Valideyinlər uşaqlarının dərsdən kənar hazırlığına xeyli vəsait xərcləyir«Əksəriyyət məktəb tədrisinə etibar etmir, uşaqlarını repetitora verir»
Orta məktəblərin buraxılış siniflərində attestat almaq uğrunda mübarizə başa çatdı. Təhsil Nazirliyi yəqin ki, yaxınlarda statistik rəqəmləri açıqlayacaq. Mən isə attestatın hansı əziyyətə başa gəldiyinə nazirliyin görmədiyi tərəfdən baxmağa çalışdım. Orta məktəbin 11-ci sinfini bitirən Rəhimə imtahadan çıxandan sonra ilk sualım “necə keçdi” oldu. Gümrah səslə cavab verdi: “Yaxşı keçdi. Qapıda ayağımızın altına kimi yoxladılar. Içəridə nəzarət o qədər də ciddi deyildi, amma xəbərdarlıq edirdilər. Uşaqlar da bacardıqca bir-birinə kömək əlini uzadırdı. Suallar normal idi. Bilmədiyim suallar da vardı, cavablarını təxmini yazdım. Onsuz da səhv cavab düzü silmir. Mənim üçün Azərbaycan dili nisbətən çətin idi. Suallar bir qədər mürəkkəb olduğundan fikirləşməli olurdum. 5 sualın cavabını bilmədim, onlar aşağı siniflərdə keçdiyimiz mövzular idi. Iki oxşar variant arasında qalırdım, birini seçmək üçün fikirləşəndə vaxtım da çox gedirdi. Riyaziyyat mənim üçün asan idi. Riyaziyyatın suallarını 20 dəqiqəyə yazdım. Sonra Azərbaycan dilinə keçdim. Qalan vaxtımı ana dilinə sərf elədim. Azərbaycan dilindən 17-18 sualı yəqin ki, düz yazmışam. Riyaziyyatdan da 20-si düz olar. Ümumilikdə 2 saatın 30 dəqiqəsi inşa üçün ayrılmışdı. Mövzular elm, liderlərimiz, təbiətlə bağlı idi. Nisbətən yaxşı bildiyim təbiət mövzusuna dair bir-iki cümlə yazdım. İnşa o qədər də vacib deyildi, “2” alan uşaqlar qiymətlərini “3” eləmək üçün inşadan istifadə edirlər. Mən 5 almaq istəyirdim, amma deyəsən nəticəm 5 olmayacaq”.
5 fənnən hazırlığa getdiyinə görə dərslərini “yola verib”
Rəhim 8-ci sinifdən hazırlığa gedir. Riyaziyyat fənni üzrə artıq 4 ildir repetitorla hazırlaşır, Azərbaycan dilindən də 3 ildir hazırlığa gedir. 10-cu sinifdən başlayaraq isə 1-ci qrupa aid olan 5 fənnən hazırlaşır: Azərbaycan dili, ingilis dili, riyaziyyat, kimya, fizika. Soruşuram, hazırlığa getməyə niyə ehtiyac duydun? Deyir: “vaxtı ikən oxumamışam, ona görə. Sinifimizdə də güclü oxuyan yox idi. Məsələn, mən kimyanı oxumuşam, amma gündəlik dərsə cavab vermək, qiymət almaq üçün. Dərindən oturub məşğul olmamışdım. 10-cu sinifdən 5 fənn üzrə hazırlaşdığıma görə gündə 1-2 dəfə müəllim yanına gedirdim, məktəb dərslərimi hazırlamağa vaxtım olmurdu. Şifahi fənləri 1 dəfə oxuya bilirdim, oturub əzbərləmirdim. Bəzən də oxumağa heç vaxtım olmurdu, dərsdə uşaqlar danışanda ağızlarına baxırdım, sonra yadımda qalanı danışıb qiymət alırdım. Riyaziyyat, fizikaya hazırlığa getdiyim üçün onları həll edirdim. Müəllimlərimiz də anlayışlı idilər, hazırlığımız olduğunu bildikləri üçün güzəştə gedirdilər. Məsələn, ədəbiyyat müəllimi 1-ci qrupa sənəd verəcəyimi bildiyindən həftənin 5 günü yox, 2 günü məndən dərs soruşurdu. 3-cü qrupa gedəcək uşaqlardan isə hər gün dərsə cavab istəyirdi. Çünki, həmin şagirdlərin özlərinə bu lazım idi. Sinifdə hamı mənim kimi idi, sadəcə gündəlik dərsləri “yola vermək” üçün oxuyurdular. Bir dərsi gərək 5-6 dəfə oxuyasız ki, yaddaşınızda qalsın. Amma biz müəllimlərə cavab vermək üçün 1 dəfə oxuyurduq”.
“Repetitorlara ən çox kim pul xərcləyib” yarışı
Rəhim gələn ay ali məktəbə imtahan verəcək. “Ən çox kimyadan çətinlik çəkirəm. Qavramaq bir az mənə çətindir. Bilirəm, imtahanda kimya suallarından az yazacam. Ümid edirəm, digər fənlərdə bu zəifliyi qapadacam. Əsas 8 ballıq fənlər olan fizika, riyaziyyata üstünlük verirəm. Yüksək bal yığmaq üçün onları yaxşı öyrənirəm. Əvvəllər fizikadan demək olar heç nə bilmirdim. Indi yanına getdiyim müəllim çox yaxşı başa salır. Attestat imtahanlarının suallarından riyaziyyat mənə çox asan gəldi. Çünki, bu fənni vaxtında oxumuşam. Müəllimim də tələbkar olub, öyrədib. Azərbaycan dili barədə isə sadəcə “normalam” deyə bilərəm. Ingilis dilindən də anlayışım yox idi. Indi 18-19 sualın cavabını düz yazıram. 4 ildir vaxtım hazırlıqlara gedir, başqa əyləncələrə zamanım yoxdur. Heç bayıra çıxa bilmirəm, ancaq evdə oturub bütün günü dərs hazırlayıram. İmtahanlara qədər də belə olacam. Uşaqlığımı yaşadım, yeniyetməliyimi yox. Ümid edirəm ki, ali məktəbə girəndən sonra gəncliyimi yaşamaq imkanım olacaq. O vaxt hazırlığım olmayacaq, sərbəstlik qazanacam. Əsas ali məktəbə girməkdir, yüküm yüngülləşəcək. Kompüter texnologiyaları üzrə təhsil almaq istəyirəm”.
Repetitorların qiymətləri ilə də maraqlandım. Rəhim: “sinfimizdə demək olar hamı hazırlığa gedir. 14 nəfər repetitorla məşğul olur. Bizim rayonda müəllimlərin hazırlıq qiyməti 40-50 manatdır, ondan ucuzu yoxdur. Hazırlığa ayda 200-210 manat pul ödəyirəm. O gün uşaqlar hesablamışdılar, sinif yoldaşım 2 ilə hazırlığa 7200 manat pul xərcləyib. O, 50 manata dərs verən müəllimlərin yanına gedir. Hələ mən dərslikləri, əlavə vəsaitlərin alınması xərclərini nəzərdə tutmuram. Məndə 2 fənn 50 manatdan, ayda 100 manatdır. 20 ayda bu 2000 manat edir. Iki fənn isə hər biri 40 manatdan, 20 ayda 1600 manat olub. Bir fənnən isə mən pul vermirəm, müəllim qohumumuzdur. Əvvəlki illərinkini də hesablasaq, məndə hazırlıq ümumilikdə 4200 manata başa gəlib. O biri sinif yoldaşlarımın hər birinin hazırlıq qiyməti isə 5000-5200 manat arasındadır”.
Attestata 1000 manat verib
Elnarə xanımın oğlu 9-cu sinfi bu il bitirdi. Deyir, indi attestat almaq üçün pul xərcləmək lazımdır. Elnarə xanım: “hələ ən ucuz qiymətlər deyirlər burdadır, ayda 100 manat repetitorlara pul ödəyirdim. Uşağımın atteastat imtahanına hazırlaşması üçün repetitorlara 1000 manata yaxın pul vermişəm. Əvvəllər elə bilirdik kollecdə tarixdən də imtahan var, 7 aydan çox da tarix müəlliminin yanına getdi. Axırdan-axıra tarixi dayandırdıq. 3 fənnən hazırlığa getmək uşağın özü üçün də çətindir. Sinifdə hamısı belədir. Uşaq hazırlığa gedirsə, o demək deyil ki, o, zəif şagirddir. Yaxşı oxuyanlar da repetitor yanına gedir. Dərsliklər çətindir, arada müəllimləri də yaxşı olmadı. Azərbaycan dili müəllimi zəif idi, valideyinlər ərizə yazdıq, başqa müəllim istədik. Müəllim dəyişdi, amma dərsin keyfiyyətində heç nə dəyişmədi. Yenə öz müəlliminin yanına individual hazırlığa qoyduq. Bugünkü imtahanlarda müəllim yanında hazırlaşanlar içəridən çıxanda sualların asan olduğunu dedilər, repetitorla hazırlaşmayanlar isə çətin olduğunu söyləyirdilər. Hazırlığa gedənlərdə özlərinə bir arxayınlıq vardı, getməyənlərdə isə güvənsizlik. Içəridən çıxanda oğlanlar qayğısız görünürdülər, qızlar isə hələ də həyəcanlı idilər. Valideyinlər uşaqlardan daha çox həyəcanlı idilər. Repetitorları da narahatdırlar. İmtahandan sonra müəllimlərinin ikisi də zəng vurub, oğlumla danışıblar ki, imtahanı necə verdi, hansı sualdan çətinliyi oldu, neçə cavabı düz yazdı”.
10 şagirddən 8-i repetitordan dərs götürür
Müşahidəmə görə əksəriyyət məktəb tədrisinə etibar etmir, uşaqlarını repetitora verir. 10 nəfərdən yalan olmasın, 7-8-i müəllim yanına gedir. Getməyənlər isə ya imkansızlardır, ya da uşağının təhsili ilə maraqlanmayanlar. Elnarə xanım: “əslində, biz də imkansızıq. Amma, uşağımın təhsili üçün yeməyimizə belə qənaət edirik. Bir neçə ildir mən özümə bir geyim almıram. Məktəbin direktor müavini məni “danışıqlar”a çağırıb, buraxılış olduğundan uşağın qiymətlərini düzəltmək üçün 200 manat pul istəyirdi. Sonra da irad tutdu ki, bu jaketi neçə illərdir sənin əynində görürəm. Ziddiyyətə baxın, həm imkansız olduğumu gözləri ilə görür, həm də məndən pul istəyir. Uşağı mərkəzdə oxuyan valideyin o gün şikayətlənirdi. Elə fənn var ki, hazırlığın qiyməti 70 manatdır. 11-ci sinifdə oxuyan oğlu 5 fənnən hazırlığa gedir. Qızı 9-cu sinifdədir, o da repetitor yanına gedir. Ayda bir neçə yüz manat onlara xərcləyir. Məktəb də onu boğaza yığıb, “ona pul yığ, buna pul yığ. Onu bunun başına, bunu onun başına qoya-qoya zülümlə ailə dolandırıram”, deyir. Biz də eyni vəziyyətdəyik. Yoldaşım neçə aydır işsizdir, mən ev xanımıyam, ancaq uşaqlarımla məşğul oluram”.
9-cu sinifdə siqaret də çəkir, spirtli içki də içir
Deyir ki, oğlu aşağı siniflərdə yaxşı oxuyurmuş. 8-ci sinfə gələndə artıq oxumağa marağı azalıb. 9-cu sinifdə isə övladını Azərbaycan dili, riyaziyyat, tarix fənlərindən hazırlığa qoyub. Onda da uşağın dərslərini oxumağa vaxtı qalmayıb. “Dərslər ağırdır. Tək mən yox, valideyinlərin hamısı şikayətlənir. Kitablar uşağı normal başa salmır. Ona görə hər kəs repetitor yanına gedir. Daha çox da riyaziyyatdan. Hazırlıqlar uşağı çox yorur. Tezdən saat 7-də qalxır, məktəbdən saat 2-də gəlir, sonra hazırlığa gedir. Bütün günü məşğuldur. Yorğun-arğın o biri dərslərini nə vaxt oxuyub çatdırsın? Məktəbdə uşaqlar da yaxşı davranış göstərmirlər. Siniflərində yaxşı tərbiyə almayan, valideyin nəzarətindən çıxan uşaqlar var. Onların təsirinə düşürlər. Bəzən sözü bir yerə qoyub dərs danışmırdılar. Biri öyrənmirsə, dərsi danışmaq istəyənlərə də imkan vermirdi. Uşağın dərsində oturmağa gedirəm, ağız deyəni qulaq eşitmir. Bilmirsiz ki, şagird nə dərs danışdı, müəllim nə qiymət yazdı. Ya da dərsdən qaçırdılar. Hətta pəncərədən belə qaçdıqları olub. O sinifdə siqaret çəkən şagird də aşkarlamışdlar. Keçən dəfə direktor müavini özü oğlanlardan birində siqaret tutduğunu dedi və siqaret qutusunu stolun siyirməsindən çıxarıb bizə göstərdi. 14-15 yaşında yeniyetmələr bir yerə yığışıb qəlyan çəkirlər. Bir dəfə kafeyə gedib spirtli içki də içibmişlər. Direktor müavini mənə irad tutur ki, oğlun çox tərbiyəlidir, amma bu onun zərərinədir. Səbəbini soruşuram, deyir, siniflərində nadinc olanlar çoxdur, o da onların yanında onsuz da təsir altına düşür. Odur ki, uşağını bir qədər sərbəst burax. Elələri var ki, bu yaşdan ehtiyacdan restoranda ofisiant işləyir. Gece işə gündüz dərsə gedir. Heç maraqlanan yoxdur ki, bu yeniyetmələr nə istəyirlər, nə üçün belə davranırlar, hansı ehtiyacdan bu yaşda işləməyə məcbur olurlar? Məktəb rəhbərliyini ancaq pul yığmaq düşündürür”.
Adlarını məktəbə yazdırıb dərsə getməyən gələcəyimiz
Elnarə xanım məktəbdəki tədris sistemindən narazıdır. Valideyin deyir ki, övladı zəif oxuyursa, bu, tək onun və uşağın günahı deyil. “Məsuliyyət ilk növbədə tədris müəssisəsinin üzərində olmalıdır. Ciddi bir sistem qurulmalıdır. Mən uşağıma oxumağı üçün psixoloji və ya fiziki təzyiq göstərə bilmərəm. Onların keçid dövrüdür. Niyə hər məktəbdə psixoloq işləyir, maaş alır? Hər şagirdlə individual məşğul olmalıdırlar. Uşaq oxumur, müəllimlər də fikir vermirlər. Dərslərində də gedib otururam. Müəllim nə olsun dərsini keçir? Ona qulaq asan var ki? Az qalırlar müəllimi döysünlər. Uşaq cavab verməyəndə müəllim fikirləşir ki, nə vecimə, mən dərsimi keçirəm. Uzaqbaşı yanıma hazırlığa gələcək. Sonda da məsuliyyəti valideyinin üzərinə atırlar. Məncə məsuliyyət bölüşülməlidir, təkcə məktəb, ya da təkcə valideyin məsuliyyət daşımamalıdır. Doğrudur, yuxarı siniflərlə işləmək çətindir. Amma, tədris sistemində bir dəyişiklik olmalıdır. Allah xatirinə, büdcədən məktəblərə ayrılan vəsaiti son qəpiyinəcən direktorlara versinlər ki, onlar da artıq təhsil barədə fikirləşsinlər, məktəbi hansı büdcədən idarə edəcəklərini yox”.
Məlumatıma görə, bəzi valideyinlər artıq 9-cu sinifdən uşaqlarını oxuduğu məktəbdən çıxardır, gözdən uzaq məktəblərə yazdırır. Şagird isə həftədə bir, ya iki dəfə dərsə gedir, qalan günlər repetitor yanına. Çünki, eyni vaxtda həm 5 fənnən hazırlaşmaq, həm də məktəbə getmək çətindir. Mən ən az 3 belə ailə tanıyıram. 9-cu sinifdən adlarını “qaçqın məktəbi”nə yazdırıb, sadəcə hazırlığa gedirlər. Bu cür məktəblərdə 3-4 şagird olur. Təhsil səviyyəsi necədir, bilmirəm. Komissiya da ayda-ildə bir dəfə yoxlamaya gələndə məktəbdə adları olanları oraya yığırlar. Jurnalda şagirdlərin adının çox olması “məktəb” rəhbərliyinə də sərfəlidir ki, TN onların işini ləğv eləməsin. Elnarə xanım da deyir ki, oğlunun sinfindən bəzi uşaqlar sentyabrdan adlarını başqa məktəbə yazdırıb, ali məktəbə hazırlaşacaqlarını deyiblər.