ABŞ professoru Rusiya-“əl-Qaidə” əlaqələrindən yazdı: “Zəvahiri Azərbaycandan keçib Dağıstana gedəndə...”

11-06-2014, 10:34   
ABŞ professoru Rusiya-“əl-Qaidə” əlaqələrindən yazdı: “Zəvahiri Azərbaycandan keçib Dağıstana gedəndə...”
ABŞ-ın Hərbi Dəniz Kollecinin milli təhlükəsizlik məsələləri üzrə professoru Jon Şindler nüfuzlu “Business İnsider” jurnalında Rusiya xüsusi xidmət orqanları ilə “Əl-Qaidə” beynəlxalq terror şəbəkəsi arasında mümkün əlaqə barədə sensasion məqalə ilə çıxış edib.

Müəllif Rusiya kəşfiyyatı ilə “Əl-Qaidə” arasında əlaqənin bir çox ölkələrdəki casuslar arasında “pıçıltı ilə danışıldığını”, ancaq bu haqda heç kimin indiyədək açıq bəhs etmədiyini bildirir.

ABŞ-terrorçuluqla mübarizə və milli təhlükəsizlik məsələləri üzrə aparıcı mütəxəssislərindən olan Jon Şindler iddia edir ki, Rusiya xüsusi xidmət orqanları ilə “Əl-Qaidə” arasında əlaqə hələ ötən əsrin 90-cı illərinin ortalarında qurulub. Lakin bu əlaqələrin detalları məlum deyil. J.Şindlerin yazdığına görə Üsəma bin Ladenin öldürülməsindən sonra 2011-ci ilin mayında “Əl-Qaidə” lideri olan misirli keçmiş doktor Ayman əs-Zəvahiri 90-cı illərin ortalarında yarım ilə yaxın Rusiya Federal Təhlükəsizlik Xidmətinin himayəsində olub. əz-Zəvahirinin həmin vaxt Dağıstanda 6 aya yaxın həbsdə olduğu məlumdur və müəllif iddia edir ki, o, məhz həmin vaxtda Rusiya xüsusi xidmət orqanları tərəfindən “verbovka” edilib.

Jon Şindler xatırladır ki, 1996-cı il dekabrın 1-də səhər saat 4 radələrində Zəvahiri Azərbaycandan keçib Çeçenistana getmək istəyərkən Dağıstanla sərhəddə saxlanılıb. Zəvahirinin avtomobilində Misirdən olan daha iki tanınmış radikal islamçı və Çeçenistanın o vaxtkı rəhbərliyində yer alan şəxs var idi.

Öz ölkələrində axtarışda olan misirlilər başqa ad altında Rusiyaya keçmək istəyirdilər. Zəvahiri “Abdulla İmam Muhammed Amin” adını daşıyırdı və Sudan pasportuna malik idi. Pasportunda həbs olunana qədər Yəmən, Malayziya, Sinqapor və digər ölkələrdə olduğunu təsdiqləyən ştamplar vurulmuşdu.

Əz-Zəvahirinin həmin iki yoldaşı Misirin “İslami Cihad” hərəkatının tanınmış nümayəndələri olub. Onlardan biri Ahmad Salam Mabruk “Bavari-C” ticarət firması adı altında “İslami Cihad” hərəkatının Azərbaycandakı fəaliyyətinə başçılıq edib. Digəri Mahmud Hişam əl-Hannavi isə Asiyanın bir çox yerlərində cihadda böyük təcrübə toplamış şəxs idi.

Federal Təhlükəsizlik Xidməti bu üç ərəbi intensiv şəkildə dindirib, bu arada bütün müsəlman dünyasının islam təşkilatları təəcüblü şəkildə onların müdafiəsinə qalxıb. 26 tanınmış islam xadimi Rusiyadan “günahsız biznesmenləri” azad etməyi xahiş edib, digərləri Rusiya hakimiyyətini onları həbs etməklə “şeytana xidmətdə” günahlandırıb.

Əz-Zəvahiri və digər iki misirli dindirmə zamanı FTX-yə biznes üçün Rusiyaya gədiklərini deyiblər. Onların üzərindən Honkonq, Malayziya, Çin və ABŞ-dakı bank hesabları barədə sənədlər, yeddi valyuta ilə böyük məbləğdə pul və portativ kompüter tapılıb. “Cənab Amin” kimi təqdim olunan əz-Zəvahirinin pasportunda qısa saqqallı, Qərb stilində geyinmiş orta yaşlı kişinin şəkli vurulmuşdu. O, müxtəlif vaxtlarda Qahirə universitetinin tibb fakultəsini bitirdiyinə dair iki sertifikat da təqdim edib. FTX-nin araşdırması müəyyən edib ki, Zəvahrini müşaiyət edən misirlinin istinad etdiyi “Bavari-C” adlı firma Azərbaycanda mövcud deyil.

Əz-Zəvahirinin həbsdən azad edilməsi üçün geniş kampaniya aparılıb və bu kampaniyaya Rusiyanın müsəlman təşkilatları da qoşulub. Sonradan Misirin “İslami Cihad” hərəkatının lideri olmuş ərəb mücahidlərindən Sarvat Salah Şehata (Tharwat Салах Shehata) “cənab Amini” həbsxanada ziyarət etməyə icazə alır və o, məhbuslara şifrəli məktub verir. Bu səfərdən sonra FTX iddia edir ki, ərəblərin kamerasında 3 min dollar pul tapılıb.

