Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin əvvəlindən indiyədək həyata keçirilən tədbirlərin hesabatını verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanlarına yardım edilib: “Mərkəzə insan alverinin qurbanı olan 21 nəfər göndərilib. Bundan əlavə, insan alverinin potensial qurbanı olan 12 nəfərə kömək edilib”.
İnsan alveri qurbanı olan 3 nəfərə maliyyə yardımı göstərilib, 4 nəfər ünvanlı dövlət sosial yardımının təyinatı üçün müvafiq rayon ƏSMM-nə, 2 nəfər isə məşğulluqlarının təminatı üçün Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib. Habelə 6 nəfərə psixoloji, 2 nəfərə tibbi, 17 nəfərə hüquqi yardımlar göstərilib, 1 nəfərin övladı körpələr evi – uşaq bağçasına yerləşdirilib. Mərkəz digər şəxslərin də hər biri ilə fərdi qaydada iş apararaq, onların bu və ya digər çətinliklərinin aradan qaldırılması, reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Eyni zamanda, insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında müxtəlif formalı ictimai maarifləndirmə işləri aparılıb.