Qırğızıstanda (İssık-Kul) Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib.
Konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib.
Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak ediblər.
2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV konqresində fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov cəmiyyətin prezidenti seçilib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Qırğızıstandakı konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçilib.
Misir Mərdanov cəmiyyətin Fəxri Prezidenti, akademik Fikrət Əliyev cəmiyyətin vitse-prezidenti, professor Azad Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü seçiliblər.
Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin növbəti konqresinin 2017-ci ilin yayında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınıb.
Qazaxıstan tərəfinin ayırdığı 10 min ABŞ dolları məbləğində vəsaitin 6 min dolları Türk dünyasının görkəmli riyaziyyatçı alimi kimi akademik Muxtarbay Otelbayevə verilib.
2 min ABŞ dolları məbləğində II mükafat cəmiyyətin “Nəzəri və tətbiqi riyaziyyat “ jurnalının redaksiya heyətinə verilib.
Qalan 2 min ABŞ dollarının isə V konqresin Təşkilat Komitəsinə (Qırğızıstan) verilməsi qərara alınıb.