Nəhayət 1997-ci ilin aprelində iş məhkəməyə çıxarılanda “cənab Amin” israrla əmin edir ki, o, Rusiyaya “dərinin, tibb ləvazimatlarının və digər malların” qiymətini öyrənmək üçün gəlmişdi. Hakim isə onlara 3 il həbs nəzərdə tutan ittihamı rədd edərək ərəblərə 6 ay həbs verir, həbs müddəti bitdiyindən “cənab Amin” və digərləri məhkəmədən azadlığa buraxılır. FTX onlardan müsadirə edilmiş əşyaları və pulları geri qaytarır. Həbsdən azad olandan zonra Zəvahiri 10 gün ərzində Dağıstanda islamçılarla görüşlər keçirir. Hansı ki, onun regiona səfərinin əsas məqsədinin də məhz bu olduğu ehtimal edilirdi.

Tezliklə Zəvahiri bin Ladenlə ittifaq bağlamaq üçün Əfqanıstana yola düşür və onların arasında 1998-ci ildə yəhudilərə və xaçpərəstlərə qarşı birgə mübarizəyə dair razılaşma əldə olunur. Bununla da “Əl-Qaidə” yaranır və 2001-ci ilin 11 sentyabr hücumlarına gedən yol başlayır.

Sonralar Zəvahiri Rusiyada həbsdə olduğu 6 ay barədə öz bioqrafiyasında heç nə göstərmirdi. FTX isə bildiridi ki, onlar gələcək “Əl-Qaidə” liderini tanıya bilməmişdilər. FTX təmsilçisi bildirir ki, onlar 1997-ci ildə “cənab Amin”in kimliyini müəyyən edə bilməmişdilər, ancaq 2003-cü ildə müxtəlif məlumat bazalarını araşdıranda onun kimliyini üzə çıxarmaq mümkün olmuşdu.

Lakin J.Şindler hesab edir ki, bu işlə bağlı rəsmi versiyaya şübhə etməyə çoxlu əsaslar var. Çünki əz-Zəvahiri 1996-cı ildə Misir prezidenti Ənvər Sadata sui-qəsddə aparıcı rol oynamışdı və onun sui-qəsddəki rolu barədə beynəlxalq telekanallar geniş süjetlər vermişdilər. Bu baxımdan FTX kimi güclü xüsusi xidmət orqanının onu tanıya bilməməsi şübhə doğurur. Həmçinin FTX-nin Zəvahirinin notbukundakı sirləri aça bilməməsi də şübhəlidir.

Müəllif ehtimal edir ki, FTX Zəvahiriyə işgəncə verərək ondan lazım olan informasiyaları alıb, özünü isə “verbovka” edib. Baxmayaraq ki, Şindler bu iddia ilə bağlı hər hansı sübutunun olmadığını əlavə edir. Ancaq J.Şindler Londona qaçan və orada öldürülən keçmiş KQB polkovniki Aleksandr Litvinenkonun 2005-ci ildə verdiyi müsahibəyə istinad edir. Həmin müsahibədə Litvinenko deyib ki, Zəvahiri həmin altı ay ərzində faktiki olaraq Dağıstanda FTX-nin təlimini keçib və daha sonra Rusiya kəşfiyyatı onu bin Ladenin sağ əli olmaq üçün Əfqanıstana göndərib. “Mən FTX-nin həmin bölməsində işləyirdim və deməyə bütün əsasım var ki, Zəvahiri FTX ilə “Əl-Qaidə” arasında yeganə bağlayıcı şəxs deyildi” deyə Litvinenko bildirib. Bu müsahibədən təxminən bir il sonra Litvinenko öldürülüb.

J.Şindler Rusiyanın əz-Zəvahiridən əvvəl də sovet ənənələrinə uyğun olaraq Qafqazd radikal islamçılarla əməkdaşlıq etdiyini, çeçen səhra komandiri Şamil Basayevin Rusiya xüsusi xidmət orqanları ilə bağlılığının artıq heç kimdə şübhə doğurmadığını yazır. 1999-cu ildə Basayevin yaraqlıları Dağıstana hücum etdi və bu hücum Rusiyaya ikinci çeçen müharibəsini başlatmağa əsas verdi.

Müəllif Zəvahiri ilə birlikdə Dağıstanda həbs olunan qalan iki misirlidən biri Mahmud Hişam əl-Hənnavinin Qafqazda qaldığını, 2005-ci ildə Çeçenistanda öldürüldüyünü, Əhməd Salam Mabrukun isə 1998-ci ildə Azərbaycanda həbs olunaraq Misirə ekstradisiya edildiyini yazır. J.Şindler bildirir ki, bin Ladenin mücahidləri həmişə müxtəlif ölkələrin xüsusi xidmətləri ilə işləyiblər, ancaq heş vaxt onlardan hansısa birinin tabeçiliyinə keçməyiblər.

Qeyd edək ki, bundan əvvəl “Əl-Qaidə”nin ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair elə Amerikanın özündə çoxsaylı araşdırmalar aparılıb, faktlar ortaya çıxıb. Təkcə bunu qeyd etmək kifayətdir ki, bin Laden özü vaxtilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə Əfqanıstanda SSRİ-yə qarşı vuruşurdu. İndi “Əl-Qaidə”nin Rusiya ilə mümkün əlaqələrinə dair nəzəriyyənin ortaya atılması Moskva ilə Vaşinqton arasında yeni soyuq müharibə fonunda nəzərdən keçirilə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.