“Heydər Əliyev demişdi ki, mən Ramil Usubova inanıram” – Şikayət

31-05-2017, 10:27   

“Basta” nın oxucu poçtuna daha bir şikayət məktubu daxil olub. Bu dəfə Laçın rayonu Kalafalıq kənd sakini 1-ci qrup əlil Sarıyev Ədalət Dərgah oğlu Laçın rayonuna yeni təyin olunan polis rəisi Adil Əsədovdan şikayətçidir.

Ədalət Sarıyev yazır:

Hörmətli redaksiya, nəzərinizə çatdırım ki, mən Laçın rayonundan məcburi köçkünəm. Hazırda Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində Vağazin obasında məskunlaşmışam. Yaşayış şəraitim çox ağırdır. 1-ci qrup əliləm. Xəstəliyimə görə dəfələrlə Bakıda, Ukraynada, İranda müalicədə olmuşam. Sonuncu dəfə qohum-əqrabadan borc-xərc edib 2400 manat düzəldərək müalicə üçün Bakıya getdim. Bakıda Alatava qəsəbəsində xəstəliyimdən istifadə edərək pulumu oğurladılar.

Şikayət üçün 29-cu Polis bölməsinə getdim. Polis əməkdaşları Rasim və Səbuhi adlı şəxslər mənim şikayətimə baxmaq əvəzinə məni döydülər.

Çox ağır vəziyyətdə rayona qayıtdım. Bəlkə bir kömək edər deyə Laçının yeni təyin olunan rəisi Adil Əsədovun qəbuluna getdim. Dərdimi ona danışdım. Amma Adil Əsədov da mənə heç bir köməklik etmədi. Bir müddət sonra bacımın köməkliyiylə ikinci dəfə qəbuluna getdim. Amma Adil Əsədov bizi qəbul etmədi.

Cənab nazir Ramin Usubovun Bərdəyə gələcəyini, orda vətəndaşları qəbul edəcəyindən xəbər tutdum.

Mənim heç vaxt yadımdan çıxmaz, rəhmətlik Heydər Əliyev demişdi ki, mən Ramil Usubova inanıram.

Mən də cənab nazirə inanıram.

Ona görə də qərara gəldim ki, gedim dərdimi nazirə danışım, bəlkə o mənim dərdimə bir çarə edə. Amma bu yerdə deyərlər sən saydığını say gör Adil Əsədov nə sayır. Mənim Bərdəyə Ramin Usubovun qəbuluna gedəcəyimdən xəbər tutan Laçın Rayon Polis Şöbəsinin rəisi Adil Əsədov məni yaşadığım Vağazin obasından kənara çıxmağa da qoymadı. Polislərini töküb mənə və əlil olan digər ailə üzvülərimə, bacılarım Sarıyeva Raya və Sarıyeva Sürəyyaya, həyat yoldaşım Mamedova Rənaya qarşı zor tətbiq etdilər.

Yolumuzu kəsib Bərdəyə getməyə və nazirin qəbuluna düşməyimizə imkan vermədilər. Adil Əsədovun rayona rəis təyin edildiyi heç 2 ay olmayıb. Amma rayonun köçkün əhalisi əlindən cana gəlib.

Qarabağ müharibəsi zamanı keçdiyi döyüş yolu və verdiyi şəhidləriylə Laçın Polisi adını tarixə qəhrəman polis kimi yazdırıb.

Lakin Adil Əsədov Laçın Polisinin şərəfli adına ləkə gətirir. Polislərlə camaatı üz-üzə qoyur.

Onun çirkin əməllərinə alət olmamaq üçün müharibə vaxtından polisdə çalışan 10-15 nəfər polis işçisi ərizələrini verərək işdən çıxıblar.

Mən sizdən xahiş edirəm ki, mənim haqq səsimi ictimaiətə və cənab nazir Ramin Usubova çatdırın.

Laçın rayonu Kalafalıq kənd sakini 1-ci qrup əlil Sarıyev Ədalət Dərgah oğlu.


Könül Alı
Bastainfo.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.