əsasən paytaxtın bir çox ərzaq dükanlarına baş çəkdik. Müşahidələrdən gördük ki, paytaxtın bəzi mağazalarında mənşəyi və mənbəyi bilinməyən sular satılır. Müxtəlif adlar altında plastik qablara doldurulan qazlı və qazsız suları alan bəzi alıcılar isə heç nəyin fərqinə varmır.
“Çalışıram ki, ucuz qiymətə satılan sulardan alım. Onsuz da hamısını birbaşa krandan doldurub satırlar. İsti havada məcbur olub alırıq. Əslində bilirəm ki, bunlar insan orqanizminə ziyandır” - deyə Samir Aslanov adlı alıcı bildirib.
Satıcıların bir çoxu da deyilən iradlarla razıdır. Ərzaq dükanının satıcısı və sahibkarı Elşad Əliyev deyir ki, bəzi tanınmış şirkətlərlə yanaşı sexlərdə istehsal olunan sərinləşdirici içkilər də gətirilir. Çünki həmin sular daha ucuzdur.
“Tanınmış markalara nisbətən bu tip sular daha çox satılır. Həm də həmin içkiləri gətirənlər daha çox faiz verirlər. Tanınmış bir markaya məxsus içkidə 1 litr sudan 5-6 qəpik qalırsa, daha ucuz sulardan 12-20 qəpik qalır. Üstəlik bu içkilərə tələbat daha çox olur. Fəhlələr, uşaqlar daha çox soyuq, qazlı və şirin sulara üstünlük verir” - deyə Elşad Əliyev bildirib.
Qeyd edək ki, sərinləşdirici içkilərin satışı və saxlanması zamanı da böyük problemlər müşahidə olunur. Şirkət suları mağazalara gətirir. Lakin mağazalarda həmin məhsulları vaxtında soyuduculara yükləmirlər. İsti havada, günəş şüasının altında qalan məhsulların tərkibi dəyişir. Bu zaman isə sərinləşdirici sular insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilir. Satıcıları isə görünür, bu məsələ daha az maraqlandırır. Mövcud problemin başlıca günahkarı isə dövlət qurumlarıdır.

Azərbaycan Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədov ANS-ə açıqlamasında bildirib ki, bu gün Azərbaycan bazarında su istehsalına nəzarət çox zəifdir.

“Bəzi yerlərdə qeydiyyatdan keçməyən su sexləri fəaliyyət göstərir. Həmin sexlərdə kranlardan, quyulardan su doldurub satırlar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyi birbaşa bu məsələyə nəzarət etməlidir. Əfsuslar ki, bu problemə hamı göz yumur” - deyə Dövlət Məmmədov bildirib.

Ekspert deyir ki, Bakı şəhərində sərinləşdirici içkilərin və suların çoxu yoxlanılmadan satılır. Bu sular insan orqanizmi üçün təhlükə mənbəyidir.

“Xüsusi filtrlər vasitəsilə suyu təmizləyirlər. Bu zaman suyun tərkibindəki bir çox lazımi maddələr çıxarılır. Bir sözlə, əhaliyə “ölü su” satılır. Bir problemin səbəbi isə suyun tərkibini yoxlayarkən sistemin düzgün qurulmamasıdır. Belə ki, suyun tərkibini yerində yoxlamırlar. Bakı şəhərində satılan suların 50-60 faizi, restoranlarda verilən su və şirələrin 90 faizinin mənbəyi məlum deyil. Şadlıq evlərində stola verilən zaman hardansa mənşəyi bilinməyən sular və şirələr peyda olur. Belə gizlin sular Abşeron rayonunda istehsal olunur” - deyə D.Məmmədov bildirib.

Onun fikrincə, sərinləşdirici içkilərin dükan və mağazalarda saxlanma şəraiti də qənaətbəxş deyil: “Bu sahədə vəziyyət olduqca bərbaddır. Mağazada işləyən insanların heç birinin ticarət sahəsində bilgisi yoxdur. Bu səbəbdən qidaların, o cümlədən sərinləşdirici içkilərin satışı bərbad vəziyyətdədir. Bu insanların çoxu cinayət məcəlləsinə cəlb olunmalıdır”.

Ekspert problemin çıxış yolunu nəzarəti gücləndirməkdə və bu sahədəki qanunsuzluq aşkar edildikdə cərimələrin çoxaldılmasında görür: “Burada cərimələrin məbləi olduqca aşağıdır. Cərimə 300-400 manatdan 5000 manata qaldırlmalıdır. Bu zaman biz xarab olmuş ərzaq yox, normalara cavab verən ərzaq alacağıq”.

İqtisadçı, deputat Əli Məsimli isə bazarda olan keyfiyyətsiz sərinləşdirici içkilərin müəyyənləşdirərək satışdan çıxarılması üçün maraqlı üsul təklif edir. Əli Məsimli bu sahədə ən yaxşı mübarizə üsullarından biri kimi ictimaiyyətin iştirakı ilə aşkarlığı təmin etməyin vacibliyini önə çəkir. Onun sözlərinə görə, necə deyərlər, yoxlayanın özünü də yoxlamaq lazımdır.

“Araşdırmaq lazımdır ki, yoxlamaları aparan şəxslər öz cibini qoruyur, yoxsa insanların sağlamlığının qayğısına qalırlar. Bu sahədə yoxlama işlərində aşkarlığı təmin etmək vacibdir. Düşünürəm ki, ən ciddi təsir göstərəcək amil KİV-lərin iştirakı ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Müvafiq qurumlar sərinləşdirici içki, limonad istehsalı ilə məşğul olan müəssisələrdə KİV nümayəndələri və istehlakçıların hüquqlarını qoruyan təşkilatların nümayəndələri ilə birlikdə monitorinq aparmalıdırlar” - deyə Əli Məsimli bildirib.

Ə.Məsimli istehsalatla yanaşı sərinləşdirici içkilərin saxlanılmasının da mühüm bir məsələ olduğunu vurğulayır: “Bəzən biz şahid oluruq ki, sərinləşdirici içkilər mağazada günün altında saxlanılır. Bu isə həmin məhsulların tərkibinin dəyişməsinə gətirib çıxarır. Bu isə sonradan zəhərlənmə və digər fəsadlara səbəb olur”.

Deputat bazarda satışa kiçik sexlərdə istehsal olunan keyfiyyətsiz içkilərin müfaviq qurumlar tərəfindən tam aşkarlanaraq məhv edilməsinin mümkünsüzlüyünü də bildirir. Onun sözlərinə görə, müvafiq qurumlar nə qədər nəzarətlərini artıraraq keyfiyyətsiz məhsulların aşkar edərək mağazalardan yığışdırılmasını təmin etsə də bu son nəticədə keyfiyyətsiz məhsulların cəmi 10 faizini təşkil edəcək. Yerdə qalan 90 faiz əhalini yenidən satışda qalacaq və istehlakçıları zəhərləməkdə davam edəcək. İqtisadçı bu məsələyə elmi yanaşmağın vacibliyini vurğulayır.

Dövlət qurumları isə səslənən ittihamları qəbul etmir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən daima bu problemin nəzarətdə olduğunu bildirib. Onun sözlərinə görə, sərinləşdirici içkilər satılan bazara nəzarət daha da gücləndirilib.

“Yay mövsümü başa çatana qədər bu tədbirlər davam edəcək. Mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Hələlik keçirilən monitorinqlərdə ciddi qanun pozuntularla qarşılaşmamışıq. Sərinləşdirici içkilərədn nümunələr eyni qayda ilə götürülmür. Hər bir içkinin xüsusiyyətinə görə yoxlamalar aparılır” - deyə Abbas Əliyev vurğulayıb.

Nazirlik rəsmisi onu da əlavə edib ki, məhsulun saxlanması ticarət qaydalarına uyğun olmalıdır. Laboratoriyadan keçərkən tərkibi normal olan məhsul sonradan saxlanma prosesi zamanı korlana bilər.

Bu problem Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən də ciddi yoxlanılır. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının ANS-ə verdiyi məlumata görə, istehlakçıları keyfiyyətsiz, təhlükəli məhsullardan qorumaq məqsədilə müəyyən edilmiş qaydada sərinləşdirici içkilər istehsal edən təsərrüfat müəsisələrində mütəmadi olaraq dövlət nəzarəti tədbirləri həyata keçirilir.

“Yay mövsümü yeni başlanıldıqda sərinləşdirici içkilər istehsal edən müəssisələrdə nəzarət haqqında məlumatları mətbuata bildirəcəyik. Ümumilikdə respublika ərazisində təxminən 70 sərinləşdirici içki istehsal edən müəssisə fəaliyyət göstərir. Lakin bu müəssisələrin sayı mütəmadi olaraq dəyişir. Yay aylarında isə belə müəssisələrin sayı iki dəfə çoxala bilər. Hər bir sexlərdə dövlət nəzarəti aparılır” - deyə Fazil Talıblı bildirib.

“Problem aşkarlanan müəssisələrin fəaliyyəti birmənalı olaraq dayandırılacaq. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qüsurlara yol verən müəssisələr barədə cərimələr tətbiq olunacaq. Hansı ki, fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə 4000-5000 manat cərimələr tətbiq olunacaq” - deyib F.Talıblı.

Fazil Talıblı problemin həllində alıcıların da mübarizə aparmalı olduğunu bildirib: “Bir daha istehlakçılara bildirirəm ki, keyfiyyətsiz sərinləşdirici içkilər gördükdə aidiyyatlı qurumlara xəbər versinlər. Sakinlər özləri də mütləq bununla mübarizə aparmalıdır. Sərinləşdirici içkiləri günəş süaların altında saxlanılan məhsullar sonradan keyfiyyətini dəyişir. Bu zaman belə məhsulların tərkibinin dəyişdiyini müşahidə edirik. Belə məhsullar insan orqanizminə ciddi təsir göstərir”.

Sonda onu bildirək ki, müvafiq qurumlar nə qədər monitorinq keçirərək keyfiyyətsiz sərinləşdirici içkiləri bazardan çıxarılmasını təmin etsələr də bu problem köklü şəkildə həll edilməlidir. Ya bu sahəyə dövlət tərəfindən dəstək verilməli və iri ixtisaslaşmış zavodlar açılmalı, ya da keyfiyyətsiz məhsul istehsal edən sexlər o qədər böyük həcmdə cərimələnməlidir ki, bir də belə iş tutmasınlar. Axı əldən gedən insanların sağlamlığıdır...

İstehlakçılara isə məsləhətimiz budur: kustar üsulla hazırlanan, üzərində tərkibi haqqında məlumatlar əksini tapmamış sərinləşdirici içkiləri almaqdan çəkinsinlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.