Çoxmərtəbəli binaların təhvil verilməməsi sakinlər üçün problem yaradır. Bununla bağlı ekspertlər deyir ki, həmin evlərdə mənzil alan vətəndaşların hüquqları pozulur.
ANS TV-nin məlumatına görə, son illər paytaxtı cənginə alan binaların tikintisində canlanma müşahidə olunur. Bü gün həmin binalarda minlərlə insanların yaşamasına baxmayaraq hələ də bu binaların sənədləri yoxdur.
Bu gün paytaxtda son tamamlanma işləri aparılan çoxmərtəbəli binalar gözə dəyməkdədir. Son illər bir-birinin ardınca, özü də sürətlə tikilən yeni-yeni göydələnlərin həm mənfi, həm də müsbət tərəfləri var.
Bu binalar nə qədər rahat olsa da bir o qədər də problemlidir. Ən əsas problem isə bu gün çoxmərtəbəli binalarda yaşyayanların hələ də sənədlərə sahib ola bilməmələridir. Elə paytaxt sakini Zemfira xanım da deyir ki, bütün dost-tanış yeni binalarda ev alıb, amma hələ də sənədləri yoxdur.
Zemfira Məmmədovanın sözlərinə görə, qohumu çoxlu pul verib çoxmərtəbəli binadan ev alıb: “Amma neçə ildir ki, orda yaşayırlar, amma hələ də sənədləri yoxdur”.
Ekspert Vüqar Bayramov isə deyir ki, əslində evlərin təhvil verilməməsi mənzil sahibinin də hər hansı bir hüquqi sənəd almasında onun üçün problem yaradan əsas amillərdəndir. Belə olan halda vətəndaşın öz mənzilinə mülkiyyət hüququ praktiki olaraq tanınmır. Bir mənzilin bir neçə şəxsə satılması da məhz elə sənədlərin olmaması səbəbindən baş verir.
Vüqar Bayramov qeyd edir ki, yeni inşa olunan mənzillərin təhvil verilməməsi həmin mənzil sahibinin kredit almaq şansını da sıfıra endirir. Çünki həmin şəxs mənzilini banka girov qoya da bilmir.
İnşaata verilən icazə müddətinin uzun olması və bu sahədə proseduraların sayının kifayət qədər çoxluğu mənzillərə sənəd verilişini çətinləşdirir.
Hazırda paytaxtda 700 çoxmərtəbəli bina var. Onların da 85 faizinin sakinləri sənədsizdir.
[media=http://www.youtube.com/watch?v=SEEC71UMor8]