İqtisadiyyat və Sənaye Nazirliyi faizsiz kreditlə satış elan edən ticarət mərkəzlərində yoxlamalara başlayıb.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, Bakı da daxil olmaqla bölgələrdə monitorinq keçirilib. Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsindəki mağazada aparılan yoxlama zamanı bilərəkdən yalan reklam yayımlamaqla istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.
Belə ki, mağazanın vitrin pəncərələrində malların faizsiz kreditlə satılmasına dair reklam yerləşdirilməsinə baxmayaraq malın dəyərinin hissələrlə ödənişli satışı zamanı malın satış qiymətinə faiz tətbiq olunduğu aşkar edilib.
Nazirlik daha bir qanun pozuntusunu Sülh küçəsi, məhəllə 34, ev 20/13 ünvanında aşkarlayıb. Mağazaya məxsus reklam xarakterli bukletlərdə “Technom, Tələsin! Qiymətlərin ağını çıxartdıq”, “Technom, Tələsin! Qiymətlərdə endirim” və mağazaya məxsus küçə reklamında “Technom, tələsin, bayramda hər şey su qiymətinə, kreditlə alış-veriş et, hədiyyə qazan” məzmunlu reklamların yayımlanmasına baxmayaraq mağazada satışda olan malların qiymətinə heç bir endirimin tətbiq edilmədiyi və hədiyyə kampaniyasının həyata keçirilmədiyi aşkar olunub.
Bundan başqa, küçə reklamında kampaniyanın əhatə etdiyi dövr barədə heç bir məlumat verilmədiyi müəyyən edilib.
Nazirlik əhaliyə reklamlara aldanmamağı tövsiyə edib. Qanun pozuntusuna yol vermiş iş adamlarına qarşı tədbir görülüb